Dünyanın tanınmış pop ulduzu Justin Timberlake ilk dəfə Azərbaycanda çıxış edəcək Mədəniyyət

Dünyanın tanınmış pop ulduzu Justin Timberlake ilk dəfə Azərbaycanda çıxış edəcək

Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsert iyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

“iTicket Production” və “Dream Group International” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək konsertin biletləri aprelin 14-də saat 12:00-da rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında satışa çıxacaq.

Qeyd edək ki, Justin Timberlake musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.

90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberlake qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Justin ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.

Justinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış edib.