“Ermənistan bunun ağır nəticələrini görə bilər” Gündəm

“Ermənistan bunun ağır nəticələrini görə bilər”

“Ölkə başçısı cənab İlham Əliyev ənənəvi hal almış ilin əvvəlində televiziya kanallarına müsahibəsində bir çox məsələlərə toxundu. Bu məsələlər ölkə, qlobal, regional anlamdakı problemləri, gözləntiləri əhatə edir. Düşünürük ki, Azərbaycan Prezidenti kimi cənab İlham Əliyev hər bir fikri ilə bütün faktları özünəməxsus tərzdə şərh etməklə dünyanı düşündürən məsələlərdə kifayət qədər tutarlı, məntiqli fikirlər söyləməklə müsahibələrində hətta dünyanın diqqətini cəlb edir. Bu da təbii ki, hər birimizi bir azərbaycanlı kimi qürurlandırır. Dünya xəritəsinə baxsaq Azərbaycan çox da böyük olmayan ölkələr sırasındadır. Ölkəmiz Cənubi Qafqazın lider ölkəsidir, amma dünyanın kiçik ölkələrindən biri sayılır. Lakin onun lideri, Prezidentinin qlobal nüfuzu və dünya liderlərinin sırasındakı möhkəmlənmiş mövqeyi onun hər fikrini demək olar ki, dünyada tirajlandırır, o cümlədən cənab İlham Əliyevin ağıllı, düşünülmüş, qətiyyətli siyasəti təbii olaraq xalqımıza da ciddi təsir göstərir. Biz 2020-ci ildə II Qarabağ müharibəsindəki şanlı qələbəmizdən və 2023-cü ildə 1 günlük antiterror əməliyyatından sonra suverenliyimizi tam bərpa edərək dünyanın ən qürurlu xalqına çevrilmişik”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

V.İskəndərov Prezident İlham Əliyevin öz müsahibəsində bir çox maraqlı məqamlara toxunduğunu qeyd edərək əlavə edib ki, onlardan biri də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı idi: “Ölkə başçısı əvvəla Ermənistanın məğlubiyyətindən 4 il keçməsinə baxmayaraq hələ də sülh müqaviləsi imzalamamasındakı anlaşılmaz mövqeyindən danışdı. Prezident həmçinin son zamanlar bizi qayğılandıran məsələlər kimi Ermənistanın sürətlə silahlanmasını misal çəkdi. Əgər sülh istəyirsənsə, nəyə görə sürətlə silahlanırsan? O silahların böyük əksəriyyəti öldürücü silahlardır. Təbii olaraq cənab Prezident bu məsələlərin arxasında duran qüvvələri də qeyd etdi, Ermənistanı dəstəkləyən ölkələr haqqında da danışdı. Prezident vurğuladı ki, Ermənistan unutmasın ki, Azərbaycanın gücü, qətiyyəti yerindədir və Ermənistan hər hansı xam xəyallara düşərsə, bunun ağır nəticələrini görə bilər. Azərbaycan sülh istəyir. Biz bölgədə dayanıqlı sülhün tərəfdarıyıq, lakin son zamanlar Ermənistanın ritorikasının dəyişməsi, silahlanması, xam xəyallara düşməsi onlara baha başa gələ bilər”.

Röya İsrafilova