Sən Ermənistan prezidentisən, yoxsa Polşa? Gündəm

Sən Ermənistan prezidentisən, yoxsa Polşa?

Tarixin lənəti ilə 7-ci dəfə bölüşdürülməyəsən

Azərbaycanın milli maraqlarını qorumaq və beynəlxalq siyasətdə balansı təmin etmək, eyni zamanda, bəzən sərt reallıqları qəbul edərək öz yolunu seçmək kimi çətin, amma zəruri bir vəzifəni icra edir. Siyasət masasında hər hansı yumşaq toxunuş sərhəddə sərt toqquşmaya çevrilə bilər. Polşa Prezidentinin Ermənistan-Azərbaycan sərhədində görünməsi, "diplomatik gəzinti" adlandırılsa da, əslində, Avropa İttifaqının bəzi üzvlərinin Azərbaycana qarşı olan mövqeyini daha açıq bir şəkildə nümayiş etdirir. Bu, qızıl qabda təqdim olunan soyuq mesajdır: “tərəfsizlikdən”, yaxud nədən vaz keç, mövqeyini seç kimimi? Azərbaycan isə bu cür mesajlara nə açıq reaksiya verir, nə də susaraq cavabsız qoyur – onun cavabı sahədədir, işindədir, prinsipindədir.
Belə bir vəziyyətdə Azərbaycan regionun həssas nöqtələrində yerləşdiyini bir daha nəzərə almalıdır. Rusiya-Ukrayna müharibəsi sərhədimizdən cəmi 300 km məsafədədir və 8 milyondan çox qaçqının yaranmasına səbəb olub. Belə bir humanitar dalğa Azərbaycanın iqtisadi və sosial sabitliyinə ciddi təsir göstərə bilər yanaşması son günlər daha çox aktuallıq kəsb edir. İranla İsrailin gözlənilən potensial münaqişələri isə sərhədimizdən cəmi 20-50 km aralıda baş verə bilər ki, bu da hərbi və iqtisadi riskləri artırır. İsrail və Livan arasındakı gərginliklər enerji bazarlarına təsir edir, belə halda da Azərbaycanın bu qlobal proseslərin bir hissəsi olmaya bilmir. Prezident “Bu xalqa Allahın lütfü” dediyi neftin yüksək səmarlada uçan ölüm mələklərinin qidası olması faktıyla yanaşı, onun həm də çörək oldğunu, neft suyuna batırlıb yeyildiyi faktını həyatdakı mövcudluq şərtimiz kimi doğru olaraq təqdim edir axı...
Bəli, digər tərəfdən əgər "Arte" kanalı 1990-cı illərdə məcburi köçkün olmuş azərbaycanlıları "erməni qaçqınlar" kimi təqdim edirsə, bu, beynəlxalq medianın həqiqətləri "kəsib-dikmə" sənətindən başqa bir şey deyil. Amma biz tariximizi, şəhidlərin qanı ilə yazılmış Zəfər dastanımızı heç bir media fabrikasına buraxmarıq. Hikmət Hacıyevin "Politico"ya qarşı sərt tənqidi də Azərbaycanın mövqeyini dəyişməyəcəyini göstərdi: həqiqətə əsaslanan siyasətimizi saxta xəbərlərlə çirklətmək mümkün deyil. Avropanın bəzi dairələrinin bu cür ikiüzlü siyasəti qarşısında Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə etməkdədir.
Azərbaycanın balanslı, lakin sərt yanaşmaları təkcə siyasi deyil, həm də iqtisadi müstəvidə öz təsirini göstərir. Qlobal hərbi xərclərin 2.4 trilyon dollara çatdığı və NATO-nun illik büdcəsinin 1.4 trilyon dollar təşkil etdiyi bir şəraitdə Azərbaycanın 2025-ci il üçün planlaşdırdığı 8.3 milyard manatlıq hərbi büdcə, bölgədə təhlükəsizlik balansını qorumaq üçün strateji addımdır. Bu rəqəm Ermənistanın hərbi xərclərindən xeyli üstündür, lakin eyni zamanda regional və qlobal təhlükələr qarşısında ölkəmizin müdafiə qabiliyyətini artırmağı şərtləndirir. Bölgəyə doldurulan sursatların açılacağı dəqiqdir. Hindistandan – ABŞ-a qədər hamı İərvana silah daşımağa başlayıb. Bu gün İrəvana gedən reyslərdə sərnişindən çox silahlar daşınır.
Beynəlxalq aləmdə böyük güclər oyununu çox incə, amma təhlükəli bir səhnədə oynayır. ABŞ-ın Rusiyanın nüvə müharibəsi riskinə qarşı bəyanatları, eyni zamanda İsrail və Livan arasında əldə edilmiş atəşkəs razılaşmasının dəstəklənməsi dünyanın qaynar qazan kimi çalxalanmasından xəbər verir. Bu prosesdə Azərbaycan necə iştirak edir? Təbii ki, balanslı bir şəkildə: həm beynəlxalq sülh təşəbbüslərini dəstəkləyir, həm də "balans" deyə-deyə öz çəkisini itirən tərəf olmaqdan da qaçır. Biz NATO nümayəndə heyətini Bakıya dəvət edirik, eyni zamanda İranla birgə xüsusi təyinatlı təlimlər keçiririk. Yəni, diplomatiya bizim üçün elastik deyil, möhkəm bağlanmış iplər üzərində yeriyən inamlı bir addımdır. Bir sözlə, bu balans o balansdan deyil, disbalansın balansıdır.
Böyük oyunların kiçik detalları hər zaman ciddi nəticələrə səbəb olur. Polşanın Ermənistanla sıx təmasları, Avropa İttifaqının bəzi üzvlərinin Ermənistana açıq dəstəyi göstərir ki, regional siyasətdə neytrallıq bəzən sadəcə bir illüziyadır. Amma Azərbaycanın yolu açıqdır: milli maraqlarımızın müdafiəsini heç kimə həvalə etməyəcəyik. Avropanın bəzi dairələrinin ikiüzlü siyasəti, Azərbaycanın isə bu dairələrin yaratdığı labirintlərdə öz müstəqil çıxışını tapması tarixi bir dərsdir.
Azərbaycan dünya siyasətinin qaynar mərkəzlərindən biri olaraq, qlobal təhlükələr və regional maraqlar arasında öz müstəqil yolunu seçir. Rəqəmlər, faktlar və yaxınlıq bizə göstərir ki, hər bir addım, hər bir qərar həm ölkənin daxilində, həm də onun sərhədlərindən kənarda strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın tarixi missiyası və geopolitik üstünlüyüdür.
Yekuna aid: Lənətlə tarix həmişə bir-birinə sıx formada bağlıdır. Tarixi lənət sözünü kimsə boşuna yazmayıb ki... Polyak prezidenti, vətənin Polşa dünyada ən çox bölüşdürülmə faktı ilə tanınır, 6 dəfə müxtəlif dünya güclərinin parça-parça etdiyi torpaqların oğlusan, bu o, deməkdir ki, Polşa həmişə təhlükəli coğrafiyada mövcud olmağa çalışıb, ikincisi, həmin təhlükələr yenə də qapınızdadır. Bilmək olmaz, Ukrayna müharibəsinin sonunda 7-ci dəfə bölüşdürülə bilərsiniz, yoxsa yox. Amma tarix də ona görədir ki, ibrət ala biləsiniz, eynən sizin ölkənin aqibətini də biz yaşamışıq, amma indi siz işğalçının bayrağı altında, biz isə öz bayrağımız altında qarşılaşırıq, özgə nəfəsi tez soyuyar, hansı ölkəyə rəhəbərlik etdiyini unutmamalısınız.
Ən azından, qarşıda böyük bir missiyanız başlayır və Aİ-də sizdən başqa Macarıstan kimi ölkələr və yanaşmalar da var. Gəlin, sizə lənət oxumayaq.

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri