

Çox yerdə olduğu kimi, kino və teatr sahəsində də ciddi haqsızlıqlar var. 50-60 yaş arası elə istedadlı aktyorlarımız var ki, işsiz qalıblar. Heç bir teatr onları işə götürmür, rejissorlar nadir hallarda çəkdikləri filmlərə dəvət edirlər. Qəribədir, görəsən bu ölkədə işsiz aktyorların necə yaşadığı, nə ilə dolandığı haqda düşünən kimsə varmı?..
Bəli, bu dəfə sizə aprelin 18-də 56 yaşı tamam olan və iyirmi iki ildir ki, heç bir yerdə rəsmi işləməyən bir peşəkar aktyordan söhbət açmaq istəyirəm...
Deyir ki:- “Mən özümü tərifləmirəm, bu bir həqiqətdir ki, SSRİ xalq artisti, məşhur Aleksey Batalovun məktəbini keçmişəm, illərboyu onun tələbəsi olmuşam. Çox gözəl pedaqoq idi. O, biz tələbələrinə aktyorluğun elə sirlərini öyrədirdi ki, onun dərsləri həmişəlik yaddaşımıza həkk olunub. İndi mən eyni şeyi burada etmək istəyirəm. Dəqiq tapşırıqları verən rejissor Azərbaycanda çox azdır. Doğrudur, bizim İncəsənət Universiteti rejissor yetişdirir, lakin aralarinda peşəkarlar yetərincə deyil. Bizdə operator məktəbi də zəifdir, baxmayaraq ki, xaricdə yaxşı məktəb keçən peşəkar operatorlarımız var. Bizdə İncəsənət Universitetini bitirənə deyirlər ki, get özünə kamera tap, beş dəqiqəlik film çək...”
O, 1969-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 136 nömrəli mətəbdə başa vurandan sonra Rusiyaya üz tutub. Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnsitutunun teatr və kino aktyorluğu ixtisasına qəbul olunub. Burada o, tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun sinifində təhsil alıb. 1990-cı ildə təhsilini başa vurub, Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında və “Yuğ” teatrında işləyib. Daha sonra teatrdan ayrılaraq Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında hərbi rejissor kimi çalışıb. 2000-ci ildən 2003-cü ilədək isə “Lider” televiziyasında dublyaj rejissoru olub. 2003-cü ildən üzübəri rəsmi iş yeri yoxdur, müstəqil kino aktyoru kimi fəaliyyətini davam etdirir...
Müstəqil! Jurnalist və ya hansısa peşə sahibinin müstəqil olduğunu eşitmişik, amma elə peşələr var ki, müstəqillik anlayışı onlara yapışmır. Müstəqil prokuror, müstəqil polis, müstəqil hakim olmadığı kimi, müstəqil peşəkar aktyor da olmamalıdır. Peşəkar aktyor haradasa, hansısa teatrda mütləq çalışmalıdır...
Kino aktyorluğu kariyerasına ilk dəfə 1991-ci ildə Mozalan kinojurnalının 162-ci buraxılışında "Adi əhvalat" qısa komediyasından başlayıb. Sonra "Fəryad" filmində rol alıb. Daha sonra “Dolu” filminə çəkilib. Türkiyəli rejissor Mehmet Ulukanın “Qaranlıqlar çiçəyi” adlı serialında rol oynayıb. 2012-ci ildə “Bakı, mən səni sevirəm” layihəsində Yeqor Konçalovskidən dəvət alıb və Andrey Razenkovun rejissorluğu altında baş rollardan birinə çəkilib. 2013-cü ildə iranlı rejissor Babək Şirinsifətin “Çaqqal nəfəsi” serialında və rejissor Eldar Quliyevin "Dərvişin qeydləri" tarixi detektiv filmində, 2015-ci ildə rejissor Yavər Rzayevin "Xeyirlə şərin rəqsi" filmində, 2016-cı ildə rejissor Emil Abdullayevin "Axırıncı yol" filmində, 2017-ci ildə rejissor Kənan MM tərəfindən çəkilən "Gecə qonağı 2" filmində, 2017-ci ildə fransızların "Büro" teleserialında müxtəlif rollara çəkilib. 2019-cu ildə hətta bir hind filmində də obraz yaradıb. 2024-cü ildə isə "Vidaamuyarçı" döyüş filmində rol oynayıb. Ümumiyyətlə, o, indiyədək 30-a yaxın filimdə müxtəlif obrazlar yaradıb…
“Bir fakt deyim. Rejissoru türk olan “Qaranlıqlar çiçəyi” serialinda cəkilirdim. İctimai Televiziya ilə Türkiyənin ortaq layihəsi idi. Baş rollardan birini oynayırdım. Rejissorla münasibətimiz çox yaxşı idi. Arada söhbət edirdik. Təəssüflə qeyd edirdi ki, Azərbaycanda yaşı 30-35-dən aşağı olan yüksək potensiallı aktyor yoxdur. Yəni nə yetişibsə keçmiş dönəmdə yetişib. O deyirdi ki, məsələn, “Leyli və Məcnun”u yenidən çəkməli olsaniz, bəs Leylini kim oynayacaq? Bir düşünək. Həqiqətən də varmı bizdə 15 yaşlı Leyli? Film çəkilişlərinə model çağırırlar, amma modelin aktyor texnikasından heç xəbəri yoxdur.”- söyləyir.
2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində, Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin tərkibində Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçisi, Əməkdar artist, aktrisa Gülzar Qurbanovayla birlikdə Vyetnam Sosialist Respublikasınında Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi iştirak ediblər. Azərbaycan dyüşçüsu obrazını yaratdığı “Dolu” filminin Gürcüstanda nümayiş etdirilməsində böyük rolu olub. Film Abxaziya, Osetiya kimi ərazi problemi olan Gürcüstanın ən məşhur kinosalonunda- “Amirani” kinoteatrda nümayiş etdirilib və çox gözəl qarşılanıb...
Deyir ki:- “Son illər Azərbaycan kinosunun acınacaqlı vəziyyətə düşməsində mövcud olan problemlərdən danışmaq istəyirəm. Səbəblərdən biri odur ki, bu gün Azərbaycanda kino istehsalı üçün əsaslı texniki baza, güclü kapital yoxdur. Həm də Azərbaycan kinosunu nə daxili bazarda, nə də ki, xarici bazarda satmaq olmur, yəni özünü maliyyələşdirə də bilmir. İkinci səbəb peşəkar kadrların çatışmamazlığıdır. Doğrudur, mədəniyyət və incəsənət universiteti aktyor, rejissor və digər ixtisaslar üzrə məzunlar buraxır, amma onların çoxu peşəkar ola bilmir. Bir də insanların çoxu keçmişdə olduğu kimi, ailəliklə kinoya getmirlər. Buna maddi imkanları çatmır. Sonra onu da deyim ki, bayağı komediyalar, seriallar insanların zövqünü çoxdan korlayıb. Adamların çoxu ciddi filmlərə deyil, belə filmlərə baxmağa üstünlük verirlər. Bir sözlə, Azərbaycan kinosuna dövlət dəstəyi olmasa, kinomuzun inkişafından, şedevr filmlərin çəkiləcəyindən söhbət etməyinə dəyməz...”
Planları çoxdur. Çəkilmək xatirinə çəkilmək yox, uzun-uzadı bayağı seriallarda deyil, mənəvi yükü olan ciddi layihələrdə çəkilməyi arzulayır. İstəklərindən ən böyüyü isə, tarixi filmlərdə müxtəlif qəhrəmanların obrazlarını yaratmaq üçün ona meydanın açılmasıdır...
El arasında belə bir deyim var- “Fələyin gözü kor olsun!” Azərbaycanın müxtəlif dövlət teatrlarına dəfələrlə müraciət etsə də, xeyli vaxtdır ki, onu işə götürən rəhbər tapılmır...
Nə isə... Düşünürəm ki, bu söhbətimdə onun haqqında az da olsa sizə məlumat verə bildim. Görəsən, aranızda söhbətin kimdən getdiyini bilən oldumu? Olmadısa XATIRLADIM:
- Bəli, mən kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti Cavanşir Hadıyevdən danışıram...
Onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları və ən başlıcası, imza atıb maaş ala biləcəyi rəsmi iş yeri arzulayıram...
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu