Yüksək mədəniyyəti, mehriban davranışı ilə ürəkləri fəth edən Məryəm xanım... Mədəniyyət

Yüksək mədəniyyəti, mehriban davranışı ilə ürəkləri fəth edən Məryəm xanım...

Məryəm Əlizadə- 75

Bu gün sizə aprelin 14-də 75 yaşını qeyd edəcək teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə haqqında söhbət açmaq istəyirəm. Bu məqsədlə araşdırma aparıb, xeyli məlumat da toplamışam. Məryəm xanım müsahibələrinin birində söyləyib:
“Doqquzuncu sinifdə oxuyurdum. Qəfildən televizorda bir söhbət diqqətimi cəlb elədi. Bir kişi özünün Vatikan səfərindən danışırdı. O elə heyranlıqla, elə aludəliklə danışırdı ki, mənə elə gəldi ki, sanki o adam əlimdən tutub, məni də həmin yerləri gəzdirdi. Sonra gördüm ki, titrlərdə yazılıb: Cəfər Cəfərov – teatrşünas. Həmin dövrdə ailəvi, uşaqlarla birlikdə tamaşalara getmək ziyalılığın göstəricisi idi. Hər şənbə-bazar insanlar teatra gedirdilər. Bu, mədəni həyatın bir tələbi idi. Bizim ailə də belə ailələrdən biri idi. Teatrı nə qədər sevsəm də, teatrşünaslığın nə olduğu barədə heç bir təsəvvürüm yox idi. Böyük qardaşım, professor Əbdül Əlizadədən Cəfər Cəfərovun kim olduğunu soruşdum. Dedi ki, o çox böyük şəxsiyyətdir. Və onunla maraqlandığımı görüb, mənə onun kitablarını, teatrşünaslıq barədə materiallar tapıb gətirdi. İndi də içimdə ona qarşı böyük bir minnətdarlıq hissi var ki, o məni bu dünya ilə tanış elədi. Doqquzuncu sinfi bitirəndə mən artıq bilirdim ki, teatrşünas olacağam. Amma atamla anam həkim olmağımı istəyirdilər. Qardaşım mənə arxa oldu: dedi ki, onun həvəsi teatrşünaslığadı, qoyun bu işin dalınca getsin. Orta məktəbi qızıl medalla bitirdim. İstədiyim universitetə imtahan vermədən gedib oxuya bilərdim. Əlimdə tibb, hüquq kimi fakültələrdə oxumaq imkanı vardı. Mənsə ancaq teatrşünas olmaq istəyirdim. Beləliklə, 1968-ci ildə Teatr İnstitutuna qəbul olundum.”
Şair, jurnalist, publisist, tərcüməçi Günel Mövlud onun haqqında yazır:- “Universitetdə oxuduğum illərdə Məryəm xanım mənim müəllimim olub. O qədər nəzakətli qadın idi ki, ondan ötrü ürəyimiz gedirdi. İkinci kursdan sonra Məryəm xanımın evində tez-tez qalırdım. Məryəm xanım bilirdi ki, Sumqayıtdan gəlirəm, hər gün çox yolpulum çıxır, ailəmin də imkanı yoxdur. Buna görə, hər bəhanə ilə məni yanında saxlayırdı. Mən onlarda qalarkən bir neçə dəfə evinə qonaq gəldi. Yüksək vəzifədə olan adamlardı, bəlkə etik olmaz deyə, dəqiqləşdirmirəm. Məryəm xanım bu adamlara elə qulluq edir, elə nəzakətlə danışırdı ki, ürəyimdə düşünürdüm, yəqin onlardan çəkinir. Bir gün Məryəm xanım evini dəyişdi. Əşyalarını təzə köçdüyü evə daşımaq üçün fəhlələr tutmuşdu. Adamlar hər şeyi daşıyandan sonra Məryəm xanım onlardan oturmalarını xahiş etdi. Fəhlələrin hamısına, cavan-cavan uşaqlara "siz" deyə müraciət edirdi. Onlara çay süzdü, çaylarına öz əli ilə limon sıxdı. Qalxıb, harasa gedəndə, ya telefonuna zəng gələndə fəhlələrdən üzr istəyirdi. Müqayisə apardım və Məryəm xanımın evinə gələn vəzifəli adamlarla danışığı və bu fəhlə uşaqlarla davranışı arasında zərrəcə fərq tapmadım. Onda anladım ki, başqasına qarşı nəzakətli, hörmət dolu olmaq insanın başqalarına qoyduğundan daha çox, özünə qoyduğu qiymət, dəyərdi...”
Məryəm Əlizadə 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb. Sonra bir müddət Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Teatr tarixi kafedrasında müəllim, baş müəllim, dosent və professor vəziflərində çalışıb. 2005-2015-ci illərdə Teatrşünaslıq kafedrasına iki dəfə ard-arda müdir seçilib. 2015-2020-ci illərdə isə Elm və yaradıcılıq işləri üzrə həmin universitetin prorektoru olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professorudur...
“Mən instituta girəndə qəfildən mənə elə gəldi ki, mən mədəniyyət okeanına düşmüşəm. Həmin dövrdə kimlər yox idi orada? Rza Təhmasib, Turan Cavid, Mehdi Məmmədov, Tofiq Kazımov, Cəfər Cəfərov, bir sözlə, hərəsi bir dünya olan dahilər dərs deyirdi. Bu adamlarla təmas məni daxilən çox zənginləşdirdi, formalaşdırdı. Mən o vaxta qədər azərbaycandilli məktəbdə oxumuşdum. Məktəbdə müəllimlə şagird arasında az qala uçurum vardı. institutda isə pedaqoqla tələbə arasında elə bir azadlıq gördüm ki, mən ilk dəfə münasibətlərdə azadlıq nədi, bunu anladım. O böyük insanlar tələbələri özlərinə elə yaxın buraxırdılar, onlara münasibətlərdə elə azad olmağı öyrədirdilər ki, mən heyran qalırdım. Mən dördüncü kursda oxuyanda bizə Cəfər Cəfərov dərs deməyə başladı. Həmin vaxt başa düşdüm ki, mən hələ nə qədər ibtidai qatda imişəm. Onunla bir saatlıq söhbət, bir kitabı oxumağa bərabər idi. O bizə azad düşünməyi, sözünü azad deməyi, fikirlərini azad ifadə eləməyi öyrətdi. O bizə öyrətdi ki, insan ilk növbədə subyektiv düşünməyi bacarmalıdır. Mühakimələrini ələməli, sonda obyektiv qərara gəlməlidir. Nəhayət, o bizə sevməyi öyrətdi. Deyirdi ki, siz müəllifi, aktyorları sevmədən yaza bilməzsiniz. Onlara heyran olmaq lazımdı. Tənqid edəndə belə, bu tənqidin kökündə sevgi durursa, sizi anlayacaqlar. Cəfər müəllimin o vaxt içimə atdığı o sevgi toxumu bu gün də artmaqda davam eləyir. Mən bu gün də tələbələrimə öyrədirəm ki, teatrşünas teatr barədə hökmlər verən adam deyil. O teatra, aktyora, dramaturqa, rejissora xidmət edən mütəxəsisdir.”- söyləyir.
Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. "Əhməd Ağdamski" və "Həbib bəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında dərc olunub...
Deyir ki:- “Sovet dövrü ziyalıların maddi təminatı vardı. Normal maaş, vaxtlı-vaxtında ev, elmi dərəcələrə görə maaş artımı və s.. Keçid dövründə qəfildən ziyalıların vəziyyəti elə oldu ki, biz hansısa ölkəyə gedəndə maaşımızın miqdarını deməyə utanırdıq. Təsəvvür edin ki, bizim indiki pulla yeddi manat maaş aldığımız vaxtlar olub. Həmin vaxtlar məni bir neçə dəfə Türkiyəyə işləməyə dəvət ediblər. Amma getmədim- çünki o cüzi maaşla bərabər indi bizim azadlığımız da var idi. Az maaş ala bilərdik, amma artıq müstəqil ölkənin ziyalıları idik. İndisə artıq mədəniyyət, incəsənət adamlarına qayğı var. hər şey müqayisəyə gəlməz dərəcədə yaxşılaşıb. Və biz o ağır illərdə belə azadlığımızın qədrini bilmişiksə, deməli problemlərin qat-qat azaldığı bu dövrdə də bilirik...”
2023-cü ildə qardaş Türkiyədə baş verən məlum zəlzələnin nəticələrindən həyacanlanaraq, qəflətən insult keçirib. Necə deyərlər, şükür Allaha ki, sağlamlığı bərpa olunub, fəaliyyətini davam etdirir...
Bəli, yüksək mədəniyyəti, mehriban davranışı, kübarlığı, eləcə də elmi, işıqlı zəkası ilə onu tanıyanların qəlbində yuva qurmağı bacaran professor Məryəm xanım Əlizadənin aprelin 14-də 75 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, can sağlığı, ağrı-acısız günlər, xoş əhval-ruhiyyə arzulayıram.
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu