“Bu, sülh danışıqlarındakı vəziyyətə təsir etməkdir” Gündəm

“Bu, sülh danışıqlarındakı vəziyyətə təsir etməkdir”

“Ermənistanın Azərbaycana qarşı yeni müharibə və ya sərhəddə yeni təxribatların törədilməsi məsələsi daim aktual olaraq qalır. Yəni Ermənistan tərəfi nə qədər sülh danışıqlarına sadiqliyini qorusa da, buna paralel şəkildə hərbi ssenarilərin hazırlanması da realdır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Asif Nərimanlı söyləyib.

A.Nərimanlı bildirib ki, Ermənistan da anlayır ki, Azərbaycana qarşı yeni bir müharibədə hər hansı bir hərbi baxımdan üstünlük qazanmaq mümkün olmayacaq: “Lakin sülh danışıqları fonunda hərbi ssenarilərin də paralel şəkildə hazırlanması, zaman-zaman təxribatların baş verməsi sülh danışıqlarındakı vəziyyətə təsir etmək və Ermənistanın əlini gücləndirmək məqsədi daşıyır. Xüsusən də sərhəd məsələsində. İndiyə qədər sərhəddə törədilən təxribatların xronologiyasına və ya təxribatlardan sonra atılan addımlara baxdıqda bunu sırf Ermənistanın əlinin gücləndirilməsinə, o cümlədən Qərb ölkələrinin Ermənistan üzərindən Cənubi Qafqazdakı mövqelərinin güclənməsinə hesablanmış olduğu ortaya çıxır. Misal üçün, Ermənistanın davamlı olaraq sərhəddə törətdiyi təxribatlardan sonra Avropa İttifaqının müşahidə missiyası təhlükəsizliyin təmin edilməsi adı altında Ermənistanla Azərbaycan arasında sərhəddə yerləşdi”.

Politoloq əlavə edib ki, o baxımdan bundan sonrakı dövrdə də Ermənistan tərəfinin Azərbaycana qarşı təxribatlar törədəcəyi ehtimalı istisna edilməməlidir: “Bu, birincisi, sülh danışıqlarındakı vəziyyətə təsir etməkdir. Çünki belə bir təxribatlar zamanı, ümumiyyətlə, hərbi eskalasiya zamanı adətən danışıqlar gündəmi arxa plana keçir, daha çox hərbi ritorika gündəmə gəlir və sonrakı dövrdə danışıqların gündəliyində müəyyən dəyişikliklər edilməsi imkanları yaranır”.

Röya İsrafilova