“Sosial məsələlər hər zaman dövlətin diqqətindədir” Gündəm

“Sosial məsələlər hər zaman dövlətin diqqətindədir”

“Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni ölkə liderinin seçicilər qarşısında növbəti hesabatı hesab etmək olar. Azərbaycan dövlətçilik təcrübəsində dövlət başçısının vaxtaşırı mətbuata ölkə qarşısında duran bütün məsələlərlə bağlı geniş məlumat verməsi artıq bir ənənəyə çevrilib. İlin başlanğıcında cənab Prezidentin ötən ilə yekun vurması, Azərbaycanın rastlaşdığı, həll etdiyi və həll edəcəyi məsələlərə mövqeyi tamamilə şəffaf və aydın idi”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

A.Mirzəzadə diqqətə çatdırıb ki, ilk növbədə cənab Prezidentin iqtisadi məsələlərə toxunması Azərbaycan iqtisadiyyatının inkişafına dövlət başçısının necə diqqət yetirdiyini göstərir: “Müstəqillik qazandıqda Azərbaycan iqtisadiyyatının mütləq əksəriyyət hissəsini neft sektoru təşkil edirdi. Amma aparılan düşünülmüş siyasət nəticəsində qeyri-neft sektoru durmadan artır. Bu gün Azərbaycan regionlarının inkişaf sürəti paytaxt Bakıdakından daha sürətlidir. Yeni iş yerləri yaradılır, büdcəmiz ildən-ilə artır. 2025-ci il üçün büdcə rekord şəkildə 40 milyard manata bərabər olacaq. Eyni zamanda, minimum əməkhaqları, müavinətlər, pensiyalar vaxtaşırı artır".

Deputat qeyd edib ki, cənab Prezident müsahibəsində bu gün gəlirlərimizin əsas hissəsinin müdafiə sektoruna və işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldildiyini bildirdi: "Bunu onsuz da seçicilər yaxşı bilirdilər və bu siyasəti dəstəkləyirlər. Görülən işlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə infrastruktur tamamilə yenidən qurulub. Qısa bir zamanda 10 yaşayış məntəqəsi bərpa edilib və orada 10 minə qədər insan yaşayır. Bu il isə öz dədə-baba torpaqlarına qayıdanların sayı iki dəfə artaraq ümumən 30 minə çatacaq”.

A.Mirzəzadə həmçinin vurğulayıb ki, cənab Prezidentin iqtisadi qüdrətimiz artıqca sosial proqramlara daha çox vəsait ayrılacağını, minimum əməkhaqqlarının artacağını vurğulaması bir daha yəqin edir ki, sosial məsələlər hər zaman dövlətin diqqətində olacaq.

Röya İsrafilova