Zalsburq Azərbaycan Evində Novruz şənliyi keçirildi Mədəniyyət

Zalsburq Azərbaycan Evində Novruz şənliyi keçirildi

Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində möhtəşəm Novruz şənliyi baş tutdu. Tədbir Avstriyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıları bir araya gətirərək, milli dəyərlərimizin qorunmasına və təbliğinə xidmət etdi.

Tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov məclis iştirakçılarını Novruz bayramı və qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi. O, Novruzun əcdadlarımızdan bizə miras qalan ən qədim bayramlardan biri olduğunu, birlik, dostluq və həmrəylik rəmzi kimi xüsusi önəm daşıdığını vurğuladı. Eyni zamanda, qürbətdə yaşayan soydaşlarımızın vətəndən uzaqda olsalar da, milli adət-ənənələrimizi yaşadıb gələcək nəsillərə ötürməsinin vacibliyindən danışdı.

Şənlikdə Novruzun ənənəvi atributları - səməni, boyanmış yumurtalar, şamlar və xüsusi bəzədilmiş bayram süfrəsi qonaqların diqqətinə təqdim olundu. Tədbirdə iştirak edənlər üçün Novruzun əsas simvollarından olan paxlava, şəkərbura, qoğal kimi milli şirniyyatlar və Azərbaycanın zəngin mətbəxinə aid müxtəlif təamlar təqdim edildi.

Bayram tədbiri yalnız ləziz təamlarla deyil, eyni zamanda, maraqlı proqramlarla yadda qaldı. İştirakçılar üçün milli rəqslər, muğam ifaları və xalq mahnılarından ibarət möhtəşəm musiqi proqramı təşkil edildi. Gənclər və uşaqlar üçün Novruz oyunları, o cümlədən yumurta döyüşdürmə və müxtəlif əyləncəli yarışlar keçirildi. Tədbirdə çıxış edən qonaqlar Novruzun xalqımız üçün əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin soydaşlarımız arasında birliyi möhkəmləndirdiyini qeyd etdilər.

Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdirərək, bayramın coşqu dolu atmosferini əbədiləşdirdilər. Şənlik xoş ovqat və Novruzun sevinc dolu ruhu ilə yekunlaşdı. Bu cür tədbirlərin Avropada yaşayan azərbaycanlıların milli-mədəni kimliyini qoruyub saxlamasına və gələcək nəsillərə ötürməsinə mühüm töhfə verdiyi bir daha öz təsdiqini tapdı.