Bu gün onun anım günüdür Mədəniyyət

Bu gün onun anım günüdür

Deyirdi ki:- “Mən beş yaşımdan səhnəyə bağlı olmuşam. Harada oxusam da, boş vaxtımı hər zaman səhnədə keçirmişəm. Bağçada, məktəbdə şeirlər demişəm, dram dərnəklərində tamaşalardan parçalar oynamışam. Həyatımın bir tərəfi oxumaqla, işləməklə keçibsə, digər tərəfində isə hər zaman incəsənət olub. Sonralar incəsənət mənim bütün varlığıma hakim oldu. Uşaq idim, məktəbdə rus sektorunda təhsil alırdım, amma evə gəlib qardaşımın doğma dilimizdə “Ədəbiyyat müntəxabatı” kitabını oxuyurdum. İnanmazsınız, Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxuyub əzbərləmişdim. Özümdən asılı deyildi, həmin əsəri çox sevirdim. Tale elə gətirdi ki, illər sonra Akademik Milli Dram Teatrında Xuraman obrazını oynadım, amma mənə həmişə Qacar, Vəli obrazları maraqlı olub.”
Azərbaycan Respublikasının xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdü, dövlət mükafatı laureatıydı. Prezidentin fərdi təqaüdünü alırdı. Qırx yeddi filmə çəkilmişdi. Sonuncu dəfə “Yuxu” filmində Xuşud obrazını yaratsa da, xəstəliyi ilə əlaqədar sonradan heç bir fimə çəkilmədi. Şəkər xəstəliyi onu ruhdan salmışdı...
Haqqında söhbət açdığım Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində dünya gəlib. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Və ötən müddətdə övladları olmayıb. 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
“Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.”- söyləyirdi.
Yaşasaydı noyabrın 6-da 80 yaşı tamam olacaqdı, təəssüf ki, bu gün onun vəfatından yeddi il ötür...
Ruhu şad olsun!
Dərin hüznlə, Elman Eldaroğlu