Suriyada yeni hökumət: Türkiyəyə qarşı təhdidlər aradan qaldırılacaqmı? Gündəm

Suriyada yeni hökumət: Türkiyəyə qarşı təhdidlər aradan qaldırılacaqmı?

Suriyada 54 ildir davam edən Bəşər Əsəd rejimi dağıldı, müxalif qüvvələr hakimiyyəti ələ keçirdi. Təbii ki, Azərbaycan üçün də maraqlı olan qardaş Türkiyə üçün gözləntilərdir. Çünki Suriyada Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror qrupları mövcuddur. Ümumiyyətlə baş verənlər Türkiyəyə necə təsir edəcək?

“Xalq Cəbhəsi” bu suala cavab tapmağa çalışıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev vurğulayıb ki, Suriyada baş verən hadisələr qəfil olmadı, uzun müddət buna hazırlıq görülürdü: “Məlum məsələ idi ki, həm Türkiyənin, eyni zamanda, ABŞ-nin, Rusiyanın, İsrailin, İranın Suriyada daim özəl maraqları vardı və bu maraqları həyata keçirmək üçün danışıqlar mövcud idi”.

Onun fikrincə, burada əsas məqam ondan ibarətdir ki, Türkiyə burada çox mühüm bir rol oynadı: “Gələcəkdə Türkiyənin sərhədd bölgəsində, stabillik yaratmaq, eyni zamanda, Türkiyə ərazisində olan Əsəd rejimindən qaçan Suriya qaçqınlarını geri qaytarmaq çox mühüm bir amildir. Bu, həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan dövlətlərə təsir edən amildir. ABŞ-nin Dövlət katibi Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında olan danışıqlardan da bir daha məlum olur ki, terror təşkilatlarının kimin tərəfində olub-olmaması məsələsini gündəmə gətiriləcək”.

A.Nağıyev həmçinin qeyd edib ki, Türkiyənin mövqeyi birmənalıdır: “Çünki Suriya ilə sərhədi, çoxsaylı qaçqını var və ərazidə separatizmi dəstəkləyən terrorçular mövcuddur. Yəni bunların hamısı məlum məsələdir ki, Türkiyənin mövqeyinə təsir edən əsas amillərdir. Düşünürəm ki, burada qalib tərəf kimi də Türkiyəni qeyd etmək mümkündür. Türkiyə demək olar ki, həm diplomatik səviyyədə, həm digər istiqamətdə qələbə əldə etmiş dövlətdir”.

Politoloq Elxan Şahinoğlu Suriyadakı hadisələrin Türkiyənin mövqelərini gücləndirəcəyini söyləyib: “Çünki Əsəd rejimi Türkiyə əleyhinə siyasət yürüdürdü, öz ərazisində də PKK-ya bağlı terrorçu qruplara illər öncə şərait yaratmışdı. Onlar faktiki olaraq orada dövlətəbənzər “ərazi” yaratmışdılar və Türkiyəyə təhlükə yaradırdılar”.

E.Şahinoğlunun sözlərinə görə, indi Türkiyə Suriyadakı yeni hakimiyyətlə əlaqələri gücləndirərək PKK-ya bağlı güclərin zəiflədilməsinə çalışacaq: “Digər tərəfdən Suriyada qurulacaq yeni hökumət Əsəddən fərqli olaraq Türkiyə ilə dost münasibətlərə çalışacaq. Çünki Suriyanın yenidən qurulmasında Türkiyənin siyasi, hərbi, iqtisadi dəstəyinə, yatırımlarına çox ehtiyacı olacaq. Türkiyədə olan suriyalı qaçqınlar da tədricən geri qayıtmağa başlayıb. Ona görə də Türkiyənin mövqeləri güclənəcək. Üstəlik də Suriyada yaşayan türkmənlərə Türkiyədən dəstək daha çox artacaq. Bu baxımdan bir də qeyd edirəm ki, Türkiyənin mövqeləri Suriyada güclənəcək və bu, bir daha bölgədə Türkiyənin artan gücünü göstərəcək”.

“Türkiyə Suriyada stabillik üçün çalışacaq”

Politoloq Yusif Bağırzadə bildirib ki, artıq bir həftə öncə başlayan və bugünədək davam edən hadisələr göstərir ki, Türkiyə bölgədə, dünyada söz sahibidir.

Y.Bağırzadə Türkiyənin öz sərhədlərini qorumaqda israrlı olduğunu və Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb: “Bu haqda Türkiyənin dövlət başçısı, xarici işlər naziri dəfələrlə bəyanat verib. Türkiyə ilə bölgə dövlətləri onsuz da hesablaşacaq, bundan sonra daha yaxşı münasibətdə olacaq”.

O bildirib ki, digər yöndən isə Türkiyədə yaşayan 3 milyondan artıq Suriya qaçqını öz vətənlərinə qayıdacaq: “Suriya hadisələrindən sonra Türkiyədə hakim partiyanın nüfuzu çox yüksələcək. Həmçinin Suriya qaçqınları öz doğma yurdlarına qayıtdıqdan sonra, əlbəttə ki, bu, Türkiyənin büdcəsinə xeyli müsbət təsir göstərəcək. Bu da bugünkü gün Türkiyə üçün çox böyük amildir”.

“Terrorçuların Suriya ərazisində at oynatmaqlarına icazə verilməyəcək”

Politoloq Tural İsmayılov qeyd edib ki, Türkiyə Bəşər Əsədə öz xalqının taleyinə biganə qalmaması ilə bağlı çağırışlar etmişdi və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən proseslərin çox böyük bir skandala çevrilməsinin qarşısı almaq üçün dəfələrlə Suriya hakimiyyətinə öz təkliflərini yönəltmişdi: “Ancaq təəssüflər olsun ki, Əsəd başda olmaqla Suriyanı idarə edənlər Türkiyə Prezidentinin uzatdığı əli tutmadılar. Nəticədə Türkiyənin təklif etdiyi rasional siyasətin yerinə tamamilə dağıdıcılığa və xaosa xidmət edən addımı atdılar. Türkiyədə yaşayan suriyalıların da yavaş-yavaş öz vətənlərinə geri döncəyini müşahidə edə bilərik. Bu, Türkiyə üçün çox vacibdir”.

T.İsmayılov həmçinin vurğulayıb ki, Əsəd PYD, YPG, PKK terror ünsürlərinin Suriya ərazisində kökünü heç vaxt kəsməyib: “Əksinə, bu qüvvələrdən Türkiyəyə qarşı istifadə etməyə çalışırdı. Əminəm ki, Türkiyənin və Suriyanın qonşuluğundakı həssaslıq nəzərə alınaraq separatçı terrorçuların Suriya ərazisində at oynatmaqlarına icazə verilməyəcək. Bu da Türkiyənin mövqeləri baxımından vacibdir”.

“Dünya siyasətinə təsir edən hadisələr baş verməkdədir”

Politoloq Oqtay Qasımov qeyd edib ki, bu gün Suriyada baş verənlər olduqca böyük əhəmiyyətə malik olan hadisələrdir: “Faktiki olaraq dünya siyasətinə təsir edən hadisələr baş verməkdədir”.

O vurğulayıb ki, hazırda Suriyada aktiv olan ölkələrdən biri Türkiyədir: “Çünki Suriyada baş verən vətəndaş müharibəsinin ən çox ağırlığını çəkən ölkə də məhz Türkiyədir. Belə ki, ölkəyə 6 milyona yaxın suriyalı qaçqın gəlməklə Türkiyədə ictimai-siyasi ab-havaya da kifayət qədər gərginlik gəldi. Eyni zamanda, Türkiyə 60 milyard dollara yaxın vəsait xərcləməklə bu insanların ayaqda qalmasını və yaşamasını təmin etdi. Xüsusilə qeyd etmək lazımdır ki, bu istiqamətdə beynəlxalq təşkilatlardan, o cümlədən Avropadan İttifaqından da hansısa ciddi yardımlar görmədi. Bu gün Türkiyənin də dəstəklədiyi müxalif qüvvələr rejimi devirdilər. Türkiyə bölgədə maraqlı olan dövlətlər içində yeganə dövlətdir ki, Suriyada ərazi bütövlüyünün təmin olması şərti ilə orada yaşayan bütün insanları qucaqlayacaq, onların haqqını tanıyacaq bir dövlət sisteminin qurulmasından yanadır. Hazırda Türkiyənin əsas məqsədlərindən biri məhz budur”.

O.Qasımov Türkiyənin ikinci məqsədinin Suriya ərazisində uzun illərdən bəri yuvalanmış terror təşkilatları, xüsusilə PKK, PYD-yə qarşı mübarizə aparmaq olduğunu qeyd edib: “Bu terror təşkilatları uzun zamandan bəri Türkiyə üçün müəyyən bir təhdid təşkil ediblər. Bu gün də etməkdədirlər. Təəssüf ki, onlar hələ də ABŞ-nin himayəsində qalmaqdadır və ABŞ də onlardan qısa zamanda əlini çəkəsi deyil. Məhz bu baxımdan Suriyanın gələcəyinin qansız-qadasız, sakit keçişlə və gələcəkdə də bütün Suriya cəmiyyətini qucaqlayacaq bir sistemin qurulması Türkiyənin də mənafelərinə uyğundur. Xüsusilə Türkiyənin qırmızı xətti Suriyanın ərazi bütövlüyü, o cümlədən bu ərazilərdə Türkiyəyə və regiona təhdid yaradacaq hansısa terror təşkilatlarının olmamasıdır. Yəni bu ideyalar həyata keçəcəksə, bu, Türkiyə ilə bərabər bölgə ölkələrinin hamısının marağında olacaq. Yox, əgər ABŞ və digər imperial qüvvələr yenə də PKK, PYD-dən və digər terror təşkilatlarından istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışacaqlarsa, təbii ki, bu, ilk növbədə Suriyanın özünə zərər verəcək, o cümlədən Suriya ilə qonşu olan dövlətlərdə və Türkiyədə də bunun neqativ təsirlərini biz görə bilərik”.

Röya İsrafilova