“Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanda prioritet məsələlərdən biridir” Gündəm

“Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanda prioritet məsələlərdən biridir”

“Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanda prioritet məsələlərdən biridir. Keçmiş məcburi köçkünlərimizin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtması, Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış həmin ərazilərimizin bərpası, yenidən qurulması praktik olaraq intensiv bir şəraitdə həyata keçirilir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Deputat əlavə edib ki, Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 19 milyard manata yaxın vəsait xərclənib: “2025-ci ilin proqnozunu nəzərə alsaq bu, o deməkdir ki, II Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 23 milyard manat vəsait xərclənəcək. Bütün bunlar Azərbaycan dövlətinin büdcəsi, daxili maliyyə mənbələri hesabına baş verir. Ona görə də bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirir. Təbii ki, bunlar bir tərəfdən həmin ərazilərimizin bərpası, yenidən qurulması, digər tərəfdən həmin ərazilərimizin iqtisadiyyatının formalaşması, reinteqrasiyası üçün yeni imkanlar yaradıb. Həmin ərazilərimizin kifayət qədər böyük potensialı var”.

V.Bayramov həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının yenidən formalaşması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası həm də bütövlükdə dayanıqlı iqtisadi artımın qorunması və dəstəklənməsi baxımından vacibdir.

Röya İsrafilova