15 yaşından teatrda çalışan xalq artisti... Mədəniyyət

15 yaşından teatrda çalışan xalq artisti...

Bir vaxtlar aktyorları ölkə miqyasında bədii filmlər, teletamaşalar məşhurlaşdırırdısa, indi bunu geniş tamaşaçı kütləsinin xüsusi maraqla izlədiyi seriallar əvəz edib. Bu gün sizə müxtəlif seriallardan tanıdığınız, teatr və kino aktrisası, xalq artisti Pərvanə Qurbanova haqqında söhbət açmaq istəyirəm. Pərvanə xanım 2 aprel 1965-ci ildə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Burada o, böyük sənətkarlardan- Ələddin Abbasov, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev, Zülfüqar Baratzadə kimi görkəmli sənətkarların əhatəsində olub, onlardan dərs alıb, teatrın sirrlərini öyrənib. İndiyədək bu teatrın səhnəsində yüzdən çox əsərdə rol oynayıb...
Deyir ki:- “15 yaşımdan, düz 45 ildir ki, Gəncə teatrında işləyirəm. Gözümü açandan təsadüfən sənətin içinə düşmüşəm. İnşaatçılar sarayına fortepiano kursuna gedirdim. Böyük rejissorumuz rəhmətlik Hilal Həsənovun orda dram dərnəyi vardı. Yeni il şənliyi keçirilirdi, orda sülh göyərçinini oynamaq üçün qız axtarırdılar. Hilal müəllim dedi ki, evdən icazə al, gəl. İstəmirdim, direktorumuz deyəndə ki, kim səhnəyə çıxıb oynasa, onu bir il müddətinə imtahanlardan azad edəcəm, çox sevindim. Onda anam artıq yox idi, atama dedim, icazə verdi. Nə isə, səhnəyə çıxıb şeirimi dedim və hamı məni qucaqlayıb öpürdü, alqışlar susmurdu. Məni maraqlandıran bir o idi ki, imtahanlardan azad olacam. Sonra o dərnəkdən uzaqlaşa bilmədim. Səməd Vurğunun “Komsomol poeması”nı hazırlayırdılar, mənə Humay rolunu verdilər. Gəncə teatrından sənətkarlar gəlmişdilər tamaşamıza. Teatrın baş rejissoru Yusif Bağırov, Məmməd Bürcəliyev, Bakıdan da teatr aktyorları gəlmişdilər. Ən yaxşı qız ifaçı kimi mənə mükafat verdilər. Yusif Bağırov məndən soruşdu ki, qızım, teatra gəlmək istəyərsən? Dedim, yox. Dedi, maaş alacaqsan, səhnədə böyük sənətkarlarla oynayacaqsan. Razılaşmadım. Atamı da itirəndən sonra, çox çətin oldu. Evdə iki qardaşım və mən qalmışdıq, yaşamalı idik axı. Qardaşım da əsgərlikdə idi. Axırda getdim, özüm xahiş etdim ki, məni işə götürün. Götürdülər, belə başladı peşəkar səhnədə yolum. İnsanlar var, öz həyat yollarında oldu-olmadı əzabkeşliklərini, əziyyətlə həyat yaşadıqlarını sərgiləyib, ondan istifadə edirlər. Mən məktəbdə oxuyurdum, atamın vəfat etdiyini heç kimə demədim ki, bilməsinlər, kiminsə mənə yazığı gəlməsin...”
Teatr Xadimləri İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatıdır. On iki il ard-arda Prezident Mükafatına layiq görülüb...
“Ölkəmizdə ilk çəkilən seriallarda mən də rol almışam. Buna görə rejissor Rövşən İsaxa təşəkkür edirəm. Uzun illərdir ki, Gəncə Dövlət Dram Teatrında işləyirəm. Gəncədə tanınmağıma baxmayaraq, seriallardan sonra daha da məşhurlaşdım. Amma ilk çəkildiyim film 1992-ci ildə "Xocalı harayı" filmi olub.”- söyləyir.
Bəli, Pərvanə Qurbanovanın milli kino sahəsində xidmətləri az olmayıb. Onun çəkildiyi filimlərdən "Sarı gəlin", “Acılar bitməz”, “Cavad xan” filmlərini, o cümlədən “Pərvanələrin rəqsi”, “Döngələr”, “Toy gecəsi”, “Yuxu kimi” və “Köhnə çamadanlar” adlı teleserialları nümunə göstərmək olar...
Deyir ki:- “Ata-anasız qaldığıma görə ali təhsil ala bilmədim. Ancaq bu gün özünü bilməyən, ümumiyyətlə sənətdən xəbəri olmayan, ali təhsil alıb təsadüfən teatra düşən istedadsız insanları görəndə təsəlli tapıram. Əlbəttə, ali təhsilim olsaydı daha yaxşı olardı. Amma nə etmək olar, qismət deyilmiş...”
Gəncəni çox sevir. Bakıya köçməyə dəfələrlə imkanı yaransa da Gəncəni tərk etməyib. Gəncədən ayrı qala bilmədiyini, söyləyir. Elə bilir ki, Gəncədən uzaq düşsə, kökü susuz qalan ağac kimi tez quruyar...
“Övlad kimi də yarım qalmışdım, qadın kimi də. 15 yaşından üzərinə valideyn yükünü götürüb çəkən qızcığaz nə zaman rahat nəfəs ala bildi ki... İndi də balamıza “burda belə etmə, belə məsləhətdir”- deyirik. Mənə bunları deyənim olmadı, özüm yıxılıb, özüm durdum həyatda. Heç əlimdən tutanım, “qorxma, qalx” deyənim də yox idi. Aktrisa olmağın da çətinliyi üstəlik. Üst-başımın köhnəliyini də üzümə vuranlar olurdu aktrisa həmkarlarımdan. “Belə gözəl-göyçək qız nimdaş palto içində” deyən aktrisaya dönüb “təzə gödəkçəniz sizə çox yaraşır, mübarəkdir” demişəm. İndi bu yaşımda bəlkə onu bacarmaram. Çox şükür hər günə...”- söyləyir.
Bəli, həyat çox qəribədir. Kimisinə cənnət səfasını yaşadır, kimisinə də cəhənnəm əzabı çəkdirir. Amma nə yaxşı ki, yaman günün ömrü az olur. Bəlkə də, məhz bu qeyrətinə, qatlaşdığı çətinliklərə görə, Allah Pərvanə xanımı mükafatlandırıb, onu sənətin zirvəsinə qaldırıb, tamaşaçı məhəbbəti qazandırıb…
Aprelin 2-si xalq artisti Pərvanə Qurbanovanın yubileyidir. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu