Stokholmda Azərbaycan klassik musiqisi konserti keçirilib Mədəniyyət

Stokholmda Azərbaycan klassik musiqisi konserti keçirilib

Stokholmdakı Müqəddəs Mixail (Mikaelikyrkan) kilsəsində Azərbaycan klassik musiqisi konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, 100-ə yaxın diaspor nümayəndəsi və İsveçin müxtəlif şəhərlərindən xarici qonaqların iştirak etdiyi konsert Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyəti tərəfindən təşkil olunub.

Cəmiyyətin sədri Səadət Kərimi konsertdən əvvəl çıxış edərək zala toplaşanlara məşhur Norveç alimi və səyyahı Tur Heyerdalın diqqətini çəkən Qobustanın qədim tarixi və petroqliflər barədə məlumat verib. O qeyd edib: “Cəmiyyətimizin üzvləri hüquqşünaslar, musiqiçilər, həkimlər və alimlərdən ibarətdir. Hər birimiz İsveç ilə Azərbaycan arasında körpülərin qurulması üçün səy göstəririk”.

O, həmçinin Azərbaycan klassik musiqisindən, onun banisi Üzeyir bəy Hacıbəylidən, milli bəstəkarlıq məktəbinin formalaşmasında mühüm rol oynamış Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Tofiq Quliyev kimi görkəmli bəstəkarlardan bəhs edib.

Sonra türkiyəli opera müğənnisi Burcu Kuru Azərbaycan klassik musiqisinin parlaq nümunələrini ifa edib. Tamaşaçılar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızlar xoru”nu, Fikrət Əmirovun eyniadlı operasından Sevilin ariyasını, eləcə də Asəf Zeynallının “Ölkəm” romansını böyük maraq və həvəslə qarşılayıblar. Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı onların xahişi ilə iki dəfə ifa olunub.

Proqramın qonağı qismində Höteborqdan olan tarzən çıxış edib. O, Səid Rüstəmovun “Oxu tar” və Vasif Adıgözəlovun “Qərənfil” kompozisiyalarını ifa edib. Musiqi əsərlərini fortepianoda Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Frankfurt-Mayn Ali Musiqi və Teatr Məktəbinin (HfMDK)məzunu, İsveçdə yaşayan Aynur Məlikova müşayiət edib.

Konsert sürəkli alqışlar, təşkilatçıların və ifaçıların ünvanına minnətdarlıq sözləri ilə başa çatıb.