“Hər zaman yanınızdayıq, cənab Prezident!” - deputat Gündəm

“Hər zaman yanınızdayıq, cənab Prezident!” - deputat

“2024-cü ili başa vurmaqdayıq və bu il böyük uğurlarla Azərbaycanımızın bütövlüyünün, suverenliyinin təsdiqi ili olaraq tarixə daxil olur. Biz 2024-cü ildə 30 ildən artıq işğal altında qalmış və 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi, ordumuzun, əsgərlərimizin, xalqımızın şücaəti ilə işğaldan azad etdiyimiz torpaqlarımızda, ötən il həyata keçirdiyimiz antiterror əməliyyatlarından sonra tamamilə azad olmuş torpaqlarımızın bütün ərazilərində ilk dəfə Prezident seçkisi keçirdik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə idi ki, Azərbaycan ərazisində Prezident seçkiləri keçirilirdi. Hər bir Azərbaycan vətəndaşı öz iradəsini bir daha bu seçkidə təsdiq etdi və Müzəffər Ali Baş Koamndan Prezident İlham Əliyevə yekdilliklə səs verdi. Daha sonra suveren ölkəmizdə ilk dəfə Parlament seçkisi keçirildi. Xalq öz etimad göstərdiyi namizdələrinə səs verdi. Beləliklə, bir daha xalq öz dövlətinə, dövlətçiliyinə, öz gələcəyinə, inkişafına səs vermiş oldu”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva söyləyib.

J.Əliyeva 2024-cü ilin uğurlarından bəhs edərkən vurğulayıb ki, Azərbaycan bu il uğurlarının davamı olaraq çox möhtəşəm bir tədbirə - COP29 konfrasına ev sahibliyi etdi: “Bildirim ki, Azərbaycan bu tədbirə sadəcə ev sahibliyi etmədi, bütün dünyaya bir daha bu konfrans vasitəsilə öz mövqeyini, sarsılmazlığını, gücünü, möhtəşəmliyini nümayiş etdirdi. Konfrans zamanı cənab İlham Əliyevin cəsarətli çıxışı, dünyaya etdiyi çağırışlar düşünürəm ki, çox əhəmiyyətli idi. Eləcə də bu gün hələ də ikili standartlarla çıxış edən bir çox ölkələrə açıq bir mesaj idi”.

Deputat qeyd edib ki, Azərbaycan 2024-cü ildə daha əvvəlki illərdə başlatdığı böyük uğurlu islahatları davam etdirdi: “Bu il daha əvvəllər Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan inqilabi dəyişikliklər uğurla davam etdirildi. Bu yaxınlarda Milli Məclisdə 2025-ci ilin büdcə müzakirələri zamanı önümüzdəki illər üçün cənab Prezident tərəfindən təqdim edilən sosial paket də müzakirə edildi və bu sosial paket hər zamankı kimi ölkənin bütün təbəqələrini, xüsusilə də qorunmağa ehtiyacı olan təbəqələrini bir daha əhatə edəcək, onların yaşayış səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq. Elə dünən yenə cənab Prezident tərəfindən müavinətlərin, pensiyaların artırılması haqqında Sərəncam imzalandı. Bu da büdcəmizin möhkəmlənməsinin, Azərbaycan insanının yaxşı həyat tərzinin təminatçısı olan dövlətimizin yeni bir uğurudur”.

O, 2024-cü ildə iqtisadi, sosial, beynəlxalq, diplomatiya, ordu quruculuğu, mədəniyyət, idman sahələrində uğurlardan bəhs edərək əlavə edib ki, Azərbaycanın getdikcə sadəcə bölgənin deyil, artıq dünyanın nüfuzlu bir ölkəsinə çevrilməkdə olduğunu təkcə biz yox, bütün dünya deyir: “Dünya bizimlə hesablaşmaq məcburiyyətindədir. Çünki Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Onların qarşısında çox güclü, müstəqil, azad, suveren, torpağını düşmən tapdağından təkbaşına azad edən, heç kimdən heç bir yardım almadan bu yolda irəliləyən və bundan sonra da haqlı olduğu yolda inamla irəliləyəcək olan bir Azərbaycan var. Elə bu günlərdə cənab Prezidentin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə və müsahibədə toxunulan mətləblərin hər birinin arxasında bir daha qeyd edirik ki, Azərbaycanın sarsılmaz mövqeyi, dəmir iradəsi, güclü Azərbaycan siyasəti, diplomatiyası, “Bizim sözümüz imzamızdır” deyə cənab Prezidentin qətiyyəti dayanır. Biz bu günlərin sevincini yaşayırıq”.

J.Əliyeva həmçinin cənab Prezident İlham Əliyevin doğum günü münasibətilə onu təbrik edib: “Möhtərəm Prezidentimizi səmimi qəlbdən təbrik edirik və demək istəyirik ki, Azərbaycanın güclü ordusu kimi xalqın da hər bir nümayəndəsi - bizlər bir ordu təmsilçisi kimi hər zaman yanınızdayıq, sizin əsgərinizik, cənab Prezident! Təbrik edirik!”.

Röya İsrafilova