“Paşinyan sülh göyərçinliyi etməkdənsə, real sülhə hazır olduğunu əməldə də təsdiqləməlidir” - deputat Gündəm

“Paşinyan sülh göyərçinliyi etməkdənsə, real sülhə hazır olduğunu əməldə də təsdiqləməlidir” - deputat

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Emmanuel Makronu, bütövlükdə Fransa siyasi "elitası"nı, öz təbirincə desək, yaxadan asılan Bayden administrasiyasını, ABŞ Dövlət Departamentinin başında duranları və Avropa Birliyini "çiçəklənən bağ", dünyanın digər hissəsini isə "cəngəllik" adlandıran faşist ünsürü Jozep Borreli heç vaxt belə sərt dillə tənqid etməmişdi. Onun "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsindəki həmin açıqlamalar əslində tənqiddən də çox, haqqında danışılanların Azərbaycana qarşı son 4 ildəki fəaliyyətlərinin, eləcə də dünyada yeritdikləri siyasətin, bizim regionu yenidən qarışdırmaq cəhdlərinin dəqiq qiymətləndirilməsidir və əminəm ki, dövlətinə, millətinə, vətəninə bağlı hər bir soydaşımızın ürəyindəndir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev əlavə edib ki, sözügedən müsahibədə dövlət başçımızın Ermənistanı durmadan silahlandıranlara etdiyi xəbərdarlıqlar onları regionumuza yanaşmada yeritdikləri iyrənc siyasəti davam etdirməkdən çətin ki, çəkindirsin: “Çünki bu silahlandırma təhlükəsizliyimiz üçün təhdid yaradacaq səviyyəyə çatdığı təqdirdə görüləcək cavab tədbirləri, yəni təhdid nöqtələrinin sıradan çıxarılması onlar üçün elə də böyük itki sayılmayacaq. Qərbdəkilər cənab Prezidentin də vurğuladığı kimi Ermənistana silah-sursatı onsuz da ya pulsuz ötürür, ya da kreditlə satırlar. Həmin kreditlər də müəyyən bir vaxtdan sonra silinəsidir. Amma rəsmi İrəvan unutmamalıdır ki, Azərbaycanın endirəcəyi cavab zərbəsi ilə təkcə Fransa, Hindistan və ABŞ-dən aldıqları hərbi texnika deyil, həm də canlı qüvvələri məhv ediləcək. Onsuz da depopulyasiyanın dərin kök saldığı bir ölkəyə bu lazımdırmı? Son 10 gündə Fransa ilə 3 hərbi sövdələşmə xosunlaşması aparan rəsmi İrəvan bu sual üzərində dərindən düşünsə heç də pis olmaz”.

Deputat həmçinin vurğulayıb ki, Paşinyan sülh göyərçinliyi etməkdənsə, real sülhə hazır olduğunu əməldə də təsdiqləməlidir: “Azərbaycan Prezidentinin vurğuladığı kimi sülh anlaşmasının mətnindəki iki maddə - bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, başqa ölkələrin təmsilçilərini sərhədlərimizdə yerləşdirməməklə bağlı da razılığa gəlinməlidir. Amma onlar qarışıq sülh anlaşmasının 17 maddəsinin 17-də razılaşdırıldığı təqdirdə belə Ermənistan öz Konstitusiyasına dəyişiklik etməyincə və Azərbaycana qoşularaq Minsk qrupunun buraxılması təşəbbüsündə bulunmayınca iki ölkə arasında hər hansı bir sülh müqaviləsinin bağlanacağı elə də inandırıcı deyil. Hər halda cənab Prezidentin ilk dəfədir ki, hansı maddələr üzrə razılığın əldə olunmadığının açıqlandığı həmin müsahibədən mənim çıxardığım nəticə belədir”.

S.Alıyev cənab İlham Əliyevin Gürcüstanda baş verənləri Qafqaz uğrunda savaş kimi qiymətləndirməsinin də son dərəcədə diqqətçəkici olduğunu deyib: “Prezidentin proqnozu da təsdiqləyir ki, dövlət başçıları arasında uğursuz siyasət yeritmək üzrə dünya çempionu E.Makronun “sərkərdə”lik etdiyi bu savaşı da Qərb uduzmaq üzrədir. Nə yaxşı ki, belədir. Ona görə yox ki, dövlət başçımızın da qeyd etdiyi kimi Afrikadan da qovulan ölkəsini iflasa uğratmış, böyüklüyündən əsər-əlamət qoymamış Fransa Prezidenti bununla daha bir uğursuzluğa imza atacaq. Ona görə ki, Qərbdəki bəlli çevrələrin bu regionda bölücü xətlər çəkmək, Ermənistanla Gürcüstanı öz plasdarmlarına çevirmək planı baş tutmayacaq”.

Röya İsrafilova