

Mədəni irs, tarixi-mədəniyyət abidələri, əhalinin mədəni həyatının zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən xüsusi Yol Xəritəsi hazırlanır.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, əlçatan olan mədəniyyət ocaqlarının yaradılması strategiyası ilə bağlı hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 2681 kitabxana, 1995 mədəniyyət sarayı, mərkəzi, evi və klubu, habelə 210 musiqi məktəbi fəaliyyət göstərir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda əvvəllər mövcud olmuş mədəniyyət müəssisələrinin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulub.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın mədəniyyət sahəsi üzrə müvafiq bəndlərində nəzərdə tutulmuş 7 tədbir üzrə 2023-cü ilin dövlət büdcəsində Mədəniyyət Nazirliyi üzrə 8.2 mln. manat, 2024-cü ildə isə əvvəlki illə müqayisədə 0,7 mln. manat və ya 8% çox olmaqla 8.9 mln. manat vəsait nəzərdə tutulub.
Mədəni irsin qorunması və inkişaf etdirilməsi, tarixi mədəniyyət abidələrinin bərpası, yerli əhalinin mədəni həyatının zənginləşdirilməsi dövlət siyasətinin əsas prioritetləri kimi müəyyən edilib.
Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən xüsusi bir yol xəritəsinin hazırlanması və həyata keçirilməsi üçün işlər davam etdirilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni layihələrin həyata keçirilməsi üzrə işlər aparılır. Bu layihələr mədəniyyət, incəsənət, ədəbiyyat, innovasiya, əyləncə, təbliğat və digər sahələri əhatə edəcək. Burada müasir texnoloji yeniliklərin tətbiqi, “yaşıl enerji” ilə işləyən infrastrukturun yaradılması və smart texnologiyaların istifadə olunması planlaşdırılır.
Bildirilib ki, ölkədə mədəniyyət obyektlərinin tikintisi, təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün Mədəniyyət Nazirliyinə 2024-cü il dövlət büdcəsinin investisiya xərclərindən 2,8 mln. manat vəsait ayrılıb.
Qeyd edilib ki, Cocuq Mərcanlı kəndində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin filialı fəaliyyət göstərir, həmçinin Cəbrayıl Memorial Kompleksi və Döyüş Muzeyinin yaradılması istiqamətində işlər aparılır. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən respublikada muzeylərin fəaliyyətinin optimallaşdırılması, yeni muzeylərin yaradılması və daha təkmil muzey işinin təşkili istiqamətində işlərə başlanılıb.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Lələ-Təpə yüksəkliyində muzeyin yaradılması ilə bağlı təklifə cavab olaraq bildirilib ki, yeni muzeylərin yaradılması məsələsinə aparılan islahatlar çərçivəsində növbəti illərdə baxılacaq.