“Qərb Gürcüstandakı nəzarətini itirməklə barışmaq istəmir” Gündəm

“Qərb Gürcüstandakı nəzarətini itirməklə barışmaq istəmir”

“Qərbin Gürcüstandakı seçkilərə ciddi müdaxilə edəcəyi gözlənilən idi. Ona görə də Qərb bu seçkilərə xüsusi hazırlaşırdı. Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin qəbul olunması Qərb siyasi dairələrində çox ciddi qıcıq yaratmışdı. Çünki Qərbin nəzarətində olan təxminən 20-25 min qeyri-hökumət təşkilatı Gürcüstanda fəalliyət göstərir və o, çox ciddi sosial bazadır. Qərb həmin qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanın daxili-siyasi həyatına birbaşa təsir edə bilirdi. Bir sözlə, Gürcüstanı nəzarətdə saxlaya bilirdi”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

O qeyd edib ki, Qərb heç bir halda Gürcüstandakı nəzarətini itirməklə barışmaq istəmir: “Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri zamanı və seçkilərdən sonra ciddi ixtişaşlar olacağı gözlənilən idi. Bu gün biz görürük ki, Gürcüstandakı etirazlar Qərb tərəfindən çox ciddi hazırlanıb və koordinasiya olunub. Çünki orada xüsusi hazırlıqlı, bəzi vasitələrlə təmin olunmuş insanlar mövcuddur. Bir qayda olaraq bu ssenarilər Ukraynada və digər yerlərdə rəngli inqilablar zamanı Qərbin istifadə etdiyi ssenaridir. Bu, aydın müşahidə olunmaqdadır”.

Röya İsrafilova