“Ermənistan tərəfi danışıqlar gündəliyini qəbul etmir” Gündəm

“Ermənistan tərəfi danışıqlar gündəliyini qəbul etmir”

“Ermənistan tərəfi mövcud danışıqlar gündəliyini qəbul etmir. Çünki danışıqlar gündəliyində Azərbaycanın diqtəsi tətbiq edilib və Ermənistan öz maraqlarına uyğun bir çox məsələni bu gündəliyə daxil edə bilmir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O vurğulayıb ki, hərbi eskalasiya danışıqların gündəliyinin dəyişməsinə hesablanmış ola bilər: "Digər tərəfdən isə Qərb qüvvələrinin bölgədə qalmasının davam etdirilməsi zərurətinin yaradılması məqsədi daşıya bilər. Polşa Prezidenti Andrzej Dudanın Ermənistana səfəri kontekstində belə bir təxribat ehtimalı daha aydın görünür. Çünki Polşa Avropa İttifaqı Şurasına 2025-ci ildə rəhbərlik edəcək ölkədir. İndi bölgədə əsas müzakirə mövzusu Avropa İttifaqı və həm də Ermənistan üçün Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin uzadılması məsələsidir. Yəni onların fəaliyyət müddəti 2025-ci il fevralın 19-u bitir. Onun uzadılması məsələsi gündəmdədir. Təbii ki, bunu Avropa İttifaqı və onun üzv ölkələri də istəyir. O cümlədən Ermənistan da buna maraqlıdır. Amma bunu əsaslandırmalıdırlar. Çünki həmin müşahidə missiyasının fəaliyyətinin uzadılması üçün yekdil qərar lazımdır. Yəni 27 ölkənin hamısı qərar verməlidir”.

Politoloq Macarıstanın bu prosesə qarşı çıxan tərəflərdən biri olduğunu vurğulayıb: “İstisna deyil ki, məsələ yenidən gündəmə gəldikdə Macarıstan yenə buna qarşı çıxacaq. Məhz Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda qalmasının vacibliyini sübut etmək üçün miqyasından asılı olmayaraq hər hansı bir təxribat törədilə, müəyyən bir hərbi eskalasiya yaradıla bilər. Eləcə də həm Ermənistan tərəfi təhlükəsizliyin təmin edilməsi adı altında müşahidə missiyasının saxlanılmasının vacibliyini göstərmək istəyə bilər, o cümlədən Avropa İttifaqı rəhbərliyi üzv ölkələrinə müşahidə missiyasının bölgədə qalmasının zəruriliyini isbatlamaq üçün bundan istifadə edə bilər. Yəni biz məsələyə bu kontekstdə yanaşa bilərik. Ona görə də hesab edirəm ki, qarşıdakı aylarda Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə yanaşı, sərhəddə də miqyasından asılı olmayaraq hər hansı bir təxribatın törədilməsi müəyyən bir hərbi gərginliyin yaradılması istisna edilməməlidir”.

Röya İsrafilova