Bakının tıxac dərdi: problemin kökü və çıxış yolları
18 Dekabr 23:30
Zahid Oruc: “Türkiyə ABŞ və İsrail qüvvələri ilə toqquşa bilər”
Aydın Mirzəzadə: “Suriyanın bərpası kənar ölkələrin dəstəyi olmadan çox çətindir”
Elman Nəsirov: “Suriyadakı proseslərdə rəsmi Ankaranın fəal iştirakı tam məntiqlidir”
Suriyada Əsədsonrası dönəm üçün vəziyyətin necə olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hazırda Suriyada güclü mövqelərə sahib olan Türkiyənin taktiki, yoxsa strateji üstünlük qazanması ilə bağlı müzakirələr aparılır. Türkiyənin yürütdüyü siyasəti xüsusilə bəzi müxalifət təmsilçiləri arasında tənqid edənlər də var.
Onu da əlavə edək ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Suriyaya səfəri ciddi mesaj idi. Ümumiyyətlə real mənzərə nədən ibarətdir?
“Xalq Cəbhəsi” real hərbi-siyasi vəziyyəti millət vəkilləri ilə aydınlaşdırmağa çalışıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Suriya xarici siyasət mənafelərinin həm də daxildə silahlı qüvvələr vasitəsilə gücləndiyi bir məkandır: “Sanki əksər dövlətlər orada bir-birinə qarşı amansız savaşın tərəfindədirlər. Bu, Türkiyənin strateji maraqlarına zərbə vurur. Doğrudur, 10 ildən artıqdır ki, 4 milyona yaxın insanın orada saxlanması xalqın içərisində Türkiyəyə böyük sevgi və simpatiya yaradıb. Hətta mümkündür ki, başqa ərəb ölkələrində də Türkiyəyönümlü hakimiyyətlər qurulsun. Digər tərəfdən mülki həyatın dinc məcrada inkişafı üçün bütün iqtisadi problemlər ortadan qalxmalıdır, amma neft olan hövzələr PYD/YPG terror təşkilatlarının, digər qiymətli metallar ikinci etnik qrupların əlindədir”.
Z.Oruc əlavə edib ki, biz əslində Hələb başda olmaqla azərbaycanlıların yaşadığı ərazilərdə türkmənlər Suriyanın dövlət idarəçiliyində mühüm vəzifələrdə təmsil olunmalıdırlar: “Türkiyə orada dövlətin qurulması prosesinə nəzarət edən dövlət olmalıdır. Azərbaycan Prezidentinin Ərdoğana telefon zəngi, Suriya xalqını təbriki və Türkiyə ilə birgə hərəkət çağırışları elə onun işarəsidir ki, biz Yaxın Şərqdə qardaş ölkənin strateji planlarını alqışlayırıq, onun tərəfindəyik. Bu Türk dünyasının nüfuzunun genişlənməsinə, təsir dairəsinin böyüməsinə şərait yaradır. Bildirək ki, Vətən Müharibəsindəki qələbədən sonra bu, həqiqətən də mühüm hadisədir. Ancaq risklər də var. Ən başlıca məsələ kolani ilə Kalının görüşlərində, orada baş verən ilkin ayinlərin icrası və tədbirlər zamanı da qlobal mənada verilən mesaj o idi ki, Türkiyənin burada ağırlıqlı rolu və mövqeyi olacaq”.
Deputat bildirib ki, ABŞ-nin Suriyada onsuz da minə yaxın qüvvələri var və artırmağa çalışırlar: “O cümlədən PYD/YPG-yə verilən silahlarla yanaşı, maliyyə və humanitar yardımları da gücləndirirlər. Bunun mənası nədir? Başa düşülməsi çətin məsələ deyil ki, ABŞ savaşı yalnız Bəşər Əsədlə aparmayıb. Görünən mənzərə budur ki, 2005-ci ildə yayılan, ictimailəşən bu böyük Yaxın Şərq planı daha geniş coğrafiyaları əhatə etməlidir. Əsədin hakimiyyətinin çöküşü səbəbləri sırasında xalqın sosial vəziyyəti, daxili toqquşmalar, terror, qlobal mənafelərin çarpışması və s. ilə yanaşı, Əsəd hakimiyyətinin qorunmasında əsas yer alan Hizbullahın zəifləməsi, İran və Rusiyadan dəstək verilməməsi həlledici faktorlardır.
Ona görə də Təl-Əvivdə düşünürlər ki, Əsədin devrilməsində biz rol oynamışıq və ən çox payı biz götürməliyik. Həm siyasi, həm iqtisadi, həm də coğrafi mənada. Görürsünüz, dərhal da Qolan təpələri ətrafındakı əvvəlki dövrdə neytral sayılan hissələrə dərhal İsrail qoşunları yeridildi. Suriyanın hərbi resurslarının 80 faizini məhv etdildiyi bildirildi. 9 dekabrdan bu yana dayanmadan zərbələr davam etdririlir. Bu o deməkdir ki, Qəzzadan, Cənubi Livandan tutmuş Suriyanın böyük hissəsinədək İsrail özünün coğrafi cəhətdən genişlənməsini təmin edir.
Əgər Türkiyə terror təşkilatlarını zərərsizləşdirəndən sonra Kolani hakimiyyəti xarici təzyiqlərə müqavimət göstərə bilməyəcəyi təqdirdə Türkiyə yardım edə bilər. Belə olan halda isə Türkiyə ABŞ və İsrail qüvvələri ilə toqquşa bilər. Real mənzərə bundan ibarətdir və bu riskləri görmədən hərəkət etmək olmaz. Lakin bizim Azərbaycan dövləti olaraq mövqeyimiz Yaxın Şərqdə sülhün, əmin-amalığın təmin olunmasıdır. Çünki oradan ixrac olunan terror və risklər bizim də mənafelərimizə təsir edir”.
“Hər iki ölkənin yaxşı münasibətlər qurmaq istəyi ortadadır”
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Türkiyə və Suriya qonşu ölkələrdir, onların min illərlə davam edən qonşuluq münasibətləri, bəzən ümumi tarixləri, oxşar mədəniyyətləri var: “Suriyada türk, Türkiyədə isə ərəb icması yaşayır. Bu ölkələr bir-biri üçün heç də biganə deyil. Suriyada baş verən hadisələr rejim dəyişikliyinə, orada vətəndaş müharibəsi vəziyyətinin dayanmasına səbəb oldu. Suriyada Əsəd rejiminin siyasəti nəticəsində Türkiyə ilə münasibətlər arzuolunan səviyyədə deyildi. Amma indi hər iki tərəf yaxşı münasibətlər qurmaq niyyətində olduqlarını bildirirlər. Türkiyənin Dəməşqdəki səfirliyi uzun fasilədən sonra fəaliyyətini davam etdirir və hər iki ölkənin yaxşı münasibətlər qurmaq, hətta müttəfiq olmaq istəyi ortadadır”.
A.Mirzəzadə həmçinin vurğulayıb ki, aparılan məsləhətləşmələr onu göstərir ki, tərəflər ikitərəfli münasibətlərin modelini qururlar: “Bu model də bir-birinə dəstək, hörmətlə yanaşma, regionda sülhün əmin-amanlığın bərpa edilməsidir. Eyni zamanda, uzun müddət davam edən vətəndaş müharibəsi Suriyanı viran qoyub. Onun bərpası kənar ölkələrin dəstəyi olmadan çox çətindir. Türkiyə Suriyanın bugünkü humanitar böhrandan çıxmasına dəstək vermək arzusunu bildirib. Bu barədə də danışıqlar gedir. Tək Türkiyə deyil, Azərbaycan da Türkiyə ilə birlikdə Suriyada humanitar problemin həllinə öz dəstəyini bildirir. Hesab edirəm ki, Türkiyə-Suriya münasibətləri, eyni zamanda, Suriya-Azərbaycan münasibətlərinin də yaxşılaşmasına kömək edəcək”.
“Suriyasda rəsmi Ankaranın fəal iştirakı tam məntiqlidir”
Milli Məclisin deputatı Elman Nəsirov diqqətə çatdırıb ki, İbrahim Kalının Suriyaya səfəri təsadüfi sayılmamalıdır: “Çünki Türkiyənin Suriyada çox ciddi təhlükəsizlik maraqları cəmlənib. Bu heç kəsə sirr deyil ki, Türkiyə ərazisində Suriyada yaşanan vətəndaş müharibəsi fonunda 4 milyona qədər qaçqın var. Türkiyə onlara qucaq açdı, böyük dəstək verdi, indi də onların öz torpaqlarına qayıdışı problemlərinin həlli ilə məşğuldur”.
O vurğulayıb ki, Suriya ərazisindən Türkiyəyə qarşı iki istiqamətdə təzyiqlər olub: “Birincisi, Bəşər Əsəd hökuməti tərəfindən, ikincisi isə Əsəd hökuməti ilə sıx əlaqədə olan PKK-nın tör-töküntüləri YPG/PYD-nin Türkiyəyə qarşı terror təhlükələri fonunda. Bu reallıq vadar edir ki, Türkiyə Suriyadakı proseslərdə fəal iştirakçı olsun. Nəzərə alsaq ki, Suriyada hələ Əsəd dönəmində vətəndaş müharibəsi reallıqlarında Türkiyə ilə yanaşı, İranın, Rusiyanın, ABŞ-nin, İsrailin də hərbi qüvvələri cəmlənmişdi. ABŞ-nin Suriyada 900-ə qədər əsgər və zabiti var. Onlar da birbaşa Türkiyə əleyhinə olan kürt terrorçu təşkilatlarını dəstəkləyirdilər, hətta bunu gizlətmirdilər də. Belə olan təqdirdə heç şübhəsiz ki, Türkiyə Suriyada yaranmış yeni reallıqda təhlükəsizlik maraqlarından çıxış edərək həm də öz geostrateji maraqlarından irəli gələrək Suriyadakı proseslərdə fəal tərəfdir. Nəzərə alsaq ki, Əsədin üzərində qalib gəlməsində xüsusi rol oynamış islamçı qruplaşma Təhrir əş-Şam da Türkiyənin fəaliyyətini müdafiə edir. Türkiyə də onları müdafiə edir. Belə olan halda isə Postbəşər dövrünün Suriyasında rəsmi Ankaranın fəal iştirakı tam məntiqlidir, anlaşılandır və Türkiyə də məhz bu reallıqlardan çıxış edərək öz fəaliyyətini həyata keçirir. Bu baxımdan Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının Suriya səfəri, apardığı danışıqlar tam Türkiyənin milli maraqlarına cavab verir”.
Röya İsrafilova