Dağıntılar altında qalan Suriya
11 Dekabr 23:33
Yaxın Şərqdə bütün stereotiplərin yenidən yazıldığı bir dövr başlayıb. Yarım əsrdən çox hakimiyyətdə olan Əsəd rejiminin mövcudluğunun sona çatması bir çox tarazlıqların pozulması, yenilərinin formalaşması anlamına gəlir. Suriya Yaxın Şərqin açar ölkələrindən biridir. Suriyada baş verən hakimiyyət dəyişikliyi ətraf ölkələrin də geosiyasi durumunu dəyişmək gücündədir. Bu hakimiyyət dəyişikliyi bəzi ölkələri zəiflətdiyi kimi bəzi ölkələri də siyasi baxımdan gücləndirdi.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, ətraflı olaraq analiz etmək üçün regional oyunçuların maraq və təsir imkanlarını ayırd etmək lazımdır. Məsələ ondadır ki, ümumən Yaxın Şərq regionunun dünya geosiyasi arenasında yeri hər zaman əsas olub. Yaxın Şərqdə gedən proseslər bir-biri ilə əlaqəli olduğu üçün hansısa baş verən hadisə digər ölkələrə də yayılmaq durumunda olub. Yaxın Şərqdə Liviyada başlayan "ərəb baharı" Yəmənə, Suriyaya keçməsi prosesi qanlı hadisələrlə yadda qaldı. Milyonlarla insan həlak oldu, itkin düşdü, repressiyalara məruz qaldı. Bir sıra terror təşkilatlarının əl-qol açması İŞİD, Cəbhət ən-Nüsrə, PYD və s. kimi terror qruplarını yaratdı. Təbii ki, bu qruplar öz başına yaranmadı. Onları yaradan, arxasında duranlar oldu, bu günə kimi də dururlar. Amma buna rəğmən regionun gələcəyi üçün əhəmiyyətli rol oynayan qruplar da formalaşdı ASO (Azad Suriya Ordusu), Həyət Təhrir-əş Şam (HTŞ) kimi: “Suriya hakimiyyətini ayaqda saxlayan İran və Rusiya Bəşər Əsədin hakimiyyət hərisliyindən istifadə edib öz maraqları naminə Suriya vətəndaşlarına qarşı qırğınlar törətdilər. Milyonlarla suriyalı Türkiyəyə, Avropaya qaçmağa məcbur oldu. ABŞ dəstəkli PKK, PYD-SDQ kürd silahlı qrupları Suriyanın Şimal və Şimal Qərbini işğal etdilər. ABŞ minlərlə silah dolu tır onlara yardım göndərdi. Bu tırların on minlərlə olduğu deyilirdi. Hətta kürd terror qruplarına Hava Hücumundan Müdafiə Sistemlərinin, helikopterlərin belə verildiyi deyildi. Nəticədə Suriya bir neçə yerə bölündü. Şam rejimi İran, Rusiya, “Hizbullah” tərəfindən ayaqda tutuldu. Türkiyə öz sərhəddində təhlükəsizlik zolağı yaratmağa, sərhəd şəhərlərinə PKK tərəfindən edilən hücumların qarşısını almaq üçün Fırat çayının sağ və sol bölgələrində "Zeytun budağı", "Sülh çeşməsi", "Fırat qalxanı" adlı antiterror əməliyyatları keçirdi. İdlibin əldən getməməsi üçün oraya ordu yeritməyə məcbur oldu ki, son proseslər də İdlibdən başladı”.
Geosiyasi qarşıdurma ABŞ-İsrail, İran-Rusiya, Türkiyə arasında elə həddə davam edirdi ki, tərəflər bir-birilərinə açıq şəkildə təhlükə yaratmaqdan çəkinirdilər. ABŞ-İsrail "Kürd döləti" yaratmaq, İran geniş ərazilərdə şiə təəssübkeşliyi adı altında Türkiyə və İsraili təzyiq altında saxlamaq, Rusiya isə I Pyotr dövründən tarixi istəyi olan "isti dənizlərə çıxmaq" arzusunu, Sovet İttifaqının dağılmasından sonra itirdiyi mövqeyini bərpa etmək planlarını həyata keçirirdi. Görünən o idi ki, tərəflər bir-biriləri ilə açıq qarşıdurma həddinə gəlmədən danışıqsız, amma ehtiyatlı addımlarla öz planlarının həyata keçməsi ilə məşğul idilər. Tərəflər bir-birilərinin istəklərinin sərhədlərini qəbul edib bunda israrlı olmurdular. Məsələn, Türkiyənin sərhəddində keçirdiyi üç əməliyyatda hiss olunurdu ki, Rusiya və ABŞ bunun əleyhinə deyillər. Rusiya Suriya ərazisində Hava Hücumundan Müdafiə sistemləri ilə hava məkanını nəzarətdə saxlasa da, Türkiyənin keçirdiyi əməliyyatlar zamanı həmin ərazilərin hava məkanı açıq olurdu. Bununla yanaşı ABŞ PKK-nın ad dəyişmiş qolu olan Suriya Demokratik Qüvvələrinə (SDQ) on minlərlə tır silah-sursat daşıyanda Türkiyə buna ciddi reaksiya vermirdi. ABŞ bunu İŞİD-lə mübarizə adı altında edirdi, hansı ki, bu proses hələ də olmayan İŞİD-lə mübarizə üçün edilir. Deyilənlərdən də aydın olur ki, Bəşər Əsəd rejimi tərəflər üçün planlarını həyata keçirmək baxımından əlverişli olsa da, günahsız
insanların on ildən çox əziyyət çəkməsi baxımından həlledici rol oynadı. Bu, istər rejimin nəzarətində olmayan, istərsə də olan ərazilərdə insanların Əsədin getməsinə göstərdikləri reaksiyalardan bəlli oldu. Təbii olaraq rejimin əleyhdarlarının İdlibdən başlatdığı hücum bir-bir qəsəbələrin, şəhərlərin və sonda Şamın (Dəməşqin) alınması və Əsədin ölkədən Rusiyaya qaçması ilə nəticələndi. Əsas rolu HTŞ və ASO-nun oynadığı hadisələr hələ davam edir. İsrail Suriya dövlətinin de-fakto və de-yure yox olmasını əsas gətitib sərhəddə bufer zonanı və Suriyaya məxsus strateji hərbi hissələri də işğal edib: “Qeyd edək ki, İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və demilitarizasiya zonasının sərhədləri 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanan Qoşunların Çıxarılması Müqaviləsi ilə müəyyən edilib. Lakin iki gün əvvəl İsrail Qolan təpələri tamamailə ələ keçirlib və Netanyahu buradan əsla geri çəkilməyəcəklərini bəyan edib. Görünən odur ki, Suriya ərazisinin bölüşdürülməsi prosesinə start verilib. Hesab edirəm ki, bu fakt Suriyanın bütövlüyünün qorunub saxlanılmasını istəyən Türkiyə üçün problemlər yaradacaq. Ancaq bir nüans İsrailin addımlarını haqlı çıxarır. Məsələ ondadır ki, Türkiyə necə ki, öz ərazisinin təhlükəsizliyi üçün Suriya ərazisində yuxarıda qeyd etdiyimiz əməliyyatlarla bufer zona yaratmışdı, indi İsrail də bunu bəhanə edib eyni addımı atacağı realdır. Bununla yanaşı İsrailin indi ələ keçirdiyi ərazilərdə İsrailli və Suriyalı 1milyon Druzlar yaşayır. Onların ümumi sayı 1.5 milyondur və çoxluğu, yəni 8 yüz mindən çoxu Suriyada olmaqla İsrail, İordaniya və Livanda yaşayırlar. İsrail onların müdafiəsi adı altında həmin ərazilərə ordu yeritdiyini bildirir. Bu isə o deməkdir ki, əgər Suriya federasiyalara bölünsə, Druzların da ayrı bölgəsi olması ehtimalı böyükdür və ya onlar İsrailə birləşmək üçün müraciət də edə bilərlər. Hadisələr hələ ki, artan gərginliklə davam edir.
Türkiyə PKK-ya qarşı Tel-Rıfat və Membiçdən sonra Rakka və Deyr əz-Zor istiqamətində əməliyyatlar aparır. PKK tamamilə Suriya ərazilərindən təmizlənməsi mesajları verir”.
Politoloq onu da vurğulayıb ki, daha bir maraqlı məsələ Suriya məsələlərində Ermənistanın başını başlara qoşmasıdır. Deməli, HTŞ Hələb istiqamətində hücuma başlamamış Ermənistanın orda niyə olduğu bəlli olmayan, Qarabağ müharibəsindən qaçmağı daha yaxşı bacaran ordu adlandırdığı əsgərləri yenə də dabanlarına tüpürüb hamıdan qabaq mövqelərini qoyub qaçmağa başlayıblar. Məlum olub ki, Ermənistan hərbiçilərinin minatəmizləmə adı altında Suriyaya getməsi əslində Əsəd rejiminə dəstək məqsədi daşıyıb. Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərib: “Bəşər Əsəd rejimi həmişə Ermənistanı dəstəkləyib və Azərbaycana qarşı olub. Necə ki, Kəşmir məsələsində də Pakistanı deyil, Hindistanı dəstəkləyib.
Suriya İƏT (İslam Əməkdaşlıq Təşkilatı) çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistana qarşı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb. Ermənistan İran vasitəsi ilə Suriyaya silah göndərib.
Diktator Bəşər Əsədin qətliamlarına haqq qazandırması ilə tanınan keçmiş rejimin baş müftisi Əhməd Bədrəddin Hassun keçmiş Dağlıq Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyib. 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündə çıxışında o bildirib: “Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə
qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”.
Suriyada xeyli sayda erməni silahlı Əsəd səflərində vuruşub və onun yaxın mühafizəsində olub, Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstərib. Türkman (Azərbaycan türkləri – red.) xalqının qətliamında iştirak ediblər. Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərdiyinin sübutları var: “Xocalı soyqırımı zamanı Suriyadan Əsədin xüsusi təyinatları ermənilərlə birgə iştirak edib. Gürcüstandan qalxan helikopterin pilotları Suriya ərəbi və Suriya ermənisi olub.
“Mersedes” firmasının istehsalı olan “Gelandevagen” markalı maşını 1990-cı ildə Suriya Prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sərksiyana hədiyyə edib. Sərkisyan onu bir az sürüb, sonra gürcü biznesmenlə iki tanka dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.
1994-cü ildə Suriya prezidenti həmin maşını gürcü biznesmendən pulla geri alıb, yenidən Sərkisiyana hədiyyə edir! İndi bu “Mersedes” Ermənistanda muzeydə saxlanılır.
Ermənistan baş naziri Nikol Paşinyan Suriya prezidenti Bəşər Əsədi ölkənin milli bayramı münasibətilə təbrik edib.
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, təbrik məktubunda Ermənistanın Suriya üçün çətin bir zamanda respublikanın bərpası prosesinə yardım etməyə hazır olduğu bildirilib. Paşinyan həmçinin qeyd edib ki, "əsrlərin dərinliklərindən gələn və tarixi sınaqlarla möhkəmlənən Ermənistan-Suriya dostluğu iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinin əsasını" təşkil edir.
Suriya erməni terror qruplarının özlərini ən rahat hiss etdikləri məkan olub. Əsəd rejimi bu qruplar üçün Suriyanın şimalında, Haseki bölgəsində qurulan ve Ermənistanın xüsusi dəstək verdiyi ‘’Nubar Ozanyan’’ adlı erməni terror qrupunun mövcudluğuna şərait yaradıb.
Hasekidə qurulan erməni qruplaşmasının Qamışlı, Haseke, Rasulayn, Amude, Tel Abyad, Aynularab ve Rasullayn bölgələrində yer alıb. Suriyada qurulan erməni birliyi özünü ASALA terror qruplaşmasının davamçısı olaraq təqdim edirdi.
Göründüyü kimi, özünü qərbpərəst kimi göstərən Paşinyan hakimiyyəti Yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə əməkdaşlıq edib və edir. Paşinyanın İranın keçmiş prezidenti Ruhani ilə də isti münasibətləri var idi. Ermənistan Rusiya ilə Qərb arasında da eyni riyakar mövqe nümayiş etdirir. Suriyada Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə oldu. Ermənistan artıq Əsəd rejimini ortada qoyub dəstək olmayan İran və Rusiyanın mövqeyindən sonra özünün də ortada yiyəsiz qaldığını başa düşür. Ermənistan Türkiyənin Suriyada möhtəşəm qələbəsindən sonra böyük ehtimalla fikirləşir ki, bəlkə tarixi sahillərə, Osmanlı imperiyasında yüz illərlə sakit və qayğısız yaşadığı dövrlərə qayıtmaq üçün yenidən Türkiyənin qanadları altına sığınsın. Bu ikiüzlü dünyada tək sözünün ağası olan Türk dünyası Ermənistanın yan ala biləcəyi tək sahil olaraq görünür deyə fikirləşirlər”.
Cavid