“PKK-ya yeni Suriyada yer yoxdur” Gündəm

“PKK-ya yeni Suriyada yer yoxdur”

“PKK terror təşkilatı daha çox imperialistlərin bölgə ilə bağlı hesablarının bir parçasıdır. Yəni bu təşkilat ABŞ-nin, Qərb dünyasının, İsrailin proksi gücü olaraq görülməlidir. Onlar əsasən də Türkiyənin ərazi bütövlüyünü təhdid etmək, Yaxın Şərqdə yeni xaos planları icra etmək üçün bu cür terror təşkilatlarından istifadə etdilər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu deyib.

O əlavə edib ki, ancaq yeni dövrün Yaxın Şərqdə dominant, birləşdirici bir gücü Türkiyədir: “Türkiyə tələblərini açıq şəkildə portaya qoyub. PKK-ya yeni Suriyada yer yoxdur. Silahları bir an öncə təhvil verməlidirlər və Suriyanın ordusuna daxil olacaqlar daxil olmalıdır. Diviziya və ya kompakt bir terror qrupunun Suriya ordusunun tərkibinə keçirilməsi kimi tələblər ortaya qoyulmamalıdır. Bu ola bilməz. Vahid unitar bir Suriya dövlət yapısı gələcəkdə davam etməlidir. Türkiyənin də, yeni Suriya hakimiyyətinin də tələbi bundan ibarətdir”.

T.Nüsrətoğlu vurğulayıb ki, PKK-nın arxasındakı qüvvələr də anlamalıdırlar ki, artıq geosiyasi vəziyyət dəyişib, onlar terror təşkilatını himayə edərək heç bir yerə vara bilməyəcəklər: “Türkiyə artıq tələblərini ortaya qoyub. Könüllü şəkildə təhvil verməsələr, yeni Suriya hökumətinin və Türkiyənin birgə həyata keçirəcəkləri əməliyyatlarla o terror qruplaşmaları Suriyada ləğv ediləcək. Bunun başqa bir yolu yoxudr. Qərb ölkələri indiyədək o terror qruplarından Türkiyəyə qarşı istifadə ediblər. Bir tərəfdən Türkiyənin NATO müttəfiqi kimi gördüklərini bəyan edib, digər tərəfdən də Türkiyənin ərazi bütövlüyünə, milli təhlükəsizliyinə təhdid yaradan bu cür qrupları himayə etməyə çalışıblar. Artıq yeni dövrdə bu, mümkün olmayacaq və Qərb də Türkiyənin Yaxın Şərq, Balkan, Orta Asiya, Qafqaz coğrafiyasında dominant bir güc olduğunu qəbul etmək məcburiyyətində qalacaq”.

Röya İsrafilova