“Regionun ən zəif bəndi Ermənistan seçilib” Gündəm

“Regionun ən zəif bəndi Ermənistan seçilib”

“Qərbin bütün imkanları ilə Ermənistanı yeni müharibəyə sürükləməsi gün kimi aydındır. Azərbaycana qarşı aparılan təzyiq kampaniyasının nəticə verməməsi, ölkəmizin öz milli maraqlarından geri çəkilməməsi Qərbin bir sıra dairələrini ciddi şəkildə narahat etməyə başlayıb. Elə bir neçə gün əvvəl Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri və Azərbaycan-Ermənistan sərhədinə gəlməsi də bu narahatlığın bariz sübutudur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq Qərbin anti-azərbaycan mövqeyinin altında Ermənistana sevgi dayanmadığını vurğulayıb: “Qərbin istəyi öz Cənubi Qafqaz maraqlarını təmin etməkdən ibarətdir, bunun üçün də regionun ən zəif bəndi Ermənistan seçilib və onlar üçün Ermənistanın taleyinin necə olacağı, yeni müharibə halında hansı vəziyyətə düşəcəyi o qədər də maraqlı deyil. Fransanın rəhbərliyi altında həyata keçirilən plan özündə şərti sərhəd bölgələrində təxribatların törədilməsini ehtiva edir. Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqı missiyasının davamlı təxribatçı hərəkətləri, hərbi kolonların Azərbaycanla şərti sərhədə doğru hərəkətini əks etdirən videogörüntülərin yayılması da bunun bariz sübutudur. Bütün bunlar isə Ermənistanın aktiv şəkildə silahlandırılması fonunda baş verir. Bu cür silahlanma təbii ki, Ermənistan ictimaiyyətində revanşist hissləri qaldırır və Qərbin dəstəyi ilə ərazilərimizi yenidən işğal edə biləcək illuziya formalaşdırır”.

Y.Bağırzadə diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətinin Qərbin bu planını sözsüz icra etməsi isə bir tərəfdən əvvəldən götürülmüş öhdəliyin icrası, digər tərəfdən isə mövcud hakimiyyətinin reytinqinin aşağı düşməsi ilə bağlıdır.

Röya İsrafilova