“Biz tezliklə ortaq məxrəcə gələ biləcəyik” Gündəm

“Biz tezliklə ortaq məxrəcə gələ biləcəyik”

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 5-də Maltada ATƏT-in xarici işlər nazirləri Şurasındakı toplantısında maraqlı çıxış edib. Çıxış həm də konstruktivliyi ilə fərqlənib. Mediada tam şəkildə yayımlanan çıxışa baxılırsa, Ermənistanın əvvəlki destruktiv ritorikadan imtina etdiyi qənaətinə gəlmək olar”.

Bunu xalqcəbhəsi.az-a siyasi şərhçi Azər Həsrət söyləyib.

A.Həsrət qeyd edib ki, A.Mirzoyanın özəlliklə də Azərbaycan və qardaş Türkiyə ilə münasibətlər haqqında dedikləri təqdirəlayiqdir: “Hər şeydən öncə diqqət çəkən odur ki, Ermənistan təmsilçisi Azərbaycanla sülh müqaviləsinin 17 bəndindən 15-nin qarşılıqlı şəkildə razılaşdırıldığını deyir. Bu, yetərincə yaxşı xəbərdir və sülhün tezliklə əldə edilməsinə yol açır. Digər tərəfdən diqqətimizi Ararat Mirzoyanın bu çıxışında Azərbaycana qarşı ənənəvi hücum və ittihamlara yer verməməsi çəkir. Bu da yaxşı görsənişdir və yəqin ki, Azərbaycan tərəfi uyğun reaksiya verəcək. Üçüncü bir məqam isə qardaş Türkiyə ilə münasibətlərin düzəldilməsinə yenə də yetərincə uyğun yanaşmadır. Nazir çıxışını gərəkli şəkildə – nəzakətli qurub”.

Siyasi şərhçi həmçinin bir qayda olaraq erməni rəsmilərin bütün beynəlxalq platformalarda Azərbaycana və Türkiyəyə hücumlarla diqqət çəkdiyini, ona görə də qarşılıqlı münasibətlərin qurulmasının, dayanıqlı sülhün əldə edilməsinin mümkün olmadığını diqqətə çatdırıb: “Çünki Ermənistan hücum taktikası seçəndə Azərbaycan da cavab vermək məcburiyyətində qalıb. Təbii ki, belə bir şəraitdə işləmək – anlaşmaq mümkün deyil. Ümid edək ki, bundan sonra erməni tərəfi bu ruhda da davam edəcək və biz tezliklə ortaq məxrəcə gələ biləcəyik”.

Röya İsrafilova