“D-8-in uğurlarının artması üçün Azərbaycan əlindən gələni edəcək” – deputat Gündəm

“D-8-in uğurlarının artması üçün Azərbaycan əlindən gələni edəcək” – deputat

“Həyat birmənalı olaraq sübut etdi ki, Qərbdə nə qədər demokratik dəyər axtarsaq da, Qərb Ermənistanı müdafiə edir, Ermənistanın Azərbaycana qarşı 30 illik işğalçılıq siyasətini dilə gətirmir, əksinə, Qərb parlamentləri Azərbaycanın qələbəsini həzm edə bilmir və Azərbaycana qarşı hər cür ədalətsiz qərarlar çıxarırlar. Utanmadan, usanmadan qərar çıxarırlar və dünənə qədər ermənilərin gözyaşına inanıb bu qərarları çıxarırdılar. Bu gün də məğlub Ermənistanın məğlubiyyətini həzm edə bilməyib Azərbaycana böhtan atırlar. Ona görə də Azərbaycanın dövlət başçısı birmənalı olaraq qeyd etdi ki, bizim ailəmiz Türk dünyasıdır, müsəlman dünyasıdır. Doğrudur, vaxtilə elə müsəlman dediyimiz ölkələrin də bir çoxu ya bilərəkdən, ya bilməyərəkdən erməni dəyirmanına su tökdürdü. Amma nə yaxşı ki, bu gün onlar qalib Azərbaycanı qalib dövlət kimi qəbul edir və onu öz yanlarında, öz bərabərində görməyi özləri üçün şərəf bilirlər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib.

A.İsgəndərov diqqətə çatdırıb ki, elə dekabrın 19-da Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammitində Azərbaycanın da bu Təşkilata üzv seçilməsi ölkəmizin növbəti uğuru, həm də türk-müsəlman dünyasının güclənməsi üçün çox böyük siyasi hadisədir: “Məlumdur ki, bu gün Azərbaycana dost və qardaş olan Türkiyə Cümhuriyyəti gələcək Suriyanın taleyi ilə bağlı mümkün olanları edir. Türkiyə Cümhuriyyətinin dünyaya mesajı ondan ibarətdir ki, qonşu dövlətlər bu məsələni həll edə bilərsə, o zaman kənar, uzaq okeanların o yanında yerləşən dövlətlərin burada nə işi var? Onlar niyə Suriya xalqının hüquqlarına müdaxilə edərək onun haqqını tapdalayır? O cümlədən bu gün Azərbaycan da müstəqil bir dövlət kimi bu Təşkilata daxil olmaqla həm Təşkilatın üzvlərinin sayını artırmış olur, həm də bu Təşkilatın iqtisadi əməkdaşlıq sayəsində uğurlarının daha da böyüməsinə şərait yaradır”.

Deputat tarixə nəzər salaraq əlavə edib ki, Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çətinlikləri üzücü oldu: “Əslində o, bərpa olunan müstəqilliyin şirinliyini dada bilmədi, erməni tərəfi havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi və Azərbaycan xalqının 1 milyonu həm Qərbi Azərbaycandan qovuldu, həm də Qarabağ və Zəngəzurdan öz tarixi torpaqlarından çıxarılaraq qaçqın və köçkün həyatı yaşağa məcbur edildi. O zaman təbii ki, elə bu müsəlman dövlətlərin Azərbaycana kömək edəni də oldu, Azərbaycanın haqqını görməyəni də oldu. Amma son nəticə o oldu ki, Azərbaycan dövlətinə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 gün ərzində düşmən darmadağın edildi və 100 il bundan əvvəl 1923-cü ildə yaradılan Muxtar qurum 2023-cü ilin sentyabrında tarixdən silindi. Bununla Azərbaycan öz suveren ərazisinin sahibi oldu”.

Professor D-8-ə ölkəmizin üzvlüyünün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirəcəyinə əmin olduğunu deyib: “Çünki Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən bir dövlətdir və dünyanın ədaləti üçün hətta Avropanın 10 dövlətinə enerji verir, enerji yolları Azərbaycan ərazisindən keçir və gələcəkdə də D-8-in uğurlarının artması üçün Azərbaycan əlindən gələni edəcək”.

Röya İsrafilova