“HTŞ siyasi partiyaya çevrilə bilər”-Müşfiq Abadulla Gündəm

“HTŞ siyasi partiyaya çevrilə bilər”-Müşfiq Abadulla

“Əhməd Hüseyn əş-Şaraanın (Məhəmməd əl-Colani) geyimini dəyişməsi daha çox peşəkar siyasi fəaliyyətə qoşulması və xarici dövlətlərin, xüsusilə də Türkiyənin gizli təsiri ilə izah edilir. Amma onu da nəzərə almaq lazımdır ki, Suriya yarandığı gündən dünyəvi dövlət olub”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasət yazarı Müşfiq Abdulla deyib.
O, bildirib ki, çoxmillətli və çox konfessiyalı Suriyada teokratik rejim qurmaq asan deyil: “Üstəlik, Colani anlayır ki, keçmişi ilə əlaqəsini kəsmədən Qərbin siyasi dəstəyini qazana bilməyəcək, ABŞ və Avropa İttifaqı ona qarşı sanksiyaları aradan qaldırmayacaq. Bu isə onun qururlmaqda olan hakimiyyətini hələ formalaşmadan İsrailin hədəfinə gətirə bilər. Sekulyar siyasi sistemin ləğvini və Qərblə qarşıdurma xəttini Türkiyə də dəstəkləməyəcək. Bu, Suriyada vətəndaş müharibəsinin bərpasına gətirib çıxara bilər. Çünki Türkiyə cənub sərhədlərində siyasi sabitlik istəyir və yeni münaqişəyə cəlb olunmaqda maraqlı deyil. Ona görə də Colaniyə siyasi imicini dəyişmək üçün xaricdən ciddi məsləhətlərin verildiyi şübhə doğurmur. Prezidentliyə iddialı olan HTŞ lideri qiyafəsini dəyişməklə yalnız əksəriyyətini sünnilər təşkil edən Suriya müsəlmanları arasında dindar kəsimin deyil, dünyəvi elektoratın və qeyri-müəlmanların da səslərini qazana bilər. Bu baxımdan, Məhəmməd əl-Colaninin dini lider ləqəbindən imtina edərək öz rəsmi adı ilə çıxış edəcəyi (Əhməd əş-Şaraa) və HTŞ-nin adını dəyişdirərək bütün cəmiyyətin müxtəlif kəsimlərinin maraqlarını əhatə edəcək siyasi partiyaya çevirəcəyi də gözləniləndir”.