Qırğızıstanda görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında mühazirə dinlənilib Mədəniyyət

Qırğızıstanda görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında mühazirə dinlənilib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın Qırğızıstan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani: Şərq və Avropa sənət üslublarının kəsişməsində” mövzusunda mühazirəsi dinlənilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bişkekdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində reallaşan mühazirədə Şirin Məlikova XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) ömür yolu və yaradıcılığından danışıb.

O, qeyd edib ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Mədəniyyət sahəsi üzrə tələbələrin və mədəniyyət işçilərinin iştirak etdiyi mühazirə maraqla qarşılanıb.

Sonda mövzu üzrə suallar ətraflı cavablandırılıb.