İsrailin baş naziri HƏBS OLUNACAQMI? – Netanyahunun yeganə ÇIXIŞ YOLU - FOTO Gündəm
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib. Orderin verilməsinin səbəbi Qəzzadakı hərbi cinayətlərdir.
BCM-in açıqlamasına görə, hər iki şəxs Qazadakı mülki əhalini həyati vacib resurslardan – ərzaq, su, dərman və tibbi avadanlıqlar, eləcə də yanacaq və elektrik enerjisindən məhrum edib. BCM B.Netanyahu və Y.Qallantla yanaşı, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Əd-Deyfin həbsinə də order verib.
Bununla bağlı İsrail Baş naziri B.Netanyahunun ofisi dərhal açıqlama yayıb. Qeyd olunub ki, hədəflərə çatanadək kimsə təzyiqlərə boyun əyməyəcək və geriyə addım atmayacaq!
BMC-nin qərarı Yaxın Şərqdəki proseslərə necə təsir edə bilər? B.Netanyahu, Y.Qallant, yaxud da M.Əd-Deyfin həbsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, BCM-in bu qərarı kifayət qədər ciddi hadisədir və Təl-Əviv üzərində təzyiq yaradacaq.
Onun sözlərinə görə, Netanyahu hökumətinin HƏMAS-ın hücumundan sonra Təl-Əvivin lehinə olan beynəlxalq ictimai rəydən istifadə edərək, adekvat olmayan hərbi əməliyyatlara başlaması dünya ictimaiyyətini İsrailə qarşı yönəldib: “Bununla da əksər hökumətlər İsraillə münasibətlər baxımından özlərini təzyiq altında hiss etdilər. Əlbəttə, HƏMAS-ın hücumu ilk növbədə sionizmə fürsət verdi və dini fanatizm üzərindən siyasət yürüdən İsrailin hazırki teokratik rejimi hərbi əməliyyatlarla genişlənmə siyasətini həyata keçirməyə çalışdı. Baş verənlər əvvəllər konspirasiya nəzəriyyəsi kimi təqdim olunan məsələlərin (“vəd edilmiş torpaqlar”) əslində gerçək olduğunu üzə çıxardı. Nəticədə həmişə İsrailə limitsiz dəstək verən dövlətlər də Netanyahu hökumətindən üz döndərməyə başladı”.
Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Netanyahu hakimiyyətə gələnə qədər rüşvət və digər ittihamlarla təzyiq altında olub və uğursuz Qəzza əməliyyatları ilə daha çətin duruma düşüb: “Netanyahu siyasi karyerasını uzatmaq və özünü cəzadan xilas etmək üçün hərbi əməliyyatları genişləndirməyə, nəticədə daxili problemləri arxa plana keçirməyə çalışdı. Bu isə seçki ərəfəsində olan ABŞ hökumətinin maraqlarına zərbə vururdu. Trampla görüşdən sonra Netanyahu hərbi əməliyyatların əhatəsini genişləndirdi ki, bu da seçkiyə təsir etdi. Çünki ABŞ əhalisi savaşa qarşı idi və savaşı dayandıra bilmədiyi üçün Bayden səs itirdi. Netanyahu Trampın hakimiyyətə gəlməsi ilə özünü xilas edəcəyini düşünür. Amma onun həbsi ilə bağlı verilən qərar vəziyyəti dəyişə bilər. Əlbəttə, məhkəmənin bu qərarında siyasi çalarlar da var. Qərarın verilməsində Bayden administrasiyasının rolu ola bilər. Netanyahu çalışacaq ki, Tramp səlahiyyətlərinin icrasına başlayana qədər hakimiyyətdə qalsın və bununla da cəzadan xilas olsun. Netanyahunun cəzalandırılması üçün öncə onun devrilməsi lazımdır. Bundan sonra Netanyahunu İsrail məhkəmələri də mühakimə edilə bilər. Düşünürəm ki, ABŞ-nin hazırki hökumətinin dəstəyi ilə İsrail daxilində etiraz dalğasının yaradılmasına və Trampın səlahiyyətlərinin icrasına qədər Netanyahunun devrilməsinə çalışacaqlar”.
Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, BCM-in bu qərarı sionizmin qırılma nöqtəsi hesab oluna bilər: “Çünki, İsrail bundan sonrakı hökumətlər dönəmində də istədiyini edə və Yaxın Şərqdə planlarını reallaşdıra bilməz. Holokost “zirehi” artıq İsrail liderlərini qoruya bilməyəcək. Çünki Roma statutuna demək olar ki, bütün Avropanı əhatə etməklə 124 ölkə imza atıb. Bu isə o deməkdir ki, Netanyahu Avropadakı müttəfiq ölkələrinə belə gedə bilməyəcək. Bu da diplomatik problemlərə gətirib çıxaracaq. Məsələn, Niderland bəyan edib ki, məhkəmənin qərarını icra edəcək. Kanada, İrlandiya, Avropa Komissiyası qərarı dəstəklədiyini açıqlayıb. Düzdür, Roma statutuna imza atmayan ölkələr arasında Rusiya, İsrailin özü, ABŞ və Türkiyə də var. Bu reallıqdan irəli gələrək, Netanyahu ABŞ-yə də qaça bilər. Amma bunun üçün Trampın səlahiyyətlərinin icrasına qədər hakimiyyətdə qalmağı bacarmalıdır”.
Siyasi şərhçi söyləyib ki, Netanyahunun yürütdüyü siyasətin nəticəsində İsrail dövlətinə qarşı da Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən soyqırımı iddiası qaldırılıb: “Böyük ehtimalla İsrail dövləti bu problemlə də üzləşəcək. Sionizmə qarşı olan müxalif qüvvələr Netanyahudan bunun hesabının verilməsini tələb edəcəklər. Ona görə də Netanyahunun yeganə çıxış yolu Tramp Amerikasına sığınmaqdır”.