

“Azərbaycanın uğurlarını ölkə daxilində, eləcə də qlobal miqyasda istəyənlərlə yanaşı, gözü götürməyənlər var. Bu, ölkəmizin siyasi-iqtisadi, hərbi məsələlərindən tutmuş, elmi-mədəni, təhsil, səhiyyə və sair mühitə aiddir. Sağlam, xoşniyyətli adamların yaşadığı dünyada bədxahların mövcudluğu təəssüf doğurur. Di gəl, buna təbii hal kimi baxmaq lazımdır. Bəşər övladı bir-birindən fərqli olduğundan niyyətləri də eyni deyil”.
Bu barədə tanınmış sənətşünas Seymur Elsevər deyib.
Onun sözlərinə görə, dörd il yarım bundan əvvəl torpaqlarımızın işğaldan azad olunması prosesi başladı:
“Təqribən üç yüz illik Azərbaycan tarixində Nadir şahdan üzü bəri biz torpaq itirə-itirə gəlmişik. Allahdan şəhidlərimizə rəhmət, ölkə başçımıza, qazilərimizə, qələbəmizin qazanılmağında əməyi keçən hər bir kəsə cansağlığı diləyirəm. Torpaqlarımızı işğaldan birgə səyimizin nəticəsində azad etdik. Bu zəfər böyük tarixi nailiyyətdir. Ərazimiz 90 min kvadrat kilometrdən də az, BMT-nin tanıdığı sənədlərdə 86 600 kvadrat kilometrdir. Torpaqlarımızın tam bərpası üçün bir neçə kəndin işğaldan qurtulmağı prosesi üzərində fəallıq hamıya bəllidir. Sözümün canı odur ki, Prezident böyük işlər görür. Onun bu gün əsas fokuslandığı məsələ xarici siyasətdir. Çünki hələ danışıqlar prosesi davam edir, sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış planının həyata keçirilməsi və sairlə əlaqədar ciddi işlər gedir. Ölkə rəhbərinin hazırkı qayğışı məhz bu problemləri həll etməkdən, qarışıq dünyamızda Azərbaycanın siyasi sabitliyini qoruyub saxlamaqdan ibarətdir”.
Müsahibimiz qeyd edib ki, hər bir vətəndaşın bacardığı işi layiqincə görməsi, müəyyən töhfəni əsirgəməməsi arzuolunan məsələdir:
“Biri qələmi, o biri müəllimliyi, digəri mühəndisliyi, həkimliyi ilə üzərinə düşəni etməlidir. Mədəniyyət naziri Adil Kərimli hökumətin üzvüdür, siyasi vəzifə daşıyır. Dövlətin tapşırıqlarını yerinə yetirir. Ətrafında cəm olan şəxslər də bir komanda kimi vəzifə məsuliyyətlərinin, hansı vacib missiyaya cavabdehliklərinin fərqindədirlər. Nəinki teatr, eyni zamanda bütövlükdə mədəniyyətlə əlaqədar köklü dəyişikliklər, islahatlar aparılmalıdır. Bu istiqamətdə çalışdıqları, işlərin görüldüyü deyilir. 2040-cı ilə qədər dövrü əhatə edən mədəniyyət konsepsiyası hazırlanır. Tətbiqi üzərində iş getdiyi söylənilir. Nazirin ətrafında müavinləri Murad Hüseynov, Səadət Yusifova, Fərid Cəfərov, aparat rəhbəri Mustafa Abbasbəyli kimi rəhbər heyət təmsilçiləri, Cahangir Səlimxanov, Oleq Əmirbəyov, Mənzər Nurəliyeva və başqalarının şəxsində musiqi, teatr, dövlət əhəmiyyətli tədbirlərin təşkili və sair məsələlər üzrə təcrübəli əməkdaşlar çalışırlar. İslahat məsələsi bir günün işi deyil. Hələ sovet dövründən yığılıb qalmış problemlər var. Bütövlükdə bizim incəsənət və mədəniyyət anlayışlarını dərk etməmiz, inkişafımızı şərtləndirən təməl prinsiplərə söykənməyimiz vacibdir. Bunlarsız problemləri aradan qaldırmaq, vəziyyəti yaxşıya doğru dəyişmək çətindir. Bir neçə il vaxt tələb edən məsələlərin həlli üçün qüvvələrin səfərbərliyi qaçılmazdır. İnanıram ki, bu yöndə çalışma öz nəticəsini verəcək. Hər şeyi gözdən salmağa can atanlar nəyisə tirajlayıb yayaraq diqqəti cəlb edir, fikirləri haçalandırır, çaşqınlıq törədir, sanki xırda “qələbə” qazanırlar. Davamsız sayılacaq belə halları qulaqardına vurmaq gərəkdir. Yetər ki, peşəsindən asılı olmayaraq sağlam niyyətli adamlar əl-ələ verərək mütəşəkkil şəkildə çalışsınlar. Onda Azərbaycan mədəniyyəti, incəsənəti yeni məna, məzmun kəsb edəcək. Və biz hədəfə doğru addımlayanların sonda uğur qazanacağının şahidinə çevriləcəyik”.