![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
Fevralın 23-də Müasir İncəsənət Muzeyində gənc rəssam Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın astrologiya və müxtəlif mövzularda yaratdığı 40-a yaxın rəsm əsəri nümayiş olunacaq.
Nərmin Sadıqovanın yaradıcılığında yeni bir səhifə açan bu sərgi astrologiya və incəsənətin sintezini təqdim edərək, onların qarşılıqlı əlaqələrini araşdırmağa imkan yaradacaq. Rəssam on iki bürcün mifoloji mənasını, planetar təsirlərini və simvollarını kətan üzərində bədii yanaşma ilə əks etdirib. Seçilmiş kompozisiya quruluşu, rəng palitrası və digər ifadə vasitələri ilə bürclərin fərdi xüsusiyyətləri vizual şəkildə təqdim edilir. Astroloji biliklərlə zənginləşdirilmiş əsərlərdə təsvir olunan elementlər kosmosla əlaqəni daha dərindən hiss etməyə imkan yaradır.
Nərmin Sadıqovanın yaradıcılıq üslubu müasir estetik meyilləri əks etdirərək, eksperimental və özünəməxsus xarakter daşıyır. O, portret, mənzərə, natürmort və digər janrlarda yaratdığı əsərlərlə izləyicilərə fərqli dünyagörüşü təqdim edərək onları düşünməyə təşviq edir.
Bu, Nərmin Sadıqovanın beşinci fərdi sərgisi olacaq və sənətsevərlərə bədii əsərlərin estetik gözəlliyini və astroloji simvolların dərin məzmununu kəşf etməyə imkan verəcək.
Sərgi martın 3-dək davam edəcək.