“Yaxın Şərqdə söz sahibi türk dövlətləri olacaq” Gündəm
“Aparılan uğurlu siyasətin nəticəsində Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etdi, ərazi bütövlüyünü təmin etdi və bütün bu prosesi beynəlxalq hüquq normalarına, BMT-nin nizamnaməsinə uyğun apardı”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloqun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilməmiş qalmışdı, Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həmin qətnamələr yerinə yetirildi və Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artdı: “Həmçinin onu da qeyd edim ki, bu il Azərbaycanda dünyanın ən böyük tədbiri olan COP29 yüksək səviyyədə keçirildi. Tədbirdə 75 mindən artıq insan iştirak etdi. COP29 tədbirinin başqa keçirilən COP tədbirlərindən ən yüksəyi, ən yaddaqalanı, ən məzmunlusu olduğu da qeyd olundu”.
E.Həsənov vurğulayıb ki, dünyanın dörd bir yanında müharibələr getdiyi bugünkü zamanda Azərbaycan azadlıq adası kimi tanınır, sevilir: “Azərbaycanın illər əvvəl İslam Əməkdaşlıq Təşkilatına üzv olması, həmçinin bir neçə gün öncə dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən tədbirdə Azərbaycanın Baş nazirinin iştirak etməsi və Azərbaycanın D-8-ə üzv olması, doğrudan da ölkəmizin indiyə qədər apardığı siyasətin müsbət nəticəsidir. Həmin ölkələr böyük dövlətlərdir və dünyada həm İslam həmrəyliyinin güclənməsində, İslam dəyərlərinin dünyada təbliğində rolları böyükdür. Avropada, Amerikada İslam deyəndə müəyyən mənada terroristlər, özlərinin hazırladıqları terrorist qruplar nəzərdə tutulur. Ancaq İslam dəyərləri, İslam dini daha güclü, daha dünyəvi dindir. Bu din xalqlar arasında dostluğu, bir-birinə zülm etməməyi, sülh şəraitində yaşamağı, insanların bir-birinə dəstək olmasını təbliğ edir”.
O qeyd edib ki, bu səbəbdən Azərbaycanın D-8-ə və İslam Əməkdaşlıq Təşkilatına üzv olması çox önəmlidir: “Bu əsasən iqtisadi təşkilatdır, buradakı ölkələr iqtisadi sahədə əməkdaşlıq üçün siyasət yürüdür. Hesab edirəm ki, Azərbaycan daha güclü olması üçün bu ölkələrlə əməkdaşlıq edəcək. Onu da qeyd edim ki, bu gün dünya siyasi arenasında, xüsusilə Suriyada olan hadisələrdə Türkiyənin önəmi daha da böyüdü və bu gün bəzi bədxah qonşularımız hesab edir ki, məhz Türkiyənin sayəsində Suriya Milli Ordusu Əsəd rejiminə və onun arxasında duran İran, Rusiya qüvvələrinə qalib gəldi və indi də Cənubi Qafqazda Türkiyə böyük söz sahibinə çevriləcək. Bu yöndə də onlar narahatlıqlarını bildirirlər”.
Politoloq bundan sonra həm Yaxın Şərqdə, həm Cənubi Qafqazda, eləcə də Orta Asiyada söz sahibinin türk dövlətləri olacağını bildirib: “Bizim də məramımız, məqsədimiz digər xalqlarla xoş qonşuluq münasibətində yaşamaqdır. Heç kimin torpaqlarında gözümüz yoxdur, öz torpaqlarımızı da heç kimə verəsi deyilik. Bu müttəfiqlik bundan sonra daha da güclənəcək, Azərbaycan da həmişə olduğu kimi burada da öz sözünü deyəcək”.
Röya İsrafilova