“İctimai fikri çaşdıra biləcək açıqlamalardan uzaq olmaq lazımdır” - deputat Gündəm
“Dünən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı bəyanat yaydı. Bu, birinci dəfə deyil. Bir neçə dəfə Azərbaycanda fəaliyyət göstərən partiyaların bu kimi məsələlərə çevik, operativ reaksiya verdiyini görmüşük. 24 partiya bu bəyanata qol çəkib, öz mövqelərini bildiriblər. Bu da Azərbaycanda ümummilli məsələlərdə hər kəsin vahid mövqedə olduğunu və dövlətin marağını dəstəklədiyini göstərir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.
Deputat əlavə edib ki, təəssüflə qeyd etmək lazımdır ki, həmin partiyalar içərisində 2 partiya - Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası yoxdur: “Hesab edirəm ki, bu partiyalar da o sənədə qol çəkməli və dövlətin yanında olmalı idilər. Təəssüf ki, bəzi partiyalar, quruluşlar, sosial şəbəkədə olan qruplar baş verən hadisəni birbaşa Azərbaycan dövlətinin üstünə yıxmağa çalışırlar. Bu məsələni quru sərhədlərin bağlı olması ilə əlaqələndirməyə çalışmağın özü məsələyə ədalətsiz yanaşmanın göstəricisidir. Guya quru sərhədlər açıq olsaydı, hadisə baş verməyəcəkdi? Təyyarə qəzasının bu məsələ ilə heç bir əlaqəsi və bağlılığı yoxdur. Məsələnin mahiyyəti ondadır ki, bu, bir qəzadır. Quru sərhədlər açıq olsa da eyni hava reysləri olub, olacaq. Bu məsələni bir-birinə əlaqələndirməyə ehtiyac yoxdur”.
C.Məmmədov bu insanların, partiyaların, qurumların ictimai rəyi çaşdırmaq, milli birliyimizi və həmrəyliyimizi pozmağa çalışdıqlarını vurğulayıb: “Bu, qəbul edilməz bir yanaşmadır. Yəni bu gün hər kəs dövlətin yanında olmalı, ictimai fikri çaşdıra biləcək açıqlamalardan, yanaşmadan, mövqedən qəti şəkildə və birmənalı formada uzaq olmalıdır. Bu formada yanaşmanı, mövqeni sərgiləməməlidirlər. Bu mövqedə hər kəsin diqqətli olmasına və sağlam, düzgün mövqe bildirməsinə böyük ehtiyac var. Yəni bir daha qeyd edirik ki, bu, ümummilli bir məsələdir və bu məsələdə vahid mövqe, yanaşma olmalıdır. Vahid yanaşma olmadan burada nədənsə söhbət gedə bilməz. Ona görə də hər kəs bu yanaşmanı və mövqeni nəzərə almalıdır və vahid maraqdan çıxış etməli, vahid mövqeni ortaya qoymağı bacarmalıdır. Burada söhbət ölkəmizin üzləşdiyi bir faciədən gedir və bu faciəyə hamı ədalətli mövqe bildirməlidir. Hər kəs dövlətin yanında olmağı bacarmalıdır. Hesab edirik ki, burada başqa bir mövqenin olmasından söhbət getməməlidir. Hər kəs bu mövqedə ədalət prinsipini qorumalıdır. Həmçinin söhbət dövlətimizin maraqlarından, dövlətimizin həyata keçirdiyi siyasətdən gedir. Bu siyasətdə hər kəsin diqqətli olmasına ciddi bir ehtiyac və zərurət var. Bunu hamı nəzərə almalıdır”.
Röya İsrafilova