Dünən Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb.
O bildirib ki, Təranə Qumral sosial şəbəkələrdə və mətbuatda müvəkkilini hədələyib, qanunsuz hərəkətlərini davam etdirib və məhkəmə qətnaməsini icra etməyəcəyini deyib. Vəkil Təranə Qumralın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib və onun məhkəmə zalında həbs edilməsini istəyib.
Təranə Qumral vəsatətə münasibət bildirən zaman qətnamələri icra etmədiyini və buna görə də peşman olmadığını söyləyib.
Vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal "ANS"-in "Bazar səhəri" verilişində başlayıb. Belə ki, Nazənin Salayeva canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum" deyib. Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.
Məhkəmənin qərarı ilə Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin Təranə Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.