Qazaxıstanın tanınmış rəssamı Mədəniyyət

Qazaxıstanın tanınmış rəssamı

Leyla Ahmet Osmanı Qazaxıstanda təqdim etməyə ehtiyac yoxdur. O, öz sənəti ilə uzun illərdir ki, həmvətənlərini sevindirir. Bu istedadlı sənətkarı artıq xaricdə də çox yaxşı tanıyırlar. Leyla Ahmet Osman daim Türkiyə, Polşa, Almaniya, ABŞ, Koreya, Rusiya və başqa ölkələrdə keçirilən böyük sərgilərdə öz əsərlərini nümayiş etdirir. O, əsərlərində türk xalqlarının mədəni irsinə, əsasən də türk mifologiyasına dayanan simvolları istifadə edir. Sənətkar daha çox türk xalqlarının mifologisiyanda olan maral, canavar, balıq kimi simvollara müraciət edir. Bu kimi əsərlər arasında “Anaqurd - Akbara”, “Türk dünyası” kimi əsərləri xüsusi yer tutur.

Lakin Türk mifologiyasının bütün simvolları arasında Leyla Ahmet tısbağaya ayrıcalıq verir. Qədim kosmoqoniyaya görə, Yer nəhəng dəniz tısbağasının arxası üzərində dayanır, buna görə də tısbağa kainat simvolu kimi təqdim olunur. Tısbağa ilə bağlı qədim mifologiyalarda belə maraqlı bir mif mövcuddur: Dəniz kənarında balıq tutan bir balıqçı bir gün dənizdən nəhəng bir tısbağanın çıxdığını görür. Tısbağanın qabığında rəqəmlərə oxşayan ləkələri fərq edir. Balıqçı bu rəqəmlərdən 15 rəqəmini toplayır və bunun uğurlu rəqəm olduğuna inanır. Bundan sonra balıqçı öz yaşadığı ölkədə bu uğurlu rəqəm sistemini tətbiq etməyə başlayır. Beləliklə, o, bu ölkənin hökmdarı olur və xalqına rifah və xoşbəxtlik gətirməyə nail olur.

Bildirək ki, həm Qazaxıstan, həm də ABŞ-də yaşayan Leyla Ahmet Osman 2010-cu ildə ABŞ-da “Lucky Turtle” (“Şanslı Tısbağa”) dizayn şirkətini açır və bu şirkətin simvolunu məhz türk mifologiyasının önəmli rəmzi olan tısbağanı seçir. Sözügedən brend altında qadınlar üçün müxtəlif bəzək əşyalarını istehsal edən Leyla Ahmet bu simvolun insanlara xoşbəxtlik gətirdiyinə inanır.

Qeyd edək ki, Sietl Mərkəzi Yaradıcılıq Akademiyasında (Seattle Central Creative Academy) bakalavr və Jurpenov adına Rəssamlıq Akademiyasında magistr dərəcəsini alan Leyla Ahmet Osman 2006-cı ildən Qazaxıstan Rəssamlar İttifaqının, 2010-cu ildən isə ABŞ Dizaynerlər İttifaqının üzvüdür.