Eyyub peyğəmbərin adaşı... Mədəniyyət

Eyyub peyğəmbərin adaşı...

Eyyub Yaqubov- 60
Lənətə gəlmiş Şeytanın Eyyub peyğəmbərin başına gətirdiyi müsibətlər haqqında yəqin ki, çoxunuz eşidib. Həzrət peyğəmbər bu zülmlərə baxmayaraq bircə dəfə də olsun, Allaha asi çıxıb- "Yetər!", "Bəsdir!"- söyləmədi. Onun bu səbri, imanı Allahın xoşuna gəldi və sonda öz rəsulunu mükafatlandırdı...
Hə, dostlar, Bu gün sizə Eyyub peyğəmbərin adaşı- xalq artisti Yaqubov Eyyubdan danışmaq istəyirəm. Bəlkə də Eyyubların hamısı belə səbirli, təvazökar, imanlı olurlar, deyə bilmərəm, amma bizim müasirimiz, müğənni Eyyub Yaqubov sözün əsl mənasında təkəbbürdən uzaq, ürəklərə yol tapa bilən, şanson musiqisinin mahir ifaçılarından biridir...
Deyir ki:- “Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblına peşəkar pianoçu axtardığını söylədi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim məni dinlədi bəyəndi və ansambla qəbul etdi. Açığı heç vaxt müğənni olmağı düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq dostların əhatəsində oxuyurdum. İndi soruşacaqsınız ki, bəs necə oldu müğənni kimi meydana çıxdın? “Humayun” ansamblında sənət dostlarım səsimin olduğunu bilirdi. Bir gün Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum. Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla özümü toplayıb oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib...”
Səbirli və imanlıdır, "MƏN"inə qalib gəlməyi bacarıb. Yəni o, heç zaman “mən-mən” deməyi sevmir, təkəbbürdən uzaqdır. Necə deyərlər, "blatnoy" mahnılardan tutmuş, xalq, bəstəkar mahnılarına qədər yaradıcılıq yolu keçib. Zövqləri oxşaya bilib, könüllərə sığal çəkib. Sevənləri yetərincədir…
“Sənətçini sənətkar edən onun öz sahəsinə mükəmməl yiyələnməsidir. Təhsil almaq təkcə o demək deyil ki, sən əzbər biliklərə malik olmalısan. İfa etdiyin musiqinin kökünü bilmək, ruhunu duymaq çox vacibdir. Görünür, mən də öz musiqimizi çox sevdiyimə görə zirvədə qalxmağa nail olmuşam. Müdriklər deyir ki, sevənlər sevilir. Kimlərsə tanınır, amma sevilmək başqa şeydir. Sevilən adamın populyarlığı bir-iki günlük olmur. Bunun nümunələri olan çox dəyərli sənətkarlarımız var. Hansı ki, onlar hazırda dünyalarını dəyişsələr belə, iki-üç nəsil sonra da eyni şövqlə sevilirlər.”- söyləyir.
Eyyub Zəkəriyyə oğlu Yaqubov 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. 49 saylı orta məktəbdə oxuya-oxuya 3 saylı musiqi məktəbində də təhsil alıb. Səkkizinci sinfi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunub. Orada fortepiano sinifində oxuyub. Eyni zamanda Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında piano ifaçısı kimi çalışıb. Hətta Azərbaycan pianoçuları arasında keçirilən bir müsabiqənin qalibi də olub. "Humayun"da çalışarkən klassik musiqi ilə yanaşı, xalq musiqisini də öyrənə bilib. Və bir gün qərara gəlib ki, müğənni olsun. Elə o vaxtdan da qədəm qoyduğu bu sənətdə addım-addım irəliləyərək ad qazanıb, nüfuz sahibi olub. Demək olar ki, Azərbaycan tamaşaçısına müasir şanson musiqisini o, sevdirib...
Deyir ki:- “Şanson müxtəlif musiqi janrlarını özündə birləşdirir. Bizdə əvvəl bu janrda ifa edən istedadlı musiqiçilər olub. Məsələn, Aydinçiki, Oqtayçiki, Nizami Rəmzini göstərə bilərəm. Onlar istedadlı musiqiçilər idi. Mənim repertuarımda da onların mahnıları yer alıb. Amma ifaları peşəkar səviyyədə deyildi. Özfəaliyyət idi. Bu janrın səviyyəsini qaldıran, inkişaf etdirən, məktəbini yaradan bəstəkar Elçin İmanov olub. Ona qədər bu janr ciddi musiqi hesab olunmurdu. Rusiyada bu janrın böyük məktəbi var, Vili Tokarev, Mixail Kruq kimi sənətkarlar bu məktəbin yaradıcılarındandır. Onlarda baza olduğu üçün, bu musiqiyə ciddi musiqi janrı statusu qazandıra bildilər. Amma Azərbaycanda bu janrda ilk dəfə Elçin İmanov inqilab etdi. O, real həyatda baş verən hadisələri musiqinin yumoristik dili ilə dinləyiciyə mükəmməl şəkildə çatdırmağı bacardı...”
Xidməti zaman-zaman dəyərləndirilib. 2006-cı ildə əməkdar artist, 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bəli, onun indiyədək xeyli könül açan, zövq oxşayan konsertləri baş tutub. Bu barədə çox danışmaq olar, amma İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr etdiyi "Külli zaman içrə saat yarım" adlandırdığı konserti möhtəşəmliyiylə xüsusi seçilir. Ərsəyə gətirdiyi bu konsert əslində onun şəxsiyyəti ilə yaradıcılığının vəhdətinin təzahürü idi. "MƏN"inə qalib gələn bir aşiqin sədası. Dahi Nəsimi demişkən:
Həqiqət həqqi biləndir, verən varını yəğmayə,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdayə.
Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhli həqq olan kişi, nə qəm, girsə kəlisayə!..
Aprelin 26-sı Eyyub Yaqubovun 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, hələ uzun illər səhnədə olmasını arzu edirəm...
Hörmətlə, Elman Eldaroğlu