“Azərbaycan ənənəvi dəyərlərin cazibə qüvvəsinə çevrilir” Gündəm
“Hesabat baxımından ötən dövrə nəzər yetirdiyimiz zaman Azərbaycanın xarici siyasət uğurlarında əhəmiyyətli irəliləyişlərin şahidi oluruq. Ən yeni dövrdə nəinki regionda, hətta dünyada Azərbaycan qədər uğurlara imza atan ölkə yoxdur fikrini heç bir mübaliğəsiz, rahat şəkildə demək olar. Ərazi bütövlüyünün bərpası, suverenliyin təmin olunması, Qarabağın dirçəldilməsi, “Böyük Qayıdış” proqramının uğurlu icrası, ölkə vətəndaşlarının təhlükəsiz yaşaması, ictimai-siyasi sabitlik, dünyanın ən mötəbər tədbirinə ev sahibliyi etmək və sairə kimi mühüm proseslərlə yanaşı, digər cinahda da daxili və xarici düşmənlərə sinə gərmək hər liderin işi deyil ki, bütün bunların öhdəsindən siyasi savadı qədər, malik olduğu şəxsi keyfiyyətləri ilə məhz cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev gəlir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq əlavə edib ki, İlham Əliyev Prezident kimi də, tarixi şəxsiyyət kimi də adını nəinki Azərbaycan, dünya tarixinə yazmağı bacardı: “Xarici siyasəti milli təhlükəsizliyin mərkəzinə qoymaq üzrə dünya liderləri dövlət başçımızın fikirlərinə, addımlarına müraciət etməlidir desək, heç də yanılmarıq. Özü də müharibə, münaqişə və tarixdən utancla silinən rejimlər fonunda. Sözügedən xüsusiyyətləri isə biz yox, dünya liderləri dəfələrlə mötəbər tədbirlər zamanı dövlət başçımız haqqında deyiblər”.
Ş.Həsənova vurğulayıb ki, milli təhlükəsizliyimizin mərkəzində fəal xarici siyasət dayanır: “Məsələ həm də orasındadır ki, atılan addımlar regional təhlükəsizliyin dayanıqlı olmasına yol açır. Digər tərəfdən də dünya yeni çağırışlarla üz-üzədir. Bu günlərdə iqlim beynəlxalq əlaqələri həmişəkindən daha vacibdir. Çünki təhdidlər əvvəlkindən daha az proqnozlaşdırıla bilən hal alıb. Müasir tendensiyaların nəbzinu tutan dövlət başçımızın rəhbərliyi altında Azərbaycan dünyanın ən nüfuzlu tədbirini uğurla yola saldı. Müasir dünyada imkanların dəyişdiyi qədər onları fürsətə dəyişmək situasiyaları da yaranır. Dəyişən iqtisadi və siyasi mərkəzlər bu fürsətləri də istismar etməyə çalışır. Yeni bir çağırış da onlara cavab verməyə hazır olmaqdır. Çünki təhlükəsizliyimizi qoruyarkən dəyərlərimizi də qorumaq kimi əlavə bir mübarizəmiz də üzə çıxır. Bu istiqamətdə mübarizə aparmağa cəsarət tapan liderlər azdır. Burada da Azərbaycan Lideri qabarıq formada üzə çıxır. Azərbaycan bununla da ənənəvi dəyərlərin cazibə qüvvəsinə çevrilir”.
Röya İsrafilova