“Ter-Petrosyanın sözləri özü-özünü ifşa etməkdən başqa bir şey deyil” Gündəm
“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın son açıqlaması həm Ermənistanda, həm də Azərbaycanda geniş şəkildə müzakirə olunur. O, Ermənistanda 170 min azərbaycanlı olduğunu qeyd edir. Bu, doğru rəqəm deyil. Çünki bu statistikanın minimum 250 min, maksimum 500 min arasında olduğu deyilir. Bunun sadə sübutu da budur ki, 1988-ci ildən sonra Azərbaycana gələn Qərbi Azərbaycanlıların artımına baxsaq birdən-birə bu qədər kəskin artım ola bilməzdi. Deməli, onların sayı çox idi ki, sonradan ikiqata çıxdı”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
T.Rzayev əlavə edib ki, bu baxımdan qeyd olunan say nisbəti çox cılızdır: “Ermənilər deyirlər ki, guya onlar Qarabağda 120 mindən çox olublar. Amma azərbaycanlıların sayını 170 min göstərirlər. Bu, ümumiyyətlə, demoqrafik olaraq tərs mütənasib bir şeydir. Məntiqlə baxanda Ermənistan da, Azərbaycan da müstəqil olarkən Ermənistanın 3 milyona yaxın, Azərbaycanın isə 5 milyona yaxın əhalisi vardı. Amma Ermənistanın hazırkı əhalisi yenə 3 milyondur, Azərbaycanın əhalisi isə 10 milyondur. Yəni məntiqlə Qarabağdakı ermənilərin sayı 120 min, ancaq Qərbi azərbaycanlıların sayı Ermənistanda 170 min ola bilməzdi. Çünki Qərbi azərbaycanlılar Ermənistanda yaşadıqları dövrdə onların artım dinamikası daha çox idi”.
Politoloq vurğulayıb ki, L.Ter-Petrosyanın sözlərindən bunu anlamaq olar ki, əslində ermənilərin qorxuları ənənəvi xof və üzləşdikləri etnik psixoloji problemlə bağlıdır: “Azərbaycanlıların ermənilərlə heç bir ədavəti olmayıb. Tarixə də baxdıqda ancaq ermənilərin azərbaycanlılara qarşı soyqrımının şahidi oluruq. Hətta onların iddia etdiyi erməni soyqırımı belə yenə ermənilərin özü ilə bağlı olan bir şeydir. Yəni burada heç bir türk faktoru yoxdur. Bizim heç zaman ermənilərə qarşı kin-küdurətimiz, ədavətimiz olmayıb. Hətta deyə bilərəm ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətində belə erməni deputatlar vardı. Amma gəlin görək Ermənistan Respublikasında nə qədər azərbaycanlı deputat vardı? Yox idi. Çünki onlar azərbaycanlıları xalq olaraq belə saymırdılar və onsuz da burada qalmayacaqlarını, soyqırım edib onları buradan qovarıq deyə planlayırdılar. Ona görə də bizə heç təmsilçilik hüququ da verməmişdilər. Bizim ermənilərə göstərdiyimiz mövqe ilə onların bizə göstərdikləri mövqedə kəskin fərq əslinə qalsa bariz şəkildə sübutlarla görünür. Ter-Petrosyanın bu müsahibəsi bir daha özü-özünü ifşa etməkdən başqa bir şey deyil”.
Röya İsrafilova