“Ölkəmizə qarşı qərəzli siyasətin tətbiq olunmasını görürük” Gündəm

“Ölkəmizə qarşı qərəzli siyasətin tətbiq olunmasını görürük”

“Bu gün dünyada müxtəlif maliyyə institutları, mənbələri, qrant verən təşkilat donor verən təşkilat qismində çıxış edir və eyni zamanda müxtəlif tədqiqatlar, hesabatlar, araşdırmalar da məhz bu yöndə aparılmaqdadır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirib ki, araşdırma adı altında ayrılan vəsaitlərin həcmi kifayət qədər genişdir: “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCPR) məlumatları, araşdırmaları və dataları dünya mediasında ayrı-ayrı informasiya saytlarda tez-tez izlənilir. Biz bunlara tez-tez rast gələ bilirik. Xüsusilə vurğulamaq lazımdır ki, bəzən bu təşkilat həm də ayrı daha böyük maliyyə qurumlarından öz məqsədləri üçün maliyyə cəlb edir. Yəni bu, bir şəbəkə kimi formalaşıb, ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaqla məşğuldur. Eyni zamanda, onlar sərhədsiz reportyorlar və digər təşkilatlarla da əməkdaşlıq edirlər. Xüsusilə hər bir dövlətdə özlərinə loyal şəxslər seçərək dırnaqarası əməkdaşlıq qururlar və o şəxslərin adlarından, statuslarından, imiclərindən istifadə edərək araşdırmalar aparıb bu, araşdırmaları geniş ictimaiyyətin diqqətinə çatdırırlar. Daha sonra ona istinadlar da olur. Yəni OCCPR-in sifarişi ilə həyata keçirilən hesabatlar daha sonra informasiya mənbəyinə çevrilir. “CNN”, “Washington Post”, “The Guardian”, “Reuters”, “Bloomberg” kimi qurumlar da daha sonra bu hesabatalara istinad edir. Bu isə geniş kütlə üçün daha inandırıcı olur. Amma hansı maliyyə mənbəyi hesabına tədqiqatın aparılması və burada hansı məqsədlərin irəli sürülməsi gizli qalır. Bu, uzun müddətdir belə gedir”.
İ.Hüseynov vurğulayıb ki, xüsusilə ölkəmizə qarşı bu qərəzli siyasətin tətbiq olunmasını gördük: “COP29 ərəfəsində, ondan sonrakı periodda, həmçinin tədbirin gedişində də biz eyni metodlardan hibrid təhlükələri, təhdidləri görürdük. Xədicə İsmayıl məhz bu formalaşmış sistemin adamı kimi çıxış edir. Digər tərəfdən xaricdə ölkəmiz əleyhinə çirkablar yağdıran, təhdid, böhtan iftira kampaniyasının başında duran “Azad söz”, Sevinc Osmanqızı, Qənimət Zahid, Arif Məmmədov, Məhəmməd Mirzəli kimi şəxslər həm də ölkəmiz əleyhinə formalaşmış şəbəkənin mənsublarıdır. Biz onların efirlərində görürük ki, bir-birilərini dəvət edib müzakirələr, polemikalar qururlar və ya eyni yayılan xəbəri tirajlayırlar. Bu, dərhal hiss olunur ki, hansısa mərkəzlərdən onlara verilmiş təlimatlar, sifarişlərdir. Onlar aldıqları maliyyə vəsaitini işləmək və öz sifarişçilərinə lazımi məhsulu təqdim etmək üçün əllərindən gələni edirlər”.

Röya İsrafilova