“İşğaldan azad olunmuş ərazilərimiz inkişafı ilə hər kəsi heyran edəcək” Gündəm

“İşğaldan azad olunmuş ərazilərimiz inkişafı ilə hər kəsi heyran edəcək”

“İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış davam edir. Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Y.Bağırzadə qeyd edib ki, bu gün işğaldan azad olmuş ərazilərimizə yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir: “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunması, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir”.

Politoloq əlavə edib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir: “Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir.
Keçən dövr ərzində delimitasiya və demarkasiya prosesi çərçivəsində Qazax rayonun işğal altında olan kəndlərinin qaytarılması və indi də anklavda olan kəndlərimizin geri qaytarılması istiqamətində həyata keçirilən fəaliyyət şübhəsiz ki, dövlət başçısının qəti iradəsi və prinsipial mövqeyinin sayəsində mümkün olub. Ermənistan tərəfinin vaxt qazanmaq üçün ortaya atdığı bütün manelərə, bəhanələrə, eləcə də erməni havadarlarının ölkəmizə qarşı təzyiqlərinə baxmayaraq məhv bu qəti iradə Paşinyan hakimiyyətini müvafiq addımlar atmağa məcbur etdi. Artıq hər kəs əmindir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi kimi "Böyük Qayıdış" layihəsini də uğurla həyata keçirəcək və işğaldan azad olunmuş ərazilərimiz öz gözəlliyi və inkişafı ilə hər kəsi heyran edəcək”.

Röya İsrafilova