Xalqımız tarixinin bədii əks-sədasını özünün yaratmış olduğu folklor örnəklərində əks etdirib
2-ci yazı
Bəs bayatıda deyilən "gözün yaşı ilə toy tutmaq" ifadəsindəki "toy tutmaq" ifadəsini məcazi mənasından çıxarıb həqiqi qavramında qəbul etsək, hansı fəlsəfi hikmətlə üzləşərik? Bəxtiyar Vahabzadənin "Fələk səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm" fikrinə rəğmən bildirim ki, fələk xalqımızı ağladanda da gülməyi bacarıb. Elə bu məqamda yazımın əvvəlində açar-cümlə kimi gətirdiyim cümləni bir daha xatırladıram: "Bəlkə də ilk göz yaşları qəhrəmanlıq bitirmək üçün yağıb". Bəli, göz yaşları hər hansı bir faciəni insanın görüb qavramasından sonra axmağa başlayır. İnsan faciəni duymasa, ürəyi yanmasa gözündən yaş da çıxmaz. Bunu M.Müşfiq: "Gözdən yaş çıxarmı ürək yanmasa?" şəklində ifadə edirdi. Çünki belə hallar olub ki, bəzən ən əzizini qəfildən itirən adam şoka düşür, nə baş verdiyini anlamır və ya anlamağa iqtidarı çatmır, keyləşib qalır və belə olduqda gözündən yaş da çıxmır. Deməli, belə situasiyalar bir daha ona dəlalət edir ki, faciəni anlamağın təbii-bioloji ifadəsi insan orqanizmində göz yaşı axıtmaqla-ağlamaqla nəticələnir. Bu, həm də göz yaşının insanın hər hansı hadisəyə qıcıq verməsi anlamına gəlir. Fəlakəti, zülmü dərk etmək və ona bioloji baxımdan reaksiya göstərmək ağlamaq-göz yaşı axıtmaq faktorunda gerçəkləşir. Bu baxımdan folklorumuzdakı nisgil motivinin (və onun təbii ifadəçisi olan ağlamağın, göz yaşı tökməyin) daxili mayasındakı gizli mahiyyət üzə çıxır. Xalq dərk etdiyi faciəni ağlamaq-göz yaşı axıtmaq fonunda yaşayır. Ağlamaq varsa, axıdılan göz yaşının cövhərində həm də bir daxili qəzəb, haqsızlığa (faciəyə) qarşı üsyan, etiraz motivi də var. Deməli, onda "göz yaşlarının qəhrəmanlıq bitirmək üçün yağdığı (axıdıldığı)" kəlamı özünü bu fəlsəfi aspektdən təsdiqə yetirir. Nisgil motivinin sadəcə dərdi-qəmi dilə gətirmədiyi, həm də insandakı qəhrəmanlıq coşqusunu dilə gətirdiyi bu məqamda məlum olur. "Sana bir bir toy tutaram gözümün yaşıynan" deyən müdrik xalqımızın istəyinin nədən ibarət olduğu da bu prizmadan baxdıqda aydın görünür: yəni xalq göz yaşıyla qəzəb atını minib, üsyankar bir ruhla mübarizə meydanına atılar, qisasını alıb öz xoş sabahına - xoşbəxt gələcəyinə qovuşar, qələbənin toyunu-bayramını eləyər. Bu məqamda göz yaşından (ağlamaqdan) gülməyə-toya, bayrama keçid edə bilməyin (mifoloji dillə desək, xaosdan kosmosa keçməyin) fəlsəfəsi öz konturlarını – sərhədlərini aydınlığı ilə açıb göstərir. Əlbəttə, nəzərə alsaq ki, gətirilən nümunə bayatı janrı olmaqla folklor hadisəsidir və ümumxalq ruhunun ifadəsini göstərir, onda burdakı kədərin-nisgilin fərdi çevrədən çıxıb, ümumxalq mahiyyəti kəsb etdiyinin fərqinə vararıq. Bir də ki, 1925-ci ildə yaradılmış "Azərbaycan Ədəbiyyatı Cəmiyyəti" üzvləri tərəfindən toplanan bu nümunənin AXC-nin mövcud olduğu dövrlərdə qələmə alındığını nəzərimizə gətirsək, bəlkə də, xalq bununla öz istiqlalına bir daha təzədən qayıdıb qovuşacağına inamını ifadə etmişdir. Bu fikri mənə həmin bayatı ilə demək olar ki, ard-arda verilmiş aşağıdakı nümunədə ifadə olunan nisgilin məzmunu təlqin elədi.
Bir ev tikdim yalan oldu,
Ömrümə talan oldu.
Nə çubuğumun dibi bərkidi,
Nə keçəmi salan oldu.
Bu mani (mahnı) nümunəsində bir tərəkəmə - elat tayfasının məişət-dolanışıq, gün-güzəran tərzini əks etədirən etnoqrafik tablo yaradılmış və bu mənzərənin fonunda nisgil notları ifadəsini tapıb. Məlumdur ki, aran-yaylaq gedən tərəkəmə əhli yay mövsümü ərzində yaylamaq üçün özünə çadırdan alaçıq qurur. Comalaq adlanan bu çadır-evin həndəvərinə çubuqlar sancılır, dibi bərkidilir, üstünə yağışdan-gündən qorunmaq və gecələmək üçün çadır çəkilir. İçərisinə isə üstündə oturmaq, rahatlanıb-dincəlməkdən ötrü döşəmə kimi keçə adlanan örtük salınır. Məhz bu manidə bir tərəkəmənin dilindən düşdüyü müsibətli halı ərz olunur. "Bir ev tikdim yalan oldu" - əvvəla, bu evin çadır (comalaq) ev olduğu 3-cü və 4-cü misralarda həmin evin çubuqlarının dibinin bərkidilməməsindən, içərisinə keçənin salınmamasından dolayı edilən ah-nalədən bəlli olur. İkincisi, burada tikilən evin məcazi anlam daşıdığı ikinci misranı məzmunundan birbaşa agah olunur: "Ömrümə talan oldu". Yəni "tikilən evin yalan olması" fikrinin metaforik yorumu insan "ömrünün talan olunması" münasibətində açılır. Çox ehtimal ki, ərgənlik yaşına yetişmiş gəncin, ya ailə qurub yarımayan övladın vaxtsız itkisindən doğan kədərin izharıdır bu. Yaxud da həyatdan, ailə qurmaqdan yarımayan birisinin özünün özünə elegiyasıdır bu nisgil notları! Bütün bu ağrı-acılar isə bir tərəkəmə köçünün sahibinin timsalında – onun özünə qurduğu comalaq evin timsalında metaforik əksini tapıb.
Yenə də düşünsək ki, bu mani (mahnı) bir folklor hadisəsidir və üstəgəl, 1925-ci ildə AXC-nin süquta uğradığı yaxın illərdə şifahi repertuardan toplanılıb, onda buradakı kədərin obyektinin daha geniş, iri bir miqyası əhatə elədiyini yəqinləşdirmək olar. Belə ki, burada "bir evin" timsalında nəinki bir kənd, qəsəbə, şəhər götürmək olar, buradakı "bir ev" bir ölkə mənasında anlaşıla bilər. Bu halda o ölkə milli müstəqillik əldə etmiş AXC dövlətinə müncər oluna bilər. Belə olduqda "bir ev tikdim yalan oldu" ifadəsi bir azad, müstəqil respublika qurmağı işarələyir, lakin onun ömrünün cəmi-cümlətanı 23 ay çəkdiyi və rus imperiyasının işğalı nəticəsində sanki bu istiqlalımızın yalan olduğu kədərəngiz duyğu ilə izhar olunur. Bu gənc müstəqil dövlətimizin "çubuğunun dibi bərkiməmiş", firavan yaşayışımız naminə "keçəmiz yerə salınmamış-döşənməmiş" imperialist Rusiya "ömrümüzü (gənc müstəqil dövlətimizi) talan etdi" – müstəqilliyimizi (azad yaşadığımız evimizi) əlimizdən aldı, - deyə kədər motivləri metaforik ülgülərlə bəyan olunur. Bəli, bu bayatıda vurğulanan "bir ev tikdim yalan oldu" nisgili bir qurulu evin timsalında Şərqdə ilk demokratik respublika kimi qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qısa və şərəfli taleyini ümumxalq kədəri şəklində ümumiləşdirir.
Beləcə, folklorumuzda metaforik ünsürlərlə ifadə olunan nisgil motivləri özünü müxtəlif məna vahidlərində təzahür etdirir.
"Azərbaycanı Öyrənən Cəmiyyət"in 1927-ci ildə nəşr etdirdiyi "El aşıqları" toplusunda (tərtibçi Vəli Xiluflu) Mirzə Hidayət (Hidayət bəy) adlı bir müəllifin – aşığın bu şeirində isə Gəncə ilə bağlı nisgil dolu misraları isə inqilab yuvası-azadlıq beşiyimizin rəmzi kimi tanınan Gəncənin viran qalmasından doğan kədərin inikasıdır:
Zaman saldı məni görüncə bəlayə bu gün,
Dözənmirəm bu bəlaya eylə yaradan məbəd.
Salıb əcəb məni gəncə nalayə bu gün,
Qurtar məni Gəncə viran qalan buradan məbəd.
Bu dərd mənimlə Gəncədə olandı,
Qəm əlindən başıma Gəncə dolandı.
Canım qaçıb dərddən gəncə dolandı,
Gəlib tapıb yenə haradan mədəd.
Deyib-danışanda bir gülməz üzüm,
Kimsəyə gər xoş gəlməz sözüm.
Dərmansız dərdə uğrayıb görməz gözüm,
Götür dərmansız dərdi aradan, mədəd.
Göründüyü kimi, burada bir el şairimizin dilindən AXC-nin süquta uğraması faciəsinə acıyıb, "Qurtar məni Gəncə viran qalan buradan, mədəd" deyə ümumxalq istəyini ifadə edir ki, bu da milli dövlət ideyası məsələsinin el şairinin dilindən səsləndirilməsidir.
Folklorşünas Tacir Səmiminin topladığı "Tırınqılar"a yazdığı ön sözdə Vəkil İsgəndərov göstərir ki, "Tırınqılarda kövrəklik, qəm, dərd, yurd həsrəti motivləri çox güclüdür". Həmin nümunələrdən birinə diqqət yetirək:
Sınor, səni görüm Allah dağıtsın,
Dərələrə xeyir-dua oxutsun.
Seli-suyu düz üstündən axıtsın,
Yol açılsın, o tay-bu tay olmasın.
Sınor, sənin görüm yansın dirəyin,
O tikanlı məftillərdi gərəyin.
Urus kimi yoxdu qanın-iliyin,
Yol açılsın, o tay-bu tay olmayaq.
Sınor, sənin bəndin-bərən yox olsun,
Ayrılığın qatılığı yuxalsın.
Qovuşmağa ümid yeri çoxalsın,
Yol açılsın, otay-bu tay olmayaq.
Qeyd edək ki, buradakı "Sınor" ifadəsi müasir türk dilində sərhəd mənası verən "sınır" sözünün dialektdəki tələffüz şəklidir. Göründüyü kimi, burada "Sınır" (sərhəd) ifadəsi şəxsləndirilməklə, ona müraciət üslubunda vətənimizin iki bölünməsi ("o tay-bu tay olmaq") faciəsi nisgilli bir əhvalla izhar olunur və iki qardaşı bir-birindən eləyən sərhəd dirəklərinin aradan götürülməsi arzulanır: "Yol açılsın, o tay-bu tay olmayaq". Bu da bir daha folklorumuzun tırınqı adlanan bu nümunəsində xalqımızın milli dövlət ideyası yönündəki arzusunu ifadə edir. Yeri gəlmişkən, onu da diqqətdən qaçırmayaq ki, ADR-in qurulması yolunda elan olunmuş "Azərbaycan muxtariyyəti" məsələsini əngəlləmək istəyən qüvvələr "o tay-bu tay olmamaq" arzusuna İranın daxili işlərinə qarışmaq donu geyindirirdilər. Tarix elmləri namizədi, dosent Firdovsiyyə Əhmədovanın ""Böyük inqilab" Azərbaycana nə verdi?" məqaləsində bu həssas məsələyə toxunaraq yazırdı: "Muxtariyyəti əngəlləyən səbəblərdən biri kimi bolşeviklər də sərvaxt idilər. Qarşıdurma getdikcə kəskinləşirdi. "Azərbaycan muxtariyyəti"nə qənim kəsilən qüvvələrdən bir qismi bu ideyanın İran Azərbaycanına şamil olunduğunu, İranın daxili işlərinə qarışmaq kimi qiymətləndirirdi. Onlar "Azərbaycan muxtariyyəti"nə İran Azərbaycanının ilhaqı kimi baxırdılar. Məsələyə geniş aydınlıq gətirən M.Rəsulzadə Azərbaycanın hər iki hissəsinin vahid mənşəyinə toxunmuş və siyasi müqayisə aparmışdır. 1917-ci ilin dekabrın sonu üçün Rəsulzadənin mövqeyi belə idi: "Bu gün Azərbaycan muxtariyyətindən bəhs olunursa, həmən İrəvan, Gəncə, Bakı quberniyaları ilə sair Zaqafqaziya uyezd və mahallarından bəhs olunuyor deməkdir".
..."Azərbaycan muxtariyyəti" hərəkatı Azərbaycanın dövlət istiqlaliyyətinə qovuşmaq üçün bir mərhələ idi. 1917-ci ilin yazından 1918-ci ilin yazınadək Azərbaycan milli hərəkatı on illərə bərabər inkişaf yolu keçdi və başlıca məqsədinə nail oldu. Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdi, müsəlman Şərqində ilk respublikanı qurdu. XX yüzilin sonlarında Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini bərpa etdi".
Bəli, xalqımız öz tarixinin bədii əks-sədasını özünün yaratmış olduğu folklor örnəklərində də əks etdirir. Milli dövlətçilik ideyası da xalqın tarixi şüurunda nə qədər dərəcədə ictimai-siyasi əhəmiyyət kəsb edirsə, o qədər dərəcədə də xalqın bədii təfəkküründə rezonans doğurur, müxtəlif janrlı folklor nümunələrimizdə özünün poetik ifadəsini tapırdı.
Şakir Albalıyev
filologiya üzrə fəlsəfə doktoru