“Əlcəzairlilər ədalətin bərpa olunmasına nail olacaq” Gündəm

“Əlcəzairlilər ədalətin bərpa olunmasına nail olacaq”

“Makron Fransasının xarici siyasəti istər Sakit okean adalarında, istər Afrikada iflasa uğramaqdadır. Amma Makron xarici siyasətinin aqressiv prioriterlərindən biri olan Qafqaz siyasəti və xüsusən postsovet məkanında özünə yeni koloniyalar düzəltmək siyasəti Azərbaycanın sayəsində iflasa uğrayıb”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat əlavə edib ki, bu gün Fransa təsir imkanlarını sadəcə Avropa İttifaqının bəzi institutları vasitəsilə həyata keçirməyə cəhd göstərir: “Bu da uğursuz alınır. Doğrudur, Ermənistanı silahlandırır, birtərəfli qaydada Ermənistan Avropa İttifaqı münasibətlərinə yeni keyfiyyət forması verməyə çalışır. Amma bu da real hərəkətlərlə nəticələnmir. Çünki artıq Avropada da Fransanın mövqeyinin nədən ibarət olduğu hər kəsə aydındır. Buna paralel olaraq Afrika ölkələri ilə də Fransanın ənənəvi münasibətləri korlanmağa başlayır. Bu da heç şübhəsiz ki, Makron Fransasının haqsız, ədalətsiz və aqressiv mövqeyi ilə bağlıdır. Elə bir neçə gün bundan öncə orta Afrika ölkələrindən Fransanın sonuncu əsgərinin çıxarılması da, əlbəttə ki, bu ölkənin xarici siyasətinə zərbə oldu”.

H.Babaoğlu diqqətə çatdırıb ki, hazırda Fransanın Əlcəzairlə olan münasibətləri yenidən gərginləşməyə başlayıb: “Əlcəzair Afrikanın ən inkişaf etmiş ölkələrindən biri kimi həm də Fransanın işğalçılıq siyasətindən uzun illər ən ciddi şəkildə ziyan çəkmiş ölkədir. Əlcəzairli milyonlarla günahsız insan Fransa tərəfindən öldürülüb, Fransa vəhşiliyinin bütün təzahürlərini yaşayıb. Ona görə də bu ölkələr arasında münasibətlərin gərginləşməsindən daha təbii heçnə ola bilməz. Düşünürəm ki, əlcəzairlilər ədalətin bərpa olunmasına nail olacaq. Fransızlar Əlcəzairdə elə bir soyqırım törədiblər ki, bu, heç zaman unudulan deyil. Ona görə də düşünürəm ki, bu münasibətlərin kəskinləşməsi, şübhəsiz ki, Fransanın vaxtı ilə törətdiyi və bu gün yenə törətməyə çalışdığı aqressiv siyasətlə bağlıdır”.

Röya İsrafilova