“Türkiyə çalışacaq Suriyada stabillik olsun” Gündəm

“Türkiyə çalışacaq Suriyada stabillik olsun”

“Artıq bir həftə öncə başlayan və bugünədək davam edən hadisələr göstərir ki, Türkiyə bölgədə, dünyada söz sahibidir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq Türkiyənin öz sərhədlərini qorumaqda israrlı olduğunu və Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb: “Bu haqda Türkiyənin dövlət başçısı, xarici işlər naziri dəfələrlə bəyanat verib. Bundan sonra hadisələr necə olacaq? Türkiyə ilə bölgə dövlətləri onsuz da hesablaşacaq, bundan sonra daha yaxşı münasibətdə olacaq. Qətərdən birbaşa Türkiyəyə qaz xətti çəkiləcək. Bununla da Avropanın canı Rusiya qazından qurtaracaq. Türkiyənin Qətərlə münasibətlərinin yüksək səviyyədə olması haqqında hamımız məlumatlıyıq”.

Y.Bağırzadə bildirib ki, digər yöndən isə Türkiyədə yaşayan 3 milyondan artıq Suriya qaçqını öz vətənlərinə qayıdacaq: “Ümumən, B.Əsəd rejimindən qaçan 7 milyona yaxın xaricdə qaçqın yaşayırdı. Onlar doğma yurdlarına – Suriyaya dönəcək. Bundan başqa, hətta daxildə də 7 milyona yaxın B.Əsəd rejiminə müxalif olan qüvvələr vardı. Onlar da yəqin bu yeni hakimiyyətdə təmsil olunacaq. Əlbəttə ki, Türkiyə çalışacaq Suriyada stabillik olsun. İran, Rusiya, ABŞ isə Suriyada qeyri-stabillik yaratmağa çalışacaq. Buna da yəqin ki, Türkiyə imkan verməyəcək”.

Röya İsrafilova