Azərbaycanlı gənc dizayner Milan Moda Həftəsində uğurlu debüt edib Mədəniyyət

Azərbaycanlı gənc dizayner Milan Moda Həftəsində uğurlu debüt edib

Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc dizayner Qalib Həsənov Milan Moda Həftəsində (Milan Fashion Week - 2025) ölkəmizi uğurla təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onun bu nüfuzlu tədbirdə İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin də dəstəyi ilə “Institution” brendi altında təqdim etdiyi yeni kolleksiyası böyük maraq doğurub.

Qalib Həsənovun kolleksiyası 30 unikal geyimdən ibarət olub və hər bir dizayn onun müasir yanaşmasını, innovativ baxışını və incəsənətlə modanın sintezini nümayiş etdirib. Dizaynerin işləri zəriflik, struktur və konseptual ifadə gücü ilə fərqlənib. Xüsusilə, kolleksiyada Azərbaycanın zəngin mədəni irsini və estetik dəyərlərini əks etdirən milli motivlər geniş yer alıb.

Onun təqdim etdiyi geyimlər klassik və futuristik üslubların harmoniyasını özündə birləşdirərək həm sənətsevərlərin, həm də moda ekspertlərinin diqqətini çəkib. Eyni zamanda kolleksiyada milli kimliyə vurğu edilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Milan Moda Həftəsi dünyanın ən nüfuzlu moda tədbirlərindən hesab olunur və bu platformada solo debüt etmək istənilən dizayner üçün böyük nailiyyətdir.