Pəri Miniatür – Atəşgahda sənət səltənəti Mədəniyyət

Pəri Miniatür – Atəşgahda sənət səltənəti

Bir neçə gün öncə Atəşgahda "Pəri Miniatür" rəsm kursu fəaliyyətə başlayıb.

Rəssam Pəri Miniatür açılış günü ilə bağlı fikirlərini xalqcəbhəsi.az ilə bölüşüb: "Kursun açılışının bayram günlərinə düşməsinə baxmayaraq çox dəyərli qonaqlarımız zamanını ayırıb bizim işığımıza yığışmışdı. Verdikləri bu dəyərə görə gələn hər kəsə çox təşəkkür edirəm. Onu da deyim ki, kurs üçün maraqlanan valideynlər də gəlmişdi. Məclis başlamadan öncə mən söylədim ki, kim nə istəyirsə çəksin, sonda biz sizi mükafatlandıracağıq. Onlar da həm mükafata görə, həm də elə öz qabiliyyətlərini göstərmək üçün maraqla çalışdılar. Sonda həmin uşaqlara hədiyyə verdik. Açılışda musiqili qonağımız Röyal Musa da vardı. Yəni, bir sözlə, açılışa gələn hər kəsin xoşuna gəldi, çox maraqlı oldu".

Bildirək ki, sözügedən kurs həm yeni başlayanlar, həm də sənətdə dərinləşmək istəyənlər üçün açıqdır. Tarixi sənətə vurğun olanlar, incə detallara həssas yanaşanlar və öz dünyasını fırça ilə yaratmaq istəyən hər kəs burada özünü tapacaq.

Kursa qatılanlar burada rəsm və rəngkarlığın sirlərini, miniatür sənətinin əsaslarını, tarixi miniatür məktəblərinin texnikalarını, qızıl, təbii boyalar və mürəkkəblərlə işləməyi, istənilən mövzuda və müxtəlif səthlər üzərində art terapiya rəsm texnikalarını öyrənəcəklər.

Onu da qeyd edək ki, "Pəri Miniatür" orta əsrlər miniatür sənətini müasir dünya ilə sintez edən, xəyal və reallığın iç-içə keçdiyi unikal bir kursdur. Burada hər fırça zərbəsi, hər rəng qədim irsin müasir dünyada yenidən doğuluşuna çevrilir.

Röya İsrafilova