D-8-ə üzvlük: Azərbaycan nə qazanacaq? Gündəm
Ötən həftə Misirin paytaxtı Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti keçirilib. Sammitdə Azərbaycan sözügedən Təşkilata üzv seçilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də özünün sosial şəbəkə hesabından məlumat paylaşaraq Azərbaycanın digər ölkələrlə birlikdə Təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanın D-8-ə üzvlüyü ölkəmizə nələr qazandıracaq bununla bağlı Milli Məclisin deputatları, politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
“Bu, çox böyük siyasi hadisədir”
Milli Məclisin deputatı, professor Anar İsgəndərov diqqətə çatdırıb ki, Azərbaycanın bu təşkilata üzv seçilməsi ölkəmizin növbəti uğuru, həm də türk-müsəlman dünyasının güclənməsi üçün çox böyük siyasi hadisədir: “Azərbaycan müstəqil bir dövlət kimi bu təşkilata daxil olmaqla həm təşkilatın üzvlərinin sayını artırmış olur, həm də iqtisadi əməkdaşlıq sayəsində uğurlarının daha da böyüməsinə şərait yaradır”.
“D-8-in uğurlarının artması üçün Azərbaycan əlindən gələni edəcək”
Deputat tarixə nəzər salaraq əlavə edib ki, Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çətinlikləri üzücü oldu: “Əslində o, bərpa olunan müstəqilliyin şirinliyini dada bilmədi, erməni tərəfi havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi və Azərbaycan xalqının 1 milyonu həm Qərbi Azərbaycandan qovuldu, həm də Qarabağ və Zəngəzurdan öz tarixi torpaqlarından çıxarılaraq qaçqın və köçkün həyatı yaşağa məcbur edildi. O zaman təbii ki, elə bu müsəlman dövlətlərin Azərbaycana kömək edəni də oldu, Azərbaycanın haqqını görməyəni də oldu. Amma son nəticə o oldu ki, Azərbaycan dövlətinə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 gün ərzində düşmən darmadağın edildi və 100 il bundan əvvəl 1923-cü ildə yaradılan Muxtar qurum 2023-cü ilin sentyabrında tarixdən silindi. Bununla Azərbaycan öz suveren ərazisinin sahibi oldu”.
Professor D-8-ə ölkəmizin üzvlüyünün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkəmləndirəcəyinə əmin olduğunu deyib: “Çünki Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən bir dövlətdir və dünyanın ədaləti üçün hətta Avropanın 10 dövlətinə enerji verir, enerji yolları Azərbaycan ərazisindən keçir və gələcəkdə də D-8-in uğurlarının artması üçün Azərbaycan əlindən gələni edəcək”.
“Bu məqsədlə qarşılıqlı fəaliyyət göstərək”
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan başqa dövlətlərlə münasibətini beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurur: “Biz konstitusion niyyət olaraq da bəyan etmişik ki, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşayaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərək”.
Deputat qeyd edib ki, ölkəmiz uzun illər ərzində beynəlxalq hüquq normalarına münasibətdə ikili standartların hökm sürdüyü situasiyadan əziyyət çəkən bir dövlət olaraq başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi, eyni zamanda, beynəlxalq münaqişələrin həlli üsulu kimi həmişə müharibələri rədd edib və tarixin heç bir dövründə dialoqa inamını itirməyib: “Eyni zamanda, Azərbaycan Respublikası 30 ildən artıq bir müddətdə ərazisi işğal və təcavüzdə olduğu bir dövrdə məruz qaldığı ikili standartların əvəzinə beynəlxalq hüququn işləkliyini arzu edib, öz hərbi-siyasi imkanları və gücü hesabına işğala son qoyaraq suveren haqlarını bərqərar etdikdən sonra belə hüququn aliliyinin rəhbər tutulmasına tərəfdar çıxıb. Fəaliyyət prinsipləri münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, ikili standartlar əvəzinə hüquq, istismar əvəzinə kooperasiyalar, zülüm əvəzinə demokratiya, diskriminasiya hüquq bərabərliyi olan D-8-ə üzvlük bu dəyərli illər ərzində praktik olaraq bölüşən Azərbaycan üçün xüsusi göstərici tələb etmirdi”.
“D-8-ə üzvlük çoxşaxəli perspektivlər vəd edir”
O həmçinin bildirib ki, eyni zamanda, D-8 üzvlərinin Azərbaycanın bu ali niyyətlər istiqamətinə mövqeyinin səmimi olduğuna şübhə etmirdilər: “Qeyd edilənlər fonunda Azərbaycanın "Müsəlman səkkizliyi"nə daxil olması qarışısında maneənin çıxmayacağı gözlənilən idi. Təbii ki, indiki məqamda qarşıda duran əsas sual D-8-ə daxil olmaqla Azərbaycanın nəyi qazanmasıdır. Öncə qeyd edək ki, İslam dünyasının ən güclü beynəlxalq subyektlərinin, eyni zamanda, əhali, ərazi və təbii sərvətlər baxımından geostrateji imkanlara malik dövlətlərin platforması, heç şübhəsiz ki, Azərbaycan üçün geniş siyasi imkan deməkdir. Bu platformada ortaq qənaətə gəlinən məsələlər üzrə artıq 9 müsəlman dövləti istisnasız olaraq eyni mövqedən çıxış edə biləcək. Bundan başqa, dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın orta dəhliz boyu artan rolu və ölkəmizin nəqliyyat habına çevrilməsi D-8 çərçivəsində Azərbaycana investisiya maraqlarının artması, həmçinin iqtisadi əməkdaşlıq şəbəkəsinin genişlənməsi labüd reallıq kimi görünməkdədir. Azərbaycan D-8-ə üzvlüyü birmənalı şəkildə ölkəmizin mühüm naliyyətlərindən biridir və çoxşaxəli perspektivlər vəd edir”.
“Bu üzvlük ölkəmizin indiyə qədər apardığı siyasətin müsbət nəticəsidir”
Politoloq Elşad Həsənov vurğulayıb ki, dünyanın dörd bir yanında müharibələr getdiyi bugünkü zamanda Azərbaycan azadlıq adası kimi tanınır, sevilir: “Azərbaycanın illər əvvəl İslam Əməkdaşlıq Təşkilatına üzv olması, həmçinin bir neçə gün öncə dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən tədbirdə Azərbaycanın Baş nazirinin iştirak etməsi və Azərbaycanın D-8-ə üzv olması, doğrudan da ölkəmizin indiyə qədər apardığı siyasətin müsbət nəticəsidir. Həmin ölkələr böyük dövlətlərdir və dünyada həm İslam həmrəyliyinin güclənməsində, İslam dəyərlərinin dünyada təbliğində rolları böyükdür. Avropada, Amerikada İslam deyəndə müəyyən mənada terroristlər, özlərinin hazırladıqları terrorist qruplar nəzərdə tutulur. Ancaq İslam dəyərləri, İslam dini daha güclü, daha dünyəvi dindir. Bu din xalqlar arasında dostluğu, bir-birinə zülm etməməyi, sülh şəraitində yaşamağı, insanların bir-birinə dəstək olmasını təbliğ edir”.
“Azərbaycan öz sözünü deyəcək”
E.Həsənov qeyd edib ki, bu səbəbdən Azərbaycanın D-8-ə və İslam Əməkdaşlıq Təşkilatına üzv olması çox önəmlidir: “Bu əsasən iqtisadi təşkilatdır, buradakı ölkələr iqtisadi sahədə əməkdaşlıq üçün siyasət yürüdür. Hesab edirəm ki, Azərbaycan daha güclü olması üçün bu ölkələrlə əməkdaşlıq edəcək. Onu da qeyd edim ki, bu gün dünya siyasi arenasında, xüsusilə Suriyada olan hadisələrdə Türkiyənin önəmi daha da böyüdü və bu gün bəzi bədxah qonşularımız hesab edir ki, məhz Türkiyənin sayəsində Suriya Milli Ordusu Əsəd rejiminə və onun arxasında duran İran, Rusiya qüvvələrinə qalib gəldi və indi də Cənubi Qafqazda Türkiyə böyük söz sahibinə çevriləcək. Bu yöndə də onlar narahatlıqlarını bildirirlər”.
Politoloq bundan sonra həm Yaxın Şərqdə, həm Cənubi Qafqazda, eləcə də Orta Asiyada söz sahibinin türk dövlətləri olacağını bildirib: “Bizim də məramımız, məqsədimiz digər xalqlarla xoş qonşuluq münasibətində yaşamaqdır. Heç kimin torpaqlarında gözümüz yoxdur, öz torpaqlarımızı da heç kimə verəsi deyilik. Bu müttəfiqlik bundan sonra daha da güclənəcək, Azərbaycan da həmişə olduğu kimi burada da öz sözünü deyəcək”.
“Azərbaycan bu önəmli platformada böyük uğurlarla təmsil olunacaq”
Politoloq Tural İsmayılov Azərbaycanın D-8 kimi önəmli bir platformada böyük uğurlarla təmsil olunmağa başlayacağını bildirərək əlavə edib ki, ölkəmizin bütövlükdə artan siyasi nüfuzu, qlobal siyasi münasibətlər sistemində Azərbaycan faktorunun ön plana gəlməsi cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti nəticəsi kimi nəzərdən keçirilməlidir: “Azərbaycan D-8-ə üzv olan ölkələrlə çox güclü əlaqələrə malikdir. Ölkəmiz özəlliklə D-8-in özəyini təşkil edən Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə malikdir. Eyni zamanda, D-8-də vacib iqtisadi həlqəni təşkil edən Pakistanla da Azərbaycanın çox yüksək və kifayət qədər güclü əlaqələri mövcuddur. Bu əlaqələr kontekstində Azərbaycanla D-8 arasındakı münasibətlərin daha da dərinləşməsi, ölkəmizin mövqelərinin güclənməsi fonunda Azərbaycanın D-8-ə üzv qəbul edilməsi bizim beynəlxalq münasibətlər sistemindəki güclü mövqelərimizin növbəti göstəricilərindən biri kimi dəyərləndirilə bilər”.
“Azərbaycanın üzvlüyü D-8-i gücləndirəcək”
Politoloq ölkəmizin D-8-ə üzvlüyünün təkcə Azərbaycan üçün yox, D-8-in özü üçün də çox vacib olduğunu deyib: “Azərbaycanın üzvlüyü D-8-i təşkilat olaraq daha da gücləndirəcək. Bu təşkilata üzv olan İslam coğrafiyasının vacib ölkələri iqtisadi baxımdan yeni gələcək layihələri bu önəmli platforma çətiri altında daha da inkişaf etdirə biləcəklər. Bu gün dünyada islamafobiyanın artması, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, haqsız və ədalətsiz yanaşmaların güclənməsi fonunda D-8 kimi təşkilatların önəmi daha da artır”.
Röya İsrafilova