“Xalqın faciəvi günlərində onlar kənarda dayanıb” - deputat Gündəm

“Xalqın faciəvi günlərində onlar kənarda dayanıb” - deputat

“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktau ərazisində qəzaya düşməsi böyük faciədir. Bütün həlak olanlara Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə baş sağlığı veririk. Bu hadisədən hamımız kədərlənmişik, sarsılmışıq, amma eyni zamanda, içimizdə bir təsəlli var ki, bu sərnişinlərin içərisində sağ qalanlar da var. Bu, bizi ümidləndirir. Çünki belə qəzalarda adətən ölüm faktı təxminən 100 faizə bərabər olur. Bu qəzada bütün sərnişinlərin həlak olmaması təsəlli ola biləcək əsas faktlardan biridir. Bu hadisədən xalqımız kədərlənib, xalqımız həm də onu görür ki, Azərbaycanda müəyyən siyasi dairələr bu faciənin özündən də siyasi spekulyasiya predmeti olaraq istifadə etmək istəyir. Azərbaycanda olan 26 siyasi partiyadan 24-ü birgə bəyanat verərək ölənlərə Allahdan rəhmət diləyib, öz kədərini ifadə edib və Azərbaycan dövlətinin yanında olduqlarını söyləyiblər və imkanları daxilində bu faciənin aradan qaldırılması prosesinə töhfə vermək istəklərini ortaya qoyublar. Yəni birlik nümayiş etdiriblər və hər birimizi də birliyə çağırıblar”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, bu reallıqda 2 siyasi partiya həmişə olduğu kimi bu proseslərdən kənardadır: “Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır. Xalqın faciəvi günlərində belə onlar kənarda dayanıblar. Təkcə kənarda dayanmayıb, cürbəcür yalanlar, iftiralar, dezinformasiyalar, saxta xəbərlər yayırlar. Sonra məlum olanda ki, bunların heç bir sosial bazası yoxdur, xalqın bu siyasi partiyalara heç bir etimadı yoxdur, təəccüblənirlər. Xalqın ən ağır günlərində siz yanında olmayanda xalqın sizə münasibəti necə olmalıdır? II Qarabağ müharibəsində kənarda qaldınız. Bu proseslərə, bizim qələbəmizə töhfə vermədiniz, əksinə, uğurlarımızdan yuxularınıza haram qatıldı, antiazərbaycan dairələrinin yanında yer aldınız. Dövlətimizin yanında deyil, Azərbaycan əleyhinə olan qüvvələrin maşası rolunu oynadınız və indi bu faciəli günlərdə də kənardasınız. Dövlətin, dövlətçiliyin, xalqın yanında olan, birgə bəyanatla çıxış edən partiyaların mövqeyini paylaşmırsınız. Kənarda siyasi yalquzaq həyatı yaşayırsınız”.

Deputat onların guya quru sərhədlər açıq olsaydı, bu faciə yaşanmazdı düşüncələrini gülünc iddia adlandırıb: “Əvvəla, dünya təcrübəsində çoxsaylı təyyarə qəzaları var və bu qəzalar məhz sərhədlərin açıq olduğu reallıqda baş verib. Bir anlıq təsəvvür edin ki, təhlükəsizlik problemləri ilə bağlı heç bir narahatlığımız yoxdur və quru sərhədlər də bu səbəbdən açıqdır. Buna nə deməkdir? Quru sərhədlər açıqdırsa, avtomobillər işləyirsə, deməli, Azərbaycan hava yolları bağlanmalı idi? Daha təyyarə uçuşlarına ehtiyac qalmamalı idi? Bu, harada görünüb? Bir neçə ildir quru sərhədlər bağlıdır, amma hər zaman AZAL-dan uçuşlar həyata keçirilir. Kim istəyir təyyarə ilə uçardı, kim istəyir quru yolla gedərdi. Quru sərhədlərinin bağlı olmasının buna aidiyyəti varmı? Aidiyyətin olmasını isə tapmaq istəyən qüvvələr var. Onlar hər vasitə ilə çalışırlar ki, xalqı çaşdırsınlar, ictimai fikri başqa məcraya yönəltsinlər. Xalqımız isə müdrikdir, xalqın gözü tərəzidir və xalq bir daha əmin oldu Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiya əslində bu millətin, xalqın düşmənləridir”.

O əlavə edib ki, bizim düşmənlərimiz olan Ermənistan dövləti və hətta onun siyasi-hərbi rəhbərliyi belə Azərbaycan xalqına baş sağlığı verir: “Dünənki düşmənlərimiz belə fərqli bir mövqe ortaya qoyur. Bu partiyalar və onların “liderlər”i ermənidən də çox ermənidirlər. Bu, bir həqiqət, aksiomdur. Bunun xüsusi sübuta ehtiyacı yoxdur”.

Röya İsrafilova