

“Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır.”
Deyirdi ki,- "Yaradıcılığımda xeyirxah adamların rolu az olmayıb. Onların arasında mənə yol açan, istiqamətləndirən, şeirlərim haqqında fikir söyləyənlər də olub. Yaxşı yadımdadır, şeirlərim "Ədəbiyyat qəzeti"ndə çıxmışdı. Dilçi alim Yusif Seyidov şeirlərimi oxuyub qəzetə açıq məktub yazmışdı. Məktub əsasən "Təndir" və "Daşyonan" şeirlərimin üzərində qurulmuşdu və bu şeirləri işıqlandırdığı üçün baş redaktora minnətdarlıq etmişdi. Ayaz Vəfalının bildirdiyinə görə, həmin ərəfədə redaksiyaya Nəriman Həsənzadə, Ələmdar Quluzadə, Qəzənfər Paşayev, Hüseyn Abbaszadə kimi böyük şairlər zəng vuraraq mənimlə maraqlanmışdılar. Mənə ən çox qayğı göstərən adamlardan biri də Fikrət Qoca olub. Haqqımda "Tanıdığım və sevdiyim şairə" adlı rəy də yazmışdı. Dəyərli alimimiz Qəzənfər Kazımova kitab vermişdim, şeirlərim haqqında “Kredo” qəzetində çox səmimi bir yazısı çıxmışdı. Xalq şairi Fikrət Sadiq isə "Payızın yanında gözlərsən məni" kitabım haqqında "Ədəbiyyat qəzeti"nə böyük bir məqalə çap etdirmişdi və s..”
Dostların elə bir tədbiri olmazdı ki, orada görünməsin. Hamıya doğması kimi yanaşırdı. Səmimi, insanpərvər, olduğu kimi görünməyi bacaran adam idi...
Bəli, bu gün sizə 2020-ci ildə vəfat edən şair, mərhum Fərqanə xanım Mehdiyeva haqqında söhbət açmaq istəyirəm. O, 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya gəlmişdi. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirmişdi...
“Atam məni orta məktəbdə oxuduğum illərində rayonun "Qələbə" qəzetinin "Kürün töhfəsi" ədəbi birliyinə aparırdı. Dərnəyə ədəbiyyat müəllimi, gözəl şeirlər müəllifi Cəfər müəllim rəhbərlik edirdi. Şeirlərim tezliklə həmin qəzetdə çap olunmağa başladı. Bir gün şair Zabil Pərviz "İstedad əsasdır" başlıqlı məqaləsi ilə məni oxuculara təqdim edib “uğurlu yol” yazdı. Dərnəyimizə Bakıdan tez-tez tanınmış yazarlar gəlirdi- Xəlil Rza, Ağacavad Əlizadə, Oqtay Rza. İlk şeirim 7-ci sinifdə oxuyarkən "Qələbə" qəzetində çap olunmuşdu. Xəlil Rza atama demişdi ki, bu qızdan gözəl şair çıxacaq. Onun bu sözləri mənim üçün bir stimul oldu. Və mən daha ürəklə yazmağa başladım. Düşünürdüm ki, hər gələn həftə keçən həftədəkindən daha yaxşı olmalıdır.”- söyləyirdi.
Yaradıcılığa erkən yaşlarından başlamışdı. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edirdi. İlk kitabı 1999-cu ildə işıq üzü görmüşdü. "Çəkdiklərim mənə bəsdi" adlı bu kitabından sonra, onun “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları da nəşr olunub...
Deyirdi ki:- “Tələbə vaxtı Musa Ələkbərlinin, Məmməd İsmayılın dərnəklərində iştirak etdim. Ötən əsrin 80-ci illərində radioda, "Bulaq" verilişində müntəzəm olaraq mənim şeirlərim səslənirdi. Bakı Mədəni Maarif Texnikumunda oxuyanda bir dəfə dəyərli alimimiz Qəzənfər Paşayev mənim bayatılar şeirimi bəyəndiyini söylədi. Ayaz Vəfalı da onunla idi və söylədi ki, bu şeir sabah "Ədəbiyyat qəzeti"ndə çap olunacaq. Səhəri gün qəzeti alıb həmin şeiri gördüm və çox sevindim. Bu hadisədən sonra şeirlərim müxtəlif ədəbi qəzet və jurnallarda mütəmadi çap olunmağa başladı. Ailə qurandan sonra yaradıcılıqdan bir az uzaqlaşdım. Bir müddət mətbuatdan uzaq oldum. Ədəbi mühitə yenidən "Pərvanə" ədəbi dərnəyinə qoşulandan sonra qarışdım. Ora gedib yeni şeirlərimi oxuyurdum, müzakirələr olurdu. "Ədalət" qəzeti dərnəyimiz üçün səhifə ayırmışdı, şeirlərimiz orda çap olunurdu. Mən lap orta məktəb, tələbəlik illərindən "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz" jurnallarını izləyirdim. Həmişə də arzu edirdim ki, mənim də şeirlərim bu qəzet və jurnallarda çap olunsun...”
Bəli, bu dünyada Fərqanə Mehdiyeva adlı bir şair də var idi. Amansız ölüm onu aramızdan tez aparsa da, dostlarının, sevənlərinin qəlbində, şeirlərinin sətirlərində həmişə var olacaq. Yaşasaydı fevralın 19-da Fərqanə xanımın 61 yaşı tamam olacaqdı. Ruhu şad olsun!..
Elman Eldaroğlu