“Qəbul olunan qanunlar büdcə hədəflərinin reallaşmasına kömək olacaq”-Arzu Nağıyev Gündəm
“2025-ci il üçün dövlət büdcəsinin layihəsi qlobal iqtisadi meyllər və ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla hazırlanıb”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib: “Bununla bağlı ilk növbədə qeyd etmək istəyirəm ki, Möhtərəm Prezident cənab İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışarkən bildirib ki, “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik.
Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir. Sərhəd xəttini möhkənləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var. Əsasən, yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandolar, hərbi birləşmələrin yaradılması zəruridir. Xüsusi xidmət və hüquq mühafizə orqanlarının ən müasir texnika və texnologiyalarla təmin edilməsi prosesi davam etdirilməlidir”.
Qeyd edilənlərə əsasən bildirmək istəyirəm ki, 2025-ci ilin əsas xərcləri arasında ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsiziliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası “Azərbaycan Respublikasının 2025-ci il Dövlət büdcəsi haqqında" qanun layihəsində ən mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulub”.
Millət vəkili həmçinin əlavə edib: “Qeyd edildiyi kimi Qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək.
İctimaiyyəttin də maraqlarını nəzərə alaraq bir sıra rəqəmləri səsləndirmək istəyirəm:
Həmin xərclər aşağıdakı kimi bölüşdürülməsi nəzərdə tutulur:
müdafiə qüvvələri - 2 665 277 196,0
milli təhlükəsizlik - 467 917 873,0
sərhəd xidməti - 540 314 143,0
O cümlədən, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0
müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər
fəaliyyətlər - 4 717 428 673,0
Müdafiə və xüsusi xidmət , hüquq mühafizə orqanlarında șəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı məsələlər də layihədə nəzərə alınıb.
Eyni zamanda kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2025-ci ilin dövlət büdcəsində 15,0 milyon manat, 20 il və daha çox xidmət etmiş , işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması zəruri xərclərin maliyyə təminati üçün 35,0 milyon manat məbləğində vəsaitin nəzərdə tutulması da sevindirici və müsbət haldır.
Yekun olaraq bildirmək istəyirəm ki, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, həmçinin Milli Məclisdə qəbul olunan qanunlar büdcə hədəflərinin reallaşmasına kömək olacaq”.