“Biz gələcəyə hesablanmış strateji addımlar atırıq” Gündəm

“Biz gələcəyə hesablanmış strateji addımlar atırıq”

“Cənab Prezident İlham Əliyevin “Rossiya-24” kanalına müsahibəsi bir sıra mühüm məqamlarla yadda qaldı. Xüsusilə Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə baş verən prosesləri, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri haqqında çox ciddi mülahizələr var idi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

İ.Hüseynov əlavə edib ki, eyni zamanda, bu müsahibə həm rusdilli auditoriyada, eləcə də Cənubi Qafqaz problemi ilə maraqlanan şəxslər arasında da ciddi müzakirə edilir, təhlil olunur: “Çünki Dmitri Kselyova müsahibəsi zamanı Prezident İlham Əliyev çox sadə dildə regional və qlobal məsələlərə toxunaraq yüksək intellekt, erudisiya nümayiş etdirdi, qlobal baxışları kifayət qədər aydın idi və fikirlərin məntiqi ardıcıllığı da bir azərbaycanlı olaraq, ekspert olaraq məndə böyük fəxarət, qürur hissi formalaşdırdı. Çünki bu gün dünyada liderlərin defisiti var. Liderlərin atdığı addımların müəyyən ziddiyyətli olması prosesi görünməkdədir. Azərbaycan lideri isə ərazi bütövlüyü və suverenliyini təmin etmiş dövlətin başçısı kimi həm də qlobal təhlükəsizliyə təşviq edir”.

Politoloq vurğulayıb ki, dövlət başçımız xüsusilə Gürcüstan ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və onun doğurduğu çətinliklər, onun həlli variantları istiqamətində mühüm fikirlər səsləndirib məsələnin mahiyyətinə toxundu, onun kökü haqqında fikirlərini bölüşdü: “Burada xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev kimi liderlərə qlobal mənada ehtiyac var. Bu, aydın şəkildə özünü göstərir. Çünki planetar təfəkkürlü şəxslər dünya siyasətində, müasir beynəlxalq münasibətlər sistemində hər zaman praqmatizmi ilə, rasional düşüncəsi ilə seçilir. Bizim Prezidentimiz də məhz belə şəxslərdəndir, daim sülhə, təhlükəsizliyə, sabitliyə, əmin-amanlığa, tərəfdaşlığa, bərabərhüquqlu əməkdaşlığın qurulmasına can atır və biz ətrafımızda təhlükəsizlik zonası formalaşdırmışıq. 3+3 platforması, müttəfiqlik bəyənnamələri, müqavilələri həm də bunu deməyə əsas verir ki, biz gələcəyə hesablanmış strateji addımlar atırıq. Bu, milli təhlükəsizliyimizi, maraq və mənafelərimizi daha da möhkəmləndirən amildir”.

Röya İsrafilova