Mədəni irsimizə sahib çıxmadıqca... Mədəniyyət
Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Dəyərlərin olması hələ səninki demək deyil. Dəyərlər onda səninki olar ki, ona sahib çıxasan, qayğı göstərəsən. Təbliq edib yaymadığın, tanıtmadığın dəyərin elə sahibsiz kimidir. Sahibsiz olan nəsnə isə elə hamının deməkdir. Zaman-zaman sahib durmadıqların səndən uzaqlaşır, yadlaşır, son olaraq isə başqasının hesabına keçir.
Azərbaycan mədəniyyəti dünyada ən qədim köklərə malikdir. Çünki Azərbaycan dünyanın ilk insanın formalaşdığı azsaylı ərazilərdən biridir. Belə ki, Füzuli rayonu ərazisində yerləşən Azıx tapıntısı yaşının qədimliyinə görə Dünyada dördüncü tapıntıdır. Məlum olub ki, azıxantroplar bu ərazidə hələ 350-400 min il bundan əvvəl yaşayıblar. Sonrakı əsrlərdə də ekspansiyalara (ərəb, sasani, rus və s.) baxmayaraq mədəniyyətimiz inkişaf etib, yetkinləşib. Üç yüz il Sasani (Fars), üç yüz il Ərəb, iki yüz ilə yaxın Rus imperiyalarının əsarəti altında qalsa da mədəniyyətimiz ölmədi. Hər üç imperiya etnik dayaq yaratmaq, eləcə də türkdilli etnosları bu ərazidən sıxışdırıb çıxarmaq istəsələr də son olaraq özləri qaynayıb-qarışıb, türkləşiblər.
Yazıda heç də məqsədim mədəniyyətimizi mədh etmək deyil. Çünki bu kulturoloqların işidir. Əlbəttə haşiyə çıxım, mədəniyyəti araşdırmaq, nəzəri əsasları haqqında fikir yürütmək onların, amma qorumaq, yaymaq, sahib çıxmaq isə biz ümumun işidir. Yeri gəlmişkən, zaman-zaman formalaşan mədəni irsimizə sahib çıxmadıqca, yiyə durmadıqca, mədəni irsimizə arxa çevirdikcə ona özgələri sahib çıxır, yiyə durur, özünküləşdirirlər. Məclislər yaraşığı kamançamızı özəlləşdirdilər, abırımıza qısıldıq. Xoxol dostlarımdan biri profilində lavaş (fətir) haqqında məlumat verir, özüdə bilirsiniz hansı başlıqda, “armyanskaya kuxnya”. Başa salıram, deyir bilmədim, erməni dostu elə deyibmiş. Üzr istəyir. Allah Akif İslamzadəni qorusun, "Sarı gəlin"i elə ifa edib ki, hətta ingilis də bilir ki, mahnı bizimdir. Onu da özlərinə çıxmağa çalışdı ermənilər. Beynəlmiləlçiliyimizə qısıldıq. Bu gün isə qara zurnamıza sahib çıxıblar. Daha qaradan başqa rəng olmaz deyir atalar. Görəsən daha nələr var növbədə?
Xalqın mədəni irsi birdən-birə formalaşmır. Bunun üçün əsrlərin, zamanın sərt sınağı lazımdır. Ulularımıza rəhmət, bu hala gəlməyimizdən ötrü kim bilir nələrdən keçiblər. Şair Sabir Rüstəmxanlı yazır ki;
Sağ olsun ulularım,
Alovu ərşə çatan
Sönməz ocaq çatıblar.
Vətən, Vətən deməyib.
Vətəni ucaldıblar.
Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.
İtirə-itirə gedirik. Haçanacan? Sahib duraq mədəni irsimizə, dəyərlərimizə. Zaman-zaman formalaşan, əlimizdə-özümüzdə olan mədəni dəyərlərlə güclü, qüvvətliyik əzizlərim!
Malik Balaşov, publisist