“Bu məsələlər beynəlxalq ictimaiyyətin daima diqqətində saxlanılmalıdır” Gündəm

“Bu məsələlər beynəlxalq ictimaiyyətin daima diqqətində saxlanılmalıdır”

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dilindən səsləndirilən fikirlər, yəni Ermənistan hakimiyyətinin istər Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, istərsə də Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı bu siyasətin aparılması ilə bağlı fikirləri "Yerkpara" terror təşkilatının nümayəndələri ilə görüşdə bildirməsi hesab edirəm ki, kifayət qədər açıq şəkildə ermənilərin birinci şəxsin dilindən azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinin aparılmasının bir göstəricisi kimi dəyərləndirilə bilər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.

Politoloq vurğulayıb ki, biz əvvəllər bu halı dünya ictimaiyyətinə bağırsaq da, amma çox təəssüf ki, səsimizi eşitmək istəmirdilər: “Hətta bizi ermənilərə qarşı qarayaxma kampaniyasında günahlandırmaq istəyirdilər. Guya biz qarayaxma kampaniyası yürüdürük. Amma bu gün Levon Ter-Petrosyanın dilindən o sözlərin yayılması bir daha Azərbaycanın və azərbaycanlıların öz doğma yurd-yuvalarından məcburi köçkün düşməsinə səbəb olduğunu göstərmiş olur”.

S.Hümbətov əlavə edib ki, eyni zamanda, Ter-Petrosyanın dilindən Göyçənin, Zəngəzurun və digər ərazilərin Azərbaycanın əzəli və əbədi torpaqları olduğu fikrinin təsdiqlənməsi bu gün azərbaycanlıların doğma yurd-yuvalarına qayıdışı üçün beynəlxalq hüquq baxımından imkan yaradır: “Düşünürəm ki, bundan maksimum dərəcədə Azərbaycan istifadə etməlidir. Bu məsələ dünya ictimaiyyətində qaldırılmalıdır. Bu, sübutdur, faktdır. Bunu heç bir formada gizləmək olmaz. Onsuz da illərdir bunu deyirdik, əlimizdə sübutlar da vardı. Amma bunu Ermənistan prezidentinin öz dilindən səsləndirməsi Ermənistanın terrorçu və təcavüzkar siyasət yürüdən, terroru dəstəkləyən dövlət olduğunun göstəricisidir. Bununla Ermənistan azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliam, terror, işgəncə, soyqırım, etnik təmizləmə və bütün bu tipli ən ağır işgəncələrin tətbiq edildiyi bir dövlət kimi dünyaya özünü göstərmiş oldu. O baxımdan düşünürəm ki, bu gün Azərbaycanı guya Qarabağda etnik təmizləmə aparmaqda günahlandıran və bu cür ifadələr işlətməyə çalışan güclərə də bunu nümayiş etdirmək lazımdır. Hesab edirəm ki, bu məsələlər beynəlxalq ictimaiyyətin daima diqqətində saxlanılmalıdır”.

Röya İsrafilova